20 İyul 2023 10:40
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, konfrans Medianın İnkişafı Agentliyi, Audioviziual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutur.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında bildirib ki, mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub:

“XIX əsrdə “Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı, XXI əsrdə də öz missiyasını uğurla davam etdirir. Bu missiya ilk növbədə maarifçilik, vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas missiyası milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub”.
O qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb: “Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistemli hala gəlib”.

Konfransda Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, "Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışıb:

“Keçən ilin oktyabrında Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər