Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür: “Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın.
İkinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkədə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış sənədinin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı mövcuddur”.