27 Sentyabr 2023 12:02
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan qadınların elektron xidmətlərlə bağlı maarifləndirilməsini nəzərdə tutan növbəti tədbirini Neftçala rayonunda təşkil edib.

“Regionda yaşayan qadınların elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Neftçala rayonundan olan 30 nəfər qatılıb.
Neftçala rayon Gənclərin Karyera Mərkəzində keçirilən tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Fərid Əhmədov elektron xidmətlərlə bağlı maarifləndirmənin əhəmiyyətindən danışıb.
F.Əhmədov qeyd edib ki, günü-gündən sayı artırılan elektron xidmətlər şəffaflığın təmin edilməsi və əhalinin rahatlağı üçün müstəsna əhəmiyyətə malikdir.

Daha sonra çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

S.Allahverdiyeva qeyd edib ki, layihənin məqsədi regionda yaşayan qadınları dövlət qurumlarının göstərdiyi elektron xidmətlərlə bağlı məlumatlandırmaqla onların xidmətlərə əlçatanlığını artırmaq və elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə dəstək verməkdir: “Layihə çərçivəsində ilk tədbirimiz Şirvan şəhərində keçirilib. Bu gün Neftçala rayonunda, qarşıdakı həftələrdə isə Kürdəmir və Zərdab rayonlarında məlumatlandırma sessiyası keçiriləcək.

Tədbir iştirakçılarının respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlərlə bağlı maarifləndirilməsi nəzərdə tutulur. Həmçinin ehtiyacı olan şəxslərə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək”.

Daha sonra tədbirdə çıxış edən tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına respublikamızda ayrı-ayrı dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ictimai xidmətlər göstərən qurumlarının “Elektron hökumət portalı”, my.gov.az portalı və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verib.

Qadınlara nəzəri məlumat verməklə yanaşı, hər bir xidmətdən istifadə qaydaları da əyani şəkildə göstərilib. Bununla da qadınlar evdən çıxmadan, hər hansı quruma getmədən dövlət xidmətlərini elektron qaydada almağa təşviq edilib.

Sonda çıxış edən Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə tədbir iştirakçılarını elektron xidmətlərin yaratdığı imkanlardan faydalanmağa çağırıb.

Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər