2 İyun 2023 14:04
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidməti Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Asif müəllim, qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

- Bölgələrdə qeyri-sabit hava şəraiti iyun ayının 3-ü gündüzə kimi davam edəcək. Fasilələrlə yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

- İyun ayında hava şəraitinin qeyri-sabit keçməsi təkcə Azərbaycandamı xarakterikdir? Əvvəlki illərdə, hansı dövrdə analoji hal yaşanıb?

- Ümumiyyətlə, iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.

Böyük Qafqazın ərazisində və Qazax-Gəncə bölgəsində yağıntının normadan çox olacağı mümkündür.

May ayında hava şəraiti qeyri-sabit, yağıntılı keçdi, yağıntının miqdarına gəldikdə, demək olar ki, bütün əksər bölgələrdə yağıntı normadan çox oldu. Belə bir proses tək bizim ərazimizdə müşahidə edilmir. Region ölkələrində də qeyri-sabit hava şəraiti hökm sürür. Yəni sinoptik şəraitlə əlaqədar, ölkə ərazisinə şimal-qərb istiqamətindən soyuq hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində leysan xarakterli yağış yağıb. Hətta bəzi dağ çaylarından sel hadisəsi də müşahidə olunub.

İyun ayının ilk günlərində qeyri-sabit hava şəraiti bölgələrdə davam edəcək. Son ildə statistik məlumatlara nəzər salsaq, ən soyuq iyun ayı 2003-cü ildə qeydə alınıb. Həmin dövrdə havanın orta aylıq temperaturu iqlim normasından 1.5 dərəcə aşağı olub.

İyun ayında ən çox yağıntı 1988-ci ildə olub. Həmin dövrdə ay ərzində Bakı və Abşerona düşən yağıntının miqdarı normadan altı dəfə çox olub. Ondan sonrakı illərdə, məsələn, 1995, 1997, 2002, 2003, 2011, 2017-ci illərdə Bakıya düşən yağıntının miqdarı normadan 2-3 dəfə çox olub. Ən isti iyun ayı isə 2019-cu ildə müşahidə edilib.

Həmin dövrdə havanın orta aylıq temperaturu normadan 4 dərəcə yuxarı olub. İyun ayında ən maksimal temperatur 2020-2021-ci illərdə qeydə alınmışdı ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40.4, 41.2 dərəcə olub.

- Hansı çaylarda sel hadisəsi gözlənilir?

- İyunun 3-ü gündüzə qədər gözlənilən intensiv leysan xarakterli yağışlarla əlaqədar Balakən, Şəki, Oğuz, Qəbələ bölgəsinin ərazisindən axan Balakənçay, Katexçay, Talaçay, Şinçay, Kişçay, o cümlədən, Türyançay, Göyçay, Dəmiraparançay bu çaylardan sel gözlənilir.

Daşkəsən, Göygöl, Goranboy rayonlarının ərazisindən axan Gəncəçay, Kürəkçay, Gorançay, İncəçaydan sel gözlənilir. Eyni zamanda Ağdam rayonu ərazisindən axan Qarqarçay, Xaçınçay, Füzuli rayonu ərazisindən axan Köndələnçay, Quruçaydan da sel gözlənilir. Lənkəran, Astara bölgəsi ərazisindən axan bəzi çaylardan da qısa müddətli sel gözlənilir.

- Son zamanlar qlobal quraqlıq olacağına dair siqnal verilir, sudan qənaətlə istifadəyə çağırışlar edilir. Azərbaycanda çaylarda sululuq səviyyəsi necədir? Bizi nə gözləyir?

- Ümumiyyətlə, aprel, may, iyun ayları çaylarda gursululuq dövrüdür. Hazırda bu, davam edir. İyul, avqust ayı isə quraq olan dövrdür. Həmin dövrdə yağıntı az olur və havanın temperaturunun yüksək olması və anormal istilər nəticəsində müəyyən quraqlıq dövrü müşahidə olunur. Ona görə iyul-avqust aylarında meteoroloji şəraitdən asılı olaraq bizi hansı hava şəraitinin gözlədiyini və çaylarda sululuğun necə olacağı proqnozu iyun ayının sonunda hazırlanaraq açıqlanacaq.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər