9 Yanvar 2015 16:12
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi”

Azərbaycan Dillər Universitetində “20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib. Təhsil naziri Mikayıl Cabbarovun 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə imzaladığı 6 yanvar 2015-ci il tarixli 8 nömrəli əmrinə əsasən keçirilən tədbir ADU-nun Qadınlar Şurası və Kitabxana İnformasiya Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə baş tutub. Dəyirmi masada universitetin Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva, kafedranın və kitabxanın əməkdaşları iştirak edib.


Giriş nitqi ilə çıxış edən KİM-nin bölmə müdiri Gülxar Məmmədova 20 yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq o günlərin dərin kədərlə anıldığını bildirib. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş, 20 yanvar şəhidi Ülvi Bünyadzadəni yad edən G. Məmmədova şəhidimizin vətənpərvərlik hissləri ilə zəngin gənc olduğunu qeyd etdi. Şəhidlik adının ən yüksək zirvə olduğunu bildirən Gülxar Məmmədova vətəni vətən etmək üçün canından keçmək lazım olduğunu qeyd etdi. O, Azərbaycan torpaqlarının yenidən bütöv ad altında birləşəcəyindən əminliyini ifadə edib.

ADU-nun Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva çıxışında 20 yanvar hadisələrindən söz açdı, acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, həmin dönəmlərdə Azərbaycan xalqının haqsızlığa məruz qaldığını vurğulayaraq o illərdə özünün də iştirakçısı olduğu hadisələri göz önündən keçirib. Ümummilli lider Heydər Əliyevin ölkədən uzaqda olmasına baxmayaraq 20 yanvar hadisələrinə biganə qalmadığını deyən M. Qazıyeva ulu öndərin 20 yanvar faciəsini dünyaya çatdıraraq hadisələrin inkişafına müdaxilə etdiyini bildirib. Ümummilli liderin siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən M. Qazıyeva torpaqlarımızın qaytarılacağı anın uzaqda olmadığını vurğulayıb.

Daha sonra çıxış edən universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva və Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Çoşğun Dadaşov 20 yanvar faciəsi haqqında fikirlərini bildirdilər və müstəqilliyin gənc nəsil üçün miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıblar. Bildirdilər ki, gənclik öz müqəddəratını düzgün müəyyənləşdirməlidir ki, bir daha belə hadisələr yaşanmasın.

NİGAR


Müəllif:

Oxşar xəbərlər