17 Avqust 2023 14:56
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam edir.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, N.Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Qeyd olunub ki, hazırda o, həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir.

Sağ qolu dirsəkdən aşağı amputasiya olunan blogerin sosial şəbəkələrdə xəstəxanadan ilk görüntüsü də yayılıb.

Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər