Ermənistanda uzun illərdir Azərbaycan dili tədris olunur, dilimizi öyrədən mərkəzlər fəaliyyət göstərir. Orada əhalinin çox hissəsi Azərbaycan dilində danışa bilir. 44 günlük vətən müharibəsi göstərdi ki, erməni dilinin öyrənilməsi hibrid müharibə dönəmində daha aktualdır.
Ölkəmizdə bu dilə maraq necədir? Hansı təhsil müəssisələrində bu dil öyrədilir?
Bakı Dövlət Universitetinin (BDU) Erməni Araşdırmaları və Təlim Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi Teleqraf.com-a bildirib ki, BDU-da Tarix fakültəsinin nəzdində Qafqazşünaslıq ixtisasında təhsil alan tələbələrə erməni dili tədris olunur.
Onun sözlərinə görə, həmin tələbələrə birinci kursdan başlayaraq dördüncü kursa kimi erməni dili öyrədilir: “Bu dil BDU-da 2012-ci ildən tədris olunmağa başlayıb, amma o vaxt elmi tədqiqat laboratoriyanın nəzdində fəaliyyət göstərirdi. 2021-ci ildən müstəqil mərkəz yaradıldı, bizim mərkəzin işçilərinin 44 günlük müharibədə fəal iştirakı nəzərə alındı, universitet rəhbərliyinin göstərişi ilə Erməni Araşdırmaları və Təlim Mərkəzi formalaşdırıldı. Hazırda bu mərkəz tam müstəqil fəaliyyət göstərir.
Qafqazşünaslıq ixtisasında oxuyan tələbələrlə yanaşı hazırda Mərkəzin nəzdində ayrıca kurs açılıb və bu dili öyrənmək üçün müraciət edənlərin sayı artıq 60 nəfərdir. Kursa müxtəlif - şərqşünaslıq, beynəlxalq münasibətlər, tarix və ədəbiyyat fakültələrindən müraciət edən tələbələr var. Növbəti tədris ilində bu kurslar fəaliyyətə başlayacaq. Universitetin fakültələrində təhsil alan tələbələrlə yanaşı başqa ali təhsil müəssisələrində oxuyan tələbələr də bu kursda erməni dilini öyrənə bilər”.
Erməni dilinin tədris olunması üçün kifayət qədər vəsait varmı?
İsmayıl Tanrıverdi erməni dilinin tədrisi üçün hər növ dərslik kitablarının çap olunduğunu deyib:
“Bizim işçilərimizin tərtib etiyi əlifba və qrammatika kitabları var. 2016-cı ildə Azərbaycan tarixində ilk dəfə bizim tərtib etdiyimiz 1000 səhifəlik, 74 min söz və söz birləşməsindən ibarət azərbaycanca-ermənicə kitab çap olundu. Bu kitab bütün universitetlərə, akademiyalara və kitabxanalara paylandı. İstər əlifba, istərsə də qrammatika kitabları yetərli qədər var, ondan götürüb istifadə etmək mümkündür".
İsmayıl Tanrıverdinin sözlərinə görə, erməni dilinin tədris edə bilən savadlı kadrlar var:
“Mütəxəssislər məzunlar arasından seçilir, onlar imtahan verərək işə düzəlirlər. 2012-ci ildə biz fəaliyyətə başlayanda tələbələrin çoxu bu işə həvəssiz yanaşırdı. İndi isə erməni dilinə tələbat çoxalıb, saytlarda, əsasən də güc strukturlarında tələbat artıb”.
Azərbaycan-erməni dilinin tərcüməçiliyi üzrə yeni ixtisas açılır
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova yeni tədris ilində “Tərcümə”(azərbaycan dili-erməni dili)" ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcəyini bildirib.
Onun fikrincə, Azərbaycanda erməni dilinin professional şəkildə öyrənilməsi zərurəti, şübhəsiz, onların nə “böyük mədəniyyətə”, nə “güclü iqtisadiyyata”, nə də ki, “dünyaya verdikləri mühüm töhfələr”lə bağlıdır: “Müharibə aparan ölkələr tək orduları ilə döyüşmür, eyni zamanda dil, mədəniyyət, iqtisadiyyatla da döyüşməli olurlar. Vətən müharibəsindən keçən 3 illik zaman sübut etdi ki, informasiya əməliyyatları, düşmən ölkənin dilinin akademik səviyyədə mənimsənilməsi önəmlidir. Hərbi əməliyyatların aktiv fazası bitsə də, yenə təəssüflər olsun ki, ermənilərin təxribatı davam edir.
Ermənistanla sülh müqaviləsi bağlanılacağı təqdirdə Xankəndində yaşayan Azərbaycan vətəndaşı hesab edilən ermənilərin inteqrasiyası məsələsi və bütövlükdə Ermənistanla qonşu olaraq yaşamaq özlüyündə erməni dilinin, tarixinin, ideologiyasının, iqtisadiyyatının hər zaman öyrənilməsini aktual edir”.
Türkiyə nümunəsi
Bənövşə Məmmədova vurğulayıb ki, qardaş ölkə olan Türkiyədə universitetlərin nəzdində və ya müstəqil fəaliyyyət göstərən ermənişünaslıq mərkəzləri kifayət qədər təcrübəyə malikdir: “Türkiyədə 2001-ci ildən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin nəzdində Erməni Araşdırmaları İnstitutu fəaliyyətə başlayıb. Hətta onlar “Erməni araşdırmaları” jurnalını da nəşr etdirir. Ermənistanda isə Azərbaycan dilinin öyrənilməsinə hələ sovet dönəmində başlanılıb. 2012-ci ildə isə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə Azərbaycan dili dərsliyi çap olunub.
Azərbaycan dili həmçinin İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində də ayrıca kurs kimi öyrədilir. Yəni Ermənistanda Azərbaycan dilinin öyrənilməsinə daha tez başlanılıb və bu gün də daha sürətlə davam etməkdədir”.
Bənövşə Məmmədova onu da qeyd edib ki, bu fənnin tədris olunması ilə Azərbaycan universitetləri səviyyəsində ilk dəfə dil mütəxəssislərinin tərcüməçi kimi hazırlanması prosesi başlayacaq: “Bu gün erməni mətbuatını, siyasətini, mədəniyyətini izləmək və bizdən oğurladıqlarını ifşa etmək üçün dil mütəxəssisləri lazımdır. Buna görə də ümid edirəm ki, bu sahədə çox böyük iş görmüş olacağıq”.