28 Oktyabr 2023 19:36
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 yanvar 1949-cu ildə İstanbuldakı “Yeni Ses” teatrında şuşalı xanəndə Məşədi Məhəmməd Fərzəliyevin sənət həyatının 50-ci ildönümü qeyd edilib. Türkiyənin məşhur “Cumhuriyet” qəzeti yubileylə bağlı xəbərində yazıb: “Əməkli azəri sənətkarı Mehmet Çaylı. M.Mehmet Ferzalının sənət həyatının 50-ci ildönümü münasibətilə təkmil azəri sənətkarlarının iştirakı ilə 24/1/1949-cu il saat 20:30-da “Yeni Ses” teatrında “Məşədi İbad” operettası təmsil ediləcəkdir. Biletlər “Yeni Ses” teatrının köşkündə satılmaqdadır”.

Bəlkə də, bu yubiley mərasimindən sonra xanəndə bir daha İstanbulda yad edilməyib, ömrünü guşənişin halda keçirib, doğulduğu Şuşanın, səsini yazdırdığı Avropanın şəhərlərini artıq yuxularında görərək əbədiyyətə qovuşub.

1920-ci illərin sonlarında gəldiyi İstanbulda həyəcanlı günlər yaşamışdı. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin və digər mühacir azərbaycanlıların önündə muğam oxumuş, yaratdığı Azərbaycan Türk Musiqi Heyətinin üzvləri ilə birgə Qara dəniz sahillərində, hətta Misirdə konsert vermişdi.

Böyük Üzeyir bəyin irsinin Türkiyədə geniş yayılması üçün dəfələrlə əsərlərini səhnələşdirmiş, məşhur “Çırpınardın Qara dəniz” şərqisini qardaş ölkənin insanlarının ürəyində bir közə çevirmişdi.

74 il sonra

Bəli, İstanbuldakı səhnə həyatının 50-ci ildönümü mərasimindən ötən yetmiş dörd il sonra Məşədi Məhəmməd Fərzəliyev bir daha İstanbulda anıldı. Bu dəfə haqqında yazılmış ikinci kitabla birgə tarixi bir məkanda.

İstanbulda Azərbaycan üçün tarixi dəyəri olan bir iş xanı var. Fatih rayonunda Mahmudpaşa caddəsində yerləşən Böyük Yıldızxan XIX əsrin sonlarında Gəncədən buraya gələn Hacıbaba Məhəmmədzadənin (Gəncəli) olub. Hazırda onun varislərinin idarə etdiyi bu xanın bir otağında vaxtilə Əli bəy Hüseynzadə sultan istibdadından qaçdığı üçün gizlənib, bu ailənin himayəsini görüb, orada bir neçə rəsm əsəri çəkib.

Bu xanla xanəndəmizi birləşdirən ortaq nöqtə odur ki, hazırda oranın sahibi olan Kərim Mehmedzadə Məşədi Məhəmməd Fərzəliyevi həyatda görən sonuncu insandır... Elə bu səbəbdən iyul ayında muğam tədqiqatçımız Gülhüseyn Kazımlı ilə birgə ondan müsahibə almış, portalımızda dərc etmişdik. Bu müsahibədən sonra Gülhüseyn müəllim daha əvvəl yazdığı “Salam, Məşədi” kitabının davamı olaraq “Son nöqtədən sonra...” adlı kitabı yazmağı qərara almış, əldə etdiyimiz yeni materialları o kitaba qoymağı düşünmüşdü.

Nəticədə bu ideya qısa zamanda gerçəkləşdi və Gülhüseyn Kazımlının arzusu, Kərim bəyin də rizası ilə bu tarixi məkanda təqdimatı baş tutdu.

Tədbirdən öncə Kərim Mehmedzadə qonaqları Əli bəy Hüseynzadənin “Salyani” imzası qoyduğu rəsm əsərləri ilə tanış etdi, onun burada keçirdiyi günlər haqqında maraqlı bilgilər verdi. Daha sonra İstanbulda fəaliyyət göstərən müəllimlər, tələbələr, tədqiqatçılar, jurnalistlər və rəsmilərin iştirakı ilə mərasim başladı.

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə bəndənizin giriş sözündən sonra kitabın müəllifi Gülhüseyn Kazımlı, daha sonra Kərim Mehmedzadə, “Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunuszadə, diplomat Kənan Murtuzov, tədqiqat prosesində iştirak edən Validə Kazımlı, digər xanəndəmiz Məşədi Məhəmməd Hüseynovun nəticəsi Umuxanım Hüseynova, tələbə Amin Namazlı çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər.

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri silsiləsindən çıxan “Son nöqtədən sonra…” kitabının ən önəmli məziyyəti mərhum xanəndənin və ailə üzvlərinin məzar yerlərinin dəqiqləşdirilməsi, eləcə də İstanbulda onu həyatda görmüş Kərim Mehmedzadə ilə müsahibənin yer almasıdır.

Tədbirin sonunda Məşədi Məhəmməd Fərzəliyevin ifasında “Çırpınardın Qara dəniz” şərqisi dinlənildi və beləcə son nöqtə qoyuldu...

Tədbirin videoyazısını təqdim edirik:


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər