15 Yanvar 2015 15:11
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim dövrlərdən bəri insanların ən çox sevdikləri əyləncələrdən biri asudə vaxtda bir yerə yığışaraq mahnı oxumaq olub. Bu ənənə indi də qalır. Əsasən gənclər bir yerə yığışaraq əylənir, mahnı oxuyurlar. Onların yığışdığı belə məkanlardan biri də karaoke klublardır.

Bu cür klublarda gənclər böyük səhnədə olduğu kimi musiqi sədaları altında mahnı oxuyur, özlərini məşhur müğənni kimi hiss edirlər. Karaoke səhnəsinin bir özəlliyi də odur ki, oxunan mahnının sözləri kiçik monitorda yazılır və ifanı asanlaşdırır.

Gənclər bu cür əyləncələrlə stress atır, öz bacarıqlarını nümayiş etdirirlər. Bəzən o qədər oxuyub əylənirlər ki, klubdan ayrıldıqdan sonra bir müddət səsləri tutulur...

Fonorqam musiqinin müşayiəti ilə canlı ifa

Araşdırmalar göstərir ki, karaoke vasitəsilə istirahət edən gənclərin əhvalı yüksəlir, gərəksiz psixoloji yükdən azad olurlar. Belə adamlarda isə bəzi xəstəliklərə, o cümlədən ürəklə bağlı problemlərə nadir hallarda təsadüf edilir.

Gənclərlərin əyləndiyi, bəzən belə deyək, sadəcə qışqırmaq üçün oxuduqları mahnıları izləmək üçün "Elmlər Akademiyası" metrosunun yaxınlığında yerləşən karaoke klubuna yollandıq.

İçəri girməmiş "karaoke" sözü haqqında da məlumat verək. "Karaoke" yapon dilində iki sözün birləşməsindən əmələ gəlib: "kara" ("karappo") - "boş", "oke" ("okesutura") - "orkestr" mənasını verir. Beləliklə, "karaoke" - "boş orkestr" deməkdir ki, bu zaman fonoqram musiqinin müşayiəti ilə canlı vokal ifa olunur.

Ötən əsrin 70-ci illərində Yaponiyada meydana gələn karaoke ifası hazırda bütün dünyada geniş yayılıb. Ən fərqli peşə sahiblərinin, ən müxtəlif zövqlü insanların xüsusi ictimai yerlərdə bir araya gələrək, fonoqram altında canlı oxuması üçün yaradılan şəraitı insanların asudə vaxtını daha maraqlı edib.
Bu klubun Azərbaycandakı ilk yaradıcısı Gəncəvi Məmmədov adlı şəxsdir. O, karaokeni ilk dəfə Moskvadakı restoranların birində görür, Bakıda da eyniadlı klub açmaq qərarına gəlir. İlk klubdan sonra şəhərimizin müxtəlif yerlərində yüzlərlə karaoke klubu fəaliyyətə başlayır.

Hazırda dünyada gənclərin ən sevdiyi məşğuliyyətlərdən birinə çevrilən karaokelər azərbaycanlı gənclərin, hətta orta yaşlı insanların də sevimli əyləncə növlərindən biridir.

Milli ad

Klubda ilk diqqətimizi çəkən gənclərin çoxluğu və üzlərdəki təbəssüm oldu. Gənclər adını yazdırdıqları mahnını ifa etmək üçün növbəyə dayanıb həyəcanla oxumağa başlayacaqları zamanı gözləyirdilər.
Qeyd edək ki, klubda musiqi ilə yanaşı, gələnlərə çay, kofe, spirtli içki, müxtəlif qəlyanaltılar, milli və xarici mətbəxlərdən yeməklər də təklif olunur. Qiymətlər isə dəyişikdir. Ödəniləcək məbləğ klubun səviyyə və prestijindən asılıdır.

Hazırda Bakıda girişi 1 manatdan başlayaraq 15-20 manata qədər olan karaoke klubları fəaliyyət göstərir. Mahnı sayı 20-dən çox olduqda müəyyən endirimlər edilir.

Əvvəlcə klubun rəhbəri Aysel Nazimlə söhbətləşdik. Adətən, karaoke klublarına əcnəbi ad verilir. Həmsöhbətimizdən kluba məhz "Reyhan" adının qoyulması səbəbini soruşduq.

Aysel Nazimin sözlərinə görə, klubun "Reyhan" adlandırılmasının bir səbəbi həmin sözün ruzi və ya mərhəmət mənası daşımasıdır. İkincisi, bu, sevilən gül adıdır: "Karaoke klubuna ad seçəndə xeyli düşündük. Xarici adlara icazə verilmədiyini bildiyimiz üçün azərbaycanca variantlar üzərində düşündük. Nəhayət, "Reyhan"ı seçdik. Bildiyimiz kimi, bu, həm gül adıdır, həm də mənası gözəldir. Gələn müştərilərimiz də ilk olaraq adımızla maraqlanırlar".

Pulsuz mahnılar

Aysel Nazim deyir ki, kluba məşhurların da gəldiyini eşidən gənclər bura daha böyük həvəs göstərirlər: "Klubun internet reklamında məşhurların da bura gəldiyi nümayiş olunurdu. Bu, müştərilər üçün cəlbedici oldu, gələn-gələn məşhurları soruşur. Digər tərəfdən, karaokeyə qulaq asmaq, ifa eləmək istəməyənlər ya müğənnilərin canlı musiqisini dinləyir, ya da diskotekada rəqs edirlər. Müştərilər çox olanda əvvəlcədən yerləri sifariş eləmək lazım gəlir. Əgər kimsə ad günü keçirir və bunun üçün klubu bağlatdırırsa, karaeko mahnılarını onlara hədiyyə edirik. Müştəri gəlib yeyib-içirsə, çay sürfəsi pulsuz başa gəlir. Klubumuz ali məktəblərin yaxınında yerləşdiyindən güzəştlərimizin çeşidi az deyil. Çünki bura gələnlərin çoxu tələbələrdir. Onların büdcəsini nəzərə almağa çalışırıq".

"Kurtlar vadisi"nin türküləri

Aysel Nazimin sözlərinə görə, kluba yaşlı nəslin nümayəndələri də təşrif buyurur: "Bizim klubda gənclər üstünlük təşkil etsə də, yaşlı nəslin nümayəndələri də az olmur. Həftənin şənbə və bazar günləri qrup halında gələn müştərilərimiz də var. İstədikləri mahnını sifariş edir, bacardıqları kimi oxuyurlar. Bəziləri sadəcə qışqırır... Onsuz da burada əsas məsələ yaxşı oxumaq yox, içindəki stressi atmaq, mikrofonu əlində tutub özünü səhnədəki kimi hiss etməkdir. Biz də müştərini alqışlayırıq. Bunu ifaçının xaric oxuyub qışqırması, musiqini gecikərək oxuması ilə heç bir əlaqəsi yoxdur".

Həmsöhbətimiz klubda daha çox sifariş olunan mahnılar haqqında da məlumat verdi. Dedi ki, gənclər daha çox türk və ingilis mahnılarını xoşlayırlar: "Hər bir insanın zövqünə uyğun mahnılar var. Bəziləri ingilis müğənnisi Enrique İglesiasın "Hero" mahnısını təkrar-təkrar dinləmək istəyir. Türk mahnılarından "Kurtlar vadisi"ndəki türküləri də tez-tez sifariş edirlər. Öz estradamıza müraciət edənlər Röya, Rəşid Behbudov, Ədalət Şükürov, Brilyant Dadaşovanın mahnılarını oxuyurlar. Ümumilikdə, gənclər şən mahnıları xoşlayırlar".

Evlənmək təklifi

Leyla adlı müştəri deyir ki, mahnı oxuyanda özünü böyük səhnədəki kimi hiss edir: "Karaoke kluba daha çox tələbə yoldaşlarımızla gəlirik. Həm əylənirik, həm də mahnılar ifa edirik. Mən musiqi dinləyən və oxuyan zaman özümü böyük səhnədəki müğənnilər kimi hiss edirəm. Əslində, musiqisiz həyatımı təsəvvür etməyim mümkün deyil. Mahnı oxuyanda sanki başqa aləmə düşürəm".

Klub müştəriləri ilə söhbət zaman o da məlum olur ki, burada evlilik təklifi alanlar da olur. Emin və İradə cütlüyünün dediyinə görə, Emin İradəyə karaokedə mahnı oxuduğunu sevdiyi üçün evlilik təklif edib. Emin: "Hər ikimizin musiqi ifa etmək üçün səsimiz var. Amma İradənin həm mahnı oxumaq üçün səsi, həm də həvəsi var. Mən də ona yeni il ərəfəsində bu klubdaca evlənmək təklifi etdim, təklifim qəbul olundu".

Rüfət isə deyir ki, o karaoke kluba mahnı oxuyan gəncləri dinləmək üçün gəlir: "Mənim kompleksim olduğu üçün karaokelərdə mahnı oxumuram. Amma həvəslə dinləyirəm".

Klubda vaxt məhdudiyyəti yoxdur. Gecə saat 1-dən sonra müştərilərin kluba girişi qadağandır. Amma içəridə olan müştərilər nə zaman getmək istəsələr, klub o vaxtadək işləyir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər