Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə FHN-in Tibb Xidmətinin və Tibb Mərkəzinin şəxsi heyəti iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tibb Mərkəzinin rəisi tibb xidməti polkovniki Xanım Sofiyeva Ümummilli Lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin qüdrətli Azərbaycan dövlətinin yaradılması və daim gücləndirilməsi, respublikamızın dünya birliyində layiqli yer tutması, vətəndaşların rifahı naminə yorulmaz fəaliyyətindən bəhs edib. Mərkəz rəisi vurğulayıb ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən sağlamlığının təmin edilməsi Ulu Öndərin daim diqqətdə saxladığı məsələlərdən olub. Ümummilli Lider səhiyyənin inkişafına daim xüsusi qayğı ilə yanaşaraq onun maddi-texniki və kadr potensialının gücləndirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması üçün ciddi tədbirlər həyata keçirib.
“Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində tibb sahəsinə də xüsusi diqqət yetirilir”, - deyə sözünə davam edən Xanım Sofiyeva qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsi özünün yüksəliş dövrünü yaşayır. Müasir tələblərə cavab verən yeni-yeni səhiyyə ocaqları istifadəyə verilir, kadrların peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sisteminin inkişafı naminə reallaşdırdığı layihələr Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Tədbirdə digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsi, xalqın genofondunun qorunması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatların əhəmiyyətindən danışıblar.