İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Loretzon Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıb.
Teleqraf.com xəbər verir ki, səfir Tobias Loretzon Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdən sonra Tobias Loretzon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən erməni terroru barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Səfir terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.