5 İyul 2023 20:13
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayını artırmaqda davam edir.

AZAL-dan Teleqraf.com-a verilən xəbərə görə, bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub ki, bu da sərnişinlərə səyahət planlaşdırmaqda rahatlıq və ən əlverişli gediş vaxtını seçmək imkanı verir.

Beləliklə, Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.

Aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik və anlayışlı olmağa çalışır. AZAL bu sərnişinlərin istəyini qarşılayır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.

Lakin aviadaşımalara artan tələbatı nəzərə alaraq, aviaşirkət bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edib. Bildirilib ki, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, mülki aviasiyanın işi də müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az. saytından, AZAL-ın rəsmi kassalarından və ya [email protected] elektron ünvanı və +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.

Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər