13 Sentyabr 2023 17:47
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb.

Teleqraf.com ATF-nin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı K.Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti Çunqvon Çu ilə videokonfrans formatında görüş keçirib.

DTF rəhbəri Azərbaycanda idmanın müxtəlif növləri arasında taekvondonun özünəməxsus yerinin olduğunu məmnunluqla bildirib, ATF ilə uzun illər uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. May-iyun aylarında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu söyləyən Çunqvon Çu təltif olunduğu mükafata görə Kəmaləddin Heydərovu təbrik edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

K.Heydərov isə Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyini diqqətə çatdırıb. O bildirib ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə idmanın da sürətli inkişafının möhkəm bünövrəsi Ümummilli Lider tərəfindən qoyulub. Bu mütərəqqi yanaşmanın davamı kimi dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən hərtərəfli və daimi dəstək sayəsində Azərbaycanda idmanın, o cümlədən taekvondonun kütləviliyinin təmin edildiyi və ölkəmizin mütəmadi olaraq böyük idman tədbirlərinə ev sahibliyi etdiyi söylənilib.

ATF prezidenti builki dünya çempionatının Bakıda keçirilməsi üçün göstərdiyi etimada görə Çunqvon Çuya təşəkkür edib. O, həmçinin layiq görüldüyü mükafata görə Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinə təşəkkürünü bildirib, bunun bütövlükdə Azərbaycan idmanına verilən yüksək qiymət olduğunu vurğulayıb.

Qeyd edək ki, hər il 4 sentyabr “Taekvondo Günü”ndə Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi taekvondoya töhfələr vermiş şəxsləri təltif edir. Bu il Dünya Taekvondo Federasiyasının prezidentinin tövsiyəsinə əsasən, ATF-nin prezidenti Kəmaləddin Heydərov və Dünya Taekvondo Böyük Şleminin təsisçisi Dacun San bu mükafata layiq görülüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər