"Gəlin, etiraf edək ki, indi uşaqlar məktəbə daha az gedirlər. Misal olaraq, mən 10 il hər şənbə günü məktəbə getməklə indiki uşaqlardan iki il artıq təhsil almışam".
Teleqraf.com-un məlumatına görə, bunu Elm və təhsil naziri Emin Əmrullayevin bu gün media üçün keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, tədris ili nə qədər uzun çəksə, uşaqların gələcəyi bir o qədər yaxşı olar: "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq yay tətili müddəti var. Təhsil işçisi olaraq bildirim ki, təhsil müddəti nə qədər çox olsa, tədris o qədər yaxşı olar".
Nazir əlavə edib ki, məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olar: "Bu, sadəcə istəkdir. Tədris ili qısalsa, bizim təhsildən gözləntilərimiz azalar. Halbuki təhsildən gözləntilərimiz böyükdür".