Seyid Camal Əzimbəyli: "Prezidentin cəmiyyətə "Namazlarımızı tezliklə Şuşada, Xankəndində qılacağıq" mesajı və duası bütün inanclı insanların ürəyinə fərəh verdi"
Azərbaycanın dini mühitində 2014-cü ildə bir sıra yadda qalan hadisələr baş verdi. Bu hadisələr arasında müsbət, təqdir ediləsi hadisələrlə yanaşı, həm də dövlətə təhlükə törədə biləcək olaylar da diqqətdən kənarda qalmadı.
Bu il ərzində Azərbaycanın dini mühitində baş verən hadisələrlə bağlı münasibət bildirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, bəzi kiçik problemləri nəzərə almasaq, iqtisadi, sosial və digər sahələrdə olduğu kimi dini mühitdə də tam sabitlik olub. Onun sözlərinə görə, Azərbaycanda dinlərarası, məzhəblərarası mövcud tolerantlığın dünyanın heç bir ölkəsində olmadığının şahidi olduq: "Amma bununla yanaşı, Yaxın Şərqdə baş verən qanlı hadisələrin iştirakçısı olan terrorçu, təkfirçi qüvvələrin Azərbaycanda emissarlarının olmasının da şahidi ola bildik. Haşiyə çıxım ki, onları müsəlman adlandırmaq doğru deyil. Belə radikal terrorçu qüvvələrin ifşa olunması və zərərsizləşdirilməsi MTN-in peşəkarcasına həyata keçirdiyi əməliyyatlar nəticəsində mümkün olub. Bu əməliyyatlar nəticəsində istər Hacı Şahin Həsənliyə qarşı təhlükənin aradan qaldırılması, istərsə də Sumqayıtda təkfirçi qüvvələrin zərərsizləşdirilməsi Azərbaycanda sabitliyə dövlət tərəfindən hər zaman nəzarət edildiyini bir daha ortaya qoydu".
C.Əzimbəyli deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin maarifləndici xarakterli tədbirləri təqdir edilməlidir. Onun sözlərinə görə, DQİDK-nın sədri Mübariz Qurbanlının rəhbərliyi ilə keçirilən tədbirlər, görüşlər, dini maarifləndirmə işləri gerçək inanc adamları tərəfindən çox yaxşı qarşılanır: "O cümlədən təmsil etdiyim Qarabağ Seyid Ocaqları tərəfindən təqdir olunur. Mübariz Qurbanlının sədr təyinatından sonra həyata keçirdiyi sistemli fəaliyyət dini mühitdə öz müsbət tərəflərini göstərməkdədir. Azərbaycan dövlətçiliyinə bağlı olan bütün mənəviyyat adamları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət-din münasibətləri istiqamətində apardığı uğurlu siyasəti dəstəkləyir. Çünki komitə sədri bütün əyalətlərdə heç bir din, məzhəb, təriqət fərqi qoymadan görüşlər keçirdi. Dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu var və mən gerçək inanc sahiblərini bu quruma dəstək verməyə səsləyirəm".
Dini abidələrə, ibadətgahlara dövlət qayğısından danışan C.Əzimbəylinin sözlərinə görə, 2014-cü ildə dövlət başçısı tərəfindən atılan addımlar Azərbaycanda milli mənəvi dəyərlərin həqiqi təəssübkeşinin İlham Əliyev olduğunu ortaya qoymuş oldu: "İstər Bərdədəki İmamzadə kompleksinin yenidən inşa olunması, Gəncədəki İmamzadə kompleksinin əsaslı təmiri, istərsə də bir neçə gün bundan öncə dövlət başçısının da qatıldığı Qafqazın ən böyük məscidinin dindarların istifadəsinə verilməsi müsbət haldır. Məscidin açılışında cənab Prezidentin cəmiyyətə "Namazlarımızı tezliklə Şuşada, Xankəndində qılacağıq" mesajı və duası bütün inanclı insanların ürəyinə bir fərəh verdi".
Şərqşünas deyib ki, 2015-ci ildə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin sistemli təbliğat işi davam etdirilməlidir: "Bununla yanaşı, dövlətin dini siyasətini özündə ehtiva edən vahid dini konsepsiya hazırlanmalıdır. Çünki bəzən olur ki, dövlət-din münasibətləri ilə bağlı atılan addımlara manelər yaradılır. Amma vahid din konsepsiyasının hazırlanması və təsdiqlənməsi bu maneəni aradan qaldıracaq".
BƏXTİYAR