4 May 2023 17:11
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıtda 7 yaşlı uşağın ölümü çox təəssüf doğuran hadisədir".

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hadisə bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır: "İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə nazirliyin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək".

E.Əmrullayev qeyd edib ki, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz: "Bizim idman müəssisələrimiz, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir".

Nazir Azərbaycan qanunvericiliyində məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmadığına diqqət çəkib: "Biz də fəaliyyətimizi buna uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Hazırda sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi pozulmayıb. O, həm ali təhsilli məşqçi, beynəlxalq turnirlərin qalibi və idman ustaaı kimi tanınan şəxs olub".

E.Əmirullayev idman zalının icarəyə verilmədiyini söyləyib: "Rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada icarə, maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir".

Nazir azyaşlının məktəbli olmadığı halda məşqdə iştirak etməsinə də toxunub: "Baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir. Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu, araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər".

"Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm", - E.Əmirullayev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər