Aprelin 25-dən etibarən Avstriyanın Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Qərargahında “Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında Nüvə Silahının Yayılmaması haqqında Müqavilə ilə əlaqədar olaraq təminatların tətbiq edilməsi barədə Saziş və ona əlavə olunmuş Protokol”un icrasında iştirakçı olan müəssisə və təşkilatların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələrinin iştirakı ilə “Nüvə materiallarının hesabatlılığı və onlara nəzarət üzrə dövlət sisteminin effektivliyinin gücləndirilməsi” mövzusunda təlimə start verilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 4 gün davam edəcək təlim AEBA və FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (FHN NRFTDA) birgə təşəbbüsü və dəstəyi ilə keçirilir.
Təlimin keçirilməsində əsas məqsədi sözügedən təminatlardan irəli gələn müvafiq sənədləşmə və hesabatlılıq sisteminin təkmilləşdirilməsi və bu sahədə vahid yanaşmanın tətbiq edilməsidir.
Tədbir AEBA-nın Təminatlar üzrə Təlimlər bölməsinin rəhbəri Susan Pikettin və Azərbaycan tərəfindən FHN NRFTDA-nın rəhbəri Nicat Əliyevin moderatorluğu ilə beynəlxalq ekspertlərin, o cümlədən FHN NRFTDA-nın nümayəndələrinin təqdimatları və praktiki məşğələlərlə keçirilir.