15 Noyabr 2023 10:30
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda növbəti istilik mövsümünə start verilib.

Teleqraf.com bu barədə “Azəristiliktəchizat” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət ölçü cihazları və avtomatika avadanlığı həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilib, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilib. 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilib. 1 260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.

Mövsüm ərzində paytaxtda 21, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərəcək. Cəmiyyətdə daimi olaraq 1 090-a yaxın, istilik mövsüm zamanı isə 2 279 əməkdaşı çalışır. Onlardan 500-ə yaxını regionlarda çalışanlardır.

Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək. Cari mövsümdə Bakıda və regionlarda 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılıb, mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin edilib.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər