Qafqaz İslam Ordusunun Azərbaycanın bir çox ərazilərini və Bakını düşməndən xilas etməsindən 105 il ötür. Bu tarixi hadisə ilə bağlı dövlət arxivlərindəki sənədlərlə yanaşı, hərəkatda iştirak etmiş Osmanlı zabitlərinin də olduqca maraqlı xatirələri var. Rüştü bəyin, Süleyman İzzət bəyin, Behiç Erkinin və digərlərinin xatirələri bu baxımdan önəmlidir.
Həmin zabitlərdən biri də Əhməd Mucip Kemalyeri olub. O, 1895-ci ildə İstanbulda doğulub. Hərbi məktəbdən məzun olub, Çanaqqala savaşında iştirak edib. Qafqaz İslam Ordusu zabiti olaraq Azərbaycanın xilas hərəkatına qatılıb. Türkiyə Cümhuriyyəti dövründə Rizə şəhərinin bələdiyyə sədri, İstanbuldan millət vəkili olub. 5 oktyabr 1978-ci ildə vəfat edib.
Kemalyerinin 1972-ci ildə “Çanaqqala ruhu necə doğuldu və Azərbaycan savaşı (1917-1918)” adlı kitabı nəşr olunub. Həmin kitabın Azərbaycanın qurtuluşu ilə bağlı hissələrini təqdim edirik:
***
Azərbaycana hərəkət
1918-ci ilin may ayının axırlarına yaxın 9-cu Qafqaz alayına yalnızbaşına Azərbaycana hərəkət əmri verildi. Alay komandanı Cəmil Cahid (Toydemir) bəy idi. Bu sətirlərin nacizanə müəllifi üstteymən (baş leytenant) Mucip 25-ci tabor birinci bölüyünü idarə edirdi.
Bütün Ermənistanı piyada keçdik. Uzun və çox məşəqqətli bir yürüyüşdən sonra 7 iyunda xalqın intəhasız nümayişləri içində Azərbaycanın tabeçiliyindəki Bakı-Batum dəmiryolu üzərindəki Qazax şəhərinə girdik. Amma bu bölgədə ermənilərin türklərə təcavüzü baş vermədiyindən nə qətliama uğrayanlar haqqındakı həzin hekayələri, nə də canlarını qurtarmaq üçün qəhrəmanca döyüşənlərin həyəcanlı mənqəbələrini dinlədik. Bundan olduqca məmnun idik...
Qatara mindik
Ertəsi günü stansiyada bizim üçün hazırlanmış qatara mindik və o zaman Azərbaycanın mərkəzi sayılan Gəncəyə hərəkət etdik.
Qatar ağır-ağır yola qoyuldu. Bizim kompartmanda 8 zabit idik. Ən yaşlımızın heç 30 yaşı yox idi. Kimsə danışmır, hərbin başlanğıcından bu yana ilk dəfə yumşaq şeylərin üstündə otururuq. Vücudumuzda, ruhumuzda qəribə bir rahatlıq var. Pəncərələrdən maraqla baxırıq. Lokomotiv yavaş-yavaş sürətini artırır. Gözəl binalar, yaşıl və şirin meyilli ərazi bir anda gözlərimizdən silinir.
Taleyin cilvəsinə baxın, tarix və coğrafiya dərslərində oxuduğumuz, cürbəcür xəritələrini əzbərlədiyimiz o müəzzəm Qafqazın indi ortasından keçirik. Bu araşdırmalar və düşüncələrin doğurduğu səssizlik nə qədər davam edir, bilmirəm.
Yedək subay izmirli Vəhbi danışmağa başlayır:
"Yahu. Baxın, şiməndifərlə (qatarla) gedirik. Arxam yumşaq bir yerə söykənir. Mən sadəcə ayaqlarımın yorulduğunu zənn edirdim. Məgər belim ayaqlarımdan çox yorğun imiş".
Dinləyənlər ah çəkirlər...
Avtoritar yüzbaşı Hüsnü “bu necə söhbətdir” deyərək mövzunu bağlamaq istəyir. Vəhbi eşitməmiş kimi yenə sözünə davam edir:
"Arxadaşlar, müharibələrdə dırmandığımız dağları bir tərəfə qoyaq. İngilislər çəkildikdən sonra Arıburnundan Kırklarelinə yürüyərək getdik. Həm elə bərbad yerlərdən keçdik ki, heyvanların bir qismi topal qaldı. Sonra Ulukışladan başlayaraq Kayseriyə, Sivas və Bayburta qədər ağzımızı, burnumuzu dolduran toz buludları ilə bərabər həftələrcə yürüdük. Müharibə əsnasında irəli-geri, sağa-sola kilometrlərcə gedişləri saymıram. Rus ixtilalından sonra yenə Bayburt, Ərzurum, Sarıqamış, Qars, Arpaçayında istirahət etmədən 15-20 gün qədər bütün Ermənistanı əlimiz tətikdə piyada keçdik və hələlik qatardayıq. Sağ qalarsaq, daha nə qədər yürüyəcəyimizi Allah bilər..."
Qaf dağına
Makinəli tüfəng teyməni kərküklü Qalib “Qaf dağına qədər gedəcəyik” deyir...
Gülüşmələr davam edir... Kərküklü Qalib həqiqətən kahinlik etmişdi. Bu söhbətlərdən iki ay sonra xəritədə “Gühüqaf”, yəni Qaf dağı yazılmış dağların ətəklərindəki Şamaxı şəhərindən keçəcək və o bölgədə taborumuz müharibə aparacaqdı...
Söhbətimiz davam edir, bir mövzudan digərinə atlayırdıq. Aramızda ailə həsrəti, zamanın təəssübü icabı çox söhbət mövzusu edilmədiyi üçün zehinlər və könüllər ancaq geridə qoyduqlarımızın yanında idi...
Mənə gəldikdə: Atam Nevşehir-Narlı minbaşı Mehmed Zəkəriyyə Balkan hərbində Bolayırda şəhid olmuşdu. Darülmüəllimat (Qız Müəllim Məktəbi) məzunu olan anam inebolulu müəllim Şükriyyə ağrılı xəbərdən on ay sonra qədərindən ölmüşdü. Başqa qardaşlarım da yoxdu. İztirabımı, sevincimi paylaşacaq kimsəm olmadığı üçün könlüm çox yanğılı və bomboşdu. Bu bitməz sanılan savaş yolçuluğunda bu ruh haləti içərisində idim...
Mazotla işləyən lokomotivin qulaqlarımıza ilk gələn qalın səsli düdüyü sıx-sıx ötür, artıq daha da sürətlə irəliləyirdi.
Bu arada 3-cü bölük komandanı üstteymən İsmayıl Haqqı “Deyəsən, bizi təcili istəyirlər” dedi.
Kimsə cavab vermədi. Kompartmanın vücudlara, ruhlara bəxş etdiyi rahatlıq, xəyallarda tam bir sükunət havası yaratmışdı, çünki yedək zabitlər hərb bitdikdən sonra nə iş görəcəklərini müzakirə edirdilər. İzmirli Vəhbi “mən artıq darülfünunda (universitetdə) oxuya bilmərəm” deyərək başdan qəti danışır, belinin yorğunluğu başına sirayət etmiş kimi yavaşca bir davranışla “biz hansı dərsxanalara sığa bilərik? Bizə hansı xocalar dərs verə bilər?” deyərək bir filosof kimi fikir bildirirdi.
Vəhbi geniş bir nəfəs aldıqdan sonra gözlərini keçmişin dərinliyinə çevirmiş və oralardan ilham alırcasına bir əda ilə “atamın Kemeraltındakı mühəlləbici dükanını işlədəcəyəm, nəsib olarsa geri qalan ömrümü İzmirdə kiçik evimizdə keçirmək istəyirəm. Yalnız bu badirədən zəfərlə çıxaq. Bunun səadəti kafi deyilmi, arkadaşlar?” deyirdi.
Digərləri də buna bənzər düşüncələrlə cürbəcür fikirlər söylədilər...
Üstteymən sivaslı Haqqı “hərbin davam etməkdə olduğunu unutmayaq, arxadaşlar” deyincə, şirin röyalardan oyanılmış kimi ortalığı mənalı bir səssizlik bürüdü. Haqqı hər kəsi həqiqətlə üz-üzə qoymuşdu...
Gəncədə
Qatarın sürəti birdən-birə azalmağa başladı. Lokomotivin buxar buraxması da getdikcə azalırdı. Qatarın pəncərələrini dolduran yağız başlar Azərbaycan bayraqları ilə əhatə olunmuş böyük bir vağzala girildiyini gördülər. Şübhəsiz ki, bura Gəncə idi. 9 iyun 1918-ci il.
Gəncə stansiyasının meydanındakı möhtəşəm qarşılanmanın sevinc və həyəcanı alayımızı sanki sərxoş etmişdi. Artıq incəbelli, Qafqaz qiyafətli Azərbaycan türklərinin isti əhatəsində idik. İndi o anı görməyin, yaşamağın həyəcanını dilə gətirmək asan deyildir. Ancaq bu qədərini deyə bilərik ki, əsrlərdən bəri əsarət altında qalmağa məhkum edilmiş irqdaşlarımızın hürriyyət və istiqllallarına qovuşmalarının intəhasız sevincini paylaşdığımız fövqəladə bir bayram günü idi o gün...
Bununla yanaşı Azərbaycanın istiqlalının milli hüdudları içində tam olaraq qurulmadığını, stansiyanın çevrəsində silahları düzdüyümüz Gəncə şəhərinin, yəni hökumət mərkəzinin içində belə sipər müharibələrinin davam etdiyini, üstəlik bir çox vilayətlərdə milliyyətçi azərbaycanlılarla bolşevik rus və ermənilərin savaş halında olduqlarını yenə həmin gün öyrəndik. Bütünü ilə bu naxoş xəbərlər, günün unudulmaz havasını pozmamış, keyfimizi heç qaçırmamışdı. Amma yaşadığımız böyük bayram sevincinin çoxdan bəri alışdığımız təhlükəli vəziyyətlərdən biri ilə təkrar qarşı-qarşıya gəldiyimizi də anlayırdıq.
Ənvər paşanın qardaşı və Qafqaz İslam Ordusu komandanı ünvanını daşıyan fəxri fərik (fəxri korgeneral) Nuri paşa böyük qərargahı ilə birlikdə İran yolu üzərindən və alayımızdan iki həftə əvvəl Gəncəyə gəlmişdi. Qərargah ərkanı bu şəxslərdən təşəkkül etmişdi: Ordu kurmay başqanı bir alman albayı, ərkani-hərbiyyə: Kurmay minbaşı Nazim bəy (Kütahyada şəhid oldu), kurmay minbaşı Tevfik bəy, cümhurbaşqanı əski ümumi katibi kurmay minbaşı Naim bəy, topçu komandanı minbaşı Kemal Doğan (keçmiş Kırklareli məbusu), ordu yavəri teymən Asaf əfəndi (Kılıç Ali bəy), üstteymən Müzəffər (əməkli orgeneral Müzəffər Tuğsavul), süvari yüzbaşı ədirnəli Sami (Atatürkün yavərlərindən minbaşı Sami Yanardağ), Əhməd Ağaoğlu (Səməd Ağaoğlunun atası, siyasi müşavir) və s.
Qatarımız Gəncə stansiyasına girdiyi zaman Nuri paşa məiyyət ərkanı ilə birlikdə bizi qarşılayanların ən başında yerini tutmuşdu. Çox gənc, qara saqqallı və yaraşıqlı bir insandı.
Qatardan endiyimiz yerdə, elə oradaca ona qarşı toplu halda rəsmi duruşa keçən zabitlərə qısaca xitab etdi. Ənvər paşanın Azərbaycanda və Rusiyadakı bütün Türk aləmində ümid və sevgi ilə anıldığını, onun bu şəkildə yayılmış şöhrətindən istifadə edilməsi məqsədi ilə özünün ordu komandanlığına təyin olunduğunu söylədi. Fəqət ən ağır vəzifə məsuliyyətinin tarixi şərəfi ilə birgə bizlərin çiyinlərinə yükləndiyini bilməyimizin gərəkliliyini də əlavə etdi.
Zabitlər Osmanlı ordusunda yarbay olan bu yeni paşanı mübhəm düşüncələr içində dinləmişdilər. Amma bir neçə ay keçmədən onun ciddi bir zabit, 30 yaşında nəfsinin qulu olmayan bir insan, mütəvazi bir qəhrəman olduğu anlaşılmış, ona istisnasız könüldən bağlanılmışdı.
Bu sətirləri yazarkən (iyul, 1967-ci il) Azərbaycanda Nuri paşaya yavərlik etmiş hörmətli Kılıç Ali bəydən telefonla paşanın xüsusi, rəsmi həyatı haqqındalı fikirlərini soruşdum. Bir cümlə ilə ifadə etdi: “Böyük vətənpərvər, enerjili və məlaikə kimi bir insandı”.
İndi bizdən əvvəl Gəncəyə gələn Nuri paşa və kurmay heyətinin Azərbaycanın daxili savaşlarını dəqiqliklə gözdən keçirdikləri olduqca təbii idi. Məhz bu ordu qərargahından verilən əmrə görə, bacarıqlı alay komandanımız elə o gecə taborları mümkün olan cəldliklə və düzənli şəkildə hərəkətə keçirdi. Bu səfərdə Azərbaycanın müqəddəs istiqlalı uğrunda yenidən müharibə aparması gərəkirdi...
Böyük Gəncə şəhərinin xəritəsinə baxsaq, erməni məhəllələrini əhatə edən bağların arxasında türk bölgəsi tərəfindən geniş bir düzənliyin varlığı gözə çarpacaq... Ertəsi sabahın alatoranlığında alayımız həmin düzənliyin üzərində hərbi səflər nizamında toplandı (10 iyul 1918). Arxamızda bir Azərbaycan səhra batareyası yerini tutmuşdu. Bir neçə yüz metr bizdən irəlidə alay komandanı yavəri ilə birlikdə tabor komandanlarını ətrafına toplayaraq nəsə danışırdılar...
Bu səhnə içərisində ağır-ağır yüksələn günəş, Qafqazlardan sonrakı sabahın gözəlliyi düşüncələrimizə yenilərini qatır, ətrafa yayılan gözəl ot və torpaq qoxusu bədənimizə yayılırdı. Saat 9-a qədər vaxt belə keçdi.
Bu əsnada cəbhə aldığımız erməni məhəlləsi tərəfindən gələn iki maşının bizə doğru irəlilədiyini gördük. Ağ bayraq sallanılırdı. Maşınlar düz qarşımızda dayandı. Enənlərin içərisində bir keşiş də vardı. Beş nəfərdilər. Daha əvvəlcədən tanıyırlarmışcasına alay komandanının olduğu kütləyə doğru yürüdülər. Mübaliğəli salamlamadan sonra 10-15 dəqiqə danışdılar, ardınca komandanla birlikdə müayinə nizamına keçən taborlarımızın önündən yavaş-yavaş ötdülər. Hamımızı ayrı-ayrı süzürdülər. Erməni heyəti Cəmil Cahid bəylə vidalaşıb ayrılarkən tabor komandanımız tabora eşitdirəcək bir səslə bu məlumatı verdi:
"Gəncə erməniləri bolşevik ixtilalından sonra o bölgədəki kəndli ermənilərlə silahlanmışlar, vaxtilə rus ordularında zabit olan şəxslərin komandanlığı altında əsgəri birliklər təşkil edərək müstəqil bir idarəçilik qurmuşlar və Azərbaycan hökumətini tanımamışdılar. Ancaq Osmanlı ordusu Gəncəyə gəldiyi təqdirdə mal və canlarını təslim edəcəklərini bildirmişlər".
Bir az əvvəl önümüzdən keçən səlahiyyətli erməni heyəti alayımızı bu məqsədlə görməyə gəlmişdi. Özlərinə görə tam qənaətə varıldıqdan sonra komandan Cəmil Cahid bəylə elə oradaca şifahi bir anlaşma əldə edilmiş, eyni gün içində şəhəri və mövcud silahlarını təslim edəcəklərinə söz vermişlər...
Mükalimə heyəti maşınlarına minib ayrılınca yenə silahlardan azad olduq. Alay istirahətə çəkildi. Fəqət yorulmaz alay komandanı eyni yerdə ayaqda ikən tabor komandanlarını ətrafına yığaraq onlarla danışırdı... Təxminən saat 11-i keçmişdi, alay komandanı adyutantı ilə məni çağırtdı. Bizim minbaşının bir az əvvəl danışdıqlarını təkrarladıqdan sonra bu əmri verdi:
Bölüyümüzlə indi erməni bölgəsinə gedəcəyik, tapşırıqlı erməni bələdçilərinin göstərəcəyi rəsmi dairələri, poçtxanaları, böyük bir neçə hoteli tutacağıq. Vəzifə mümkün olduqca sürətli həyata keçiriləcək. Rapor veriləcək.
Şübhəsiz ki, alay komandanı bir gecə əvvəl saatlarla birlikdə olduğu Nuri paşadan aldığı təlimata uyğun olaraq səlahiyyətindən istifadə edirdi.
Davamı var...