Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, həmçinin Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş yanğın zamanı 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.