Elm və Təhsil naziri Emin Əmrullayev bəzi ixtisaslar üzrə təhsilin 4 ildən 3 ilə endirilə biləcəyini açıqlayıb. Nazir bununla bağlı rektorlarla müzakirələrin aparıldığını deyib.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində bakalavr pilləsi üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi bakalavrların daha çox təcrübə keçmək imkanları yaranarsa, perspektivli ola bilər.
Onun fikrincə, belə olan təqdirdə ixtisaslı kadrları hazırlayıb əmək bazarına çıxarmaq daha əlverişli olar: "İndi tələbələr yalnız sonuncu kursda üç-dörd aylıq təcrübə keçirlər və nəticə etibarilə bu qısa müddətdə ixtisasla bağlı bilik və bacarıqlarını təkmilləşdirə bilmirlər. Bakalavr, subbakalavr və magistr pillələrinin hər birində təcrübəyə üstünlük verilməlidir. Çünki nəzəri biliklərlə yanaşı daha çox təcrübi biliklər vacibdir. Cənubi Koreyada 6 ay və yaxud 8 ay ərzində konkret olaraq məhz təcrübə əsasında nəzəri biliklər tədris olunur. Amma daha çox təcrübə əsasında müvafiq kurslarda kadr hazırlığı həyata keçirilir. Bu kadr hazırlığı nəticəsində onlar əmək bazarına daha perspektivli və peşəkar mütəxəssislər çıxara bilirlər".
Elçin Əfəndi qeyd edib ki, məqsəd tələbələrin təcrübə keçmək imkanlarını yaxşılaşdırmaq olsa, o zaman qarşıya qoyulan prioritet məqsədə çatmaq mümkündür: "Əks halda dörd ildən bir əmək bazarına 45 min-50 min məzun buraxırdıq, indi bu proses üç ildən bir təkrarlanacaq. Təsəvvür edin ki, 3 ildən bir bu sayda məzun ali təhsil müəssisəsini bitirir və nəticə etibarilə işsiz, peşəkar olmayan bir ordu yaranır. Bu da yüksək effekt verməyəcək.
Universitetlərin, ali təhsil müəssisələrinin texniki və təminat tərəfini inkişaf etdirmək, infrastrukturunu yaxşılaşdırmaq lazımdır. Tələbələrin təcrübə imkanlarını yaxşılaşdırmaq lazımdır ki, biz bu prosesi tətbiq edib daha səmərəli çıxa bilək".
Ekspert hesab edir ki, təhsilin 4 ildən 3 ilə endirilməsi daha çox nəzəri hissə tələb etməyən, texnologiya və təbiətyönümlü ixtisaslarda effektiv ola bilər.