Son illərdə terminologiyamıza belə bir ifadə daxil olub - ağrı həkimi, yəni alqoloq. Ağrı insanın mübarizə aparıb bəzən zəif duruma düşdüyü bir gücdür. Bəs ağrı həkimi bu gücün öhdəsindən necə gəlir?
Suallarımıza cavab tapmaq üçün alqoloq, uzman həkim Gülüstan Bayramovaya üz tutduq.
Ad-soyad: Gülüstan Bayramova
Təvəllüd: 28.11.1984
İxtisas: alqoloq (Hacettepe Tibb Universiteti, uzmanlıq)
İdeal həkim formulu: Həkimlik etika və prinsiplərinə sadiq qalmaq
Arzusu: Azərbaycanda alqoloji xidmətin yetərincə düzgün səviyyədə təşkil edilməsi.
- Gülüstan xanım, ağrı mövzusu həmişə aktualdır, çünki bu söz insanları qorxudan, ruhdan salan, həyata ümidini öldürən gerçəyi ifadə edir. Bəs ağrı necə yaranır?
- Ağrı xoşagəlməz bir hiss olmaqla bərabər, həm də bir siqnaldır. Hər hansı bir orqanda patologiya və ya təhlükə işarəsi ola bilər. Nəyəsə toxunduqda o bizə zərərlidirsə, əlimizi çəkirik və ya ordan uzaqlaşırıq. Bu, kəskin ağrıdır. Kəskin ağrı olmasa, insan orqanizmi tez bir zamanda məhv olar.
Kəskin ağrı bir neçə vaxt davam edəndə artıq xroniki hal alır; o ağrını yaradan problemdən uzaqlaşsaq belə. Xroniki hal almış ağrı isə bədən üçün yorucu, eyni zamanda, əmək, zehni, fiziki qabiliyyəti azaldan bir hissdir. Bu səbəbdən həyat keyfiyyətini yüksəltmək üçün xroniki ağrı mütləq müalicə olunmalıdır.
Alqologiyanın inkişafına İkinci Dünya müharibəsindən sonra Amerikada savaş iştiralçıları üzərində həyata keçirilən müalicə metodları təkan verdi. Əslində o vaxta qədər də hərbi təcrübə vardı. Amma elm olaraq ötən əsrin 40-cı illərindən sonra daha aktiv inkişaf etməyə başladı.
Hər ölkədə alqologiyanın inkişafı müxtəlifdir. Bəzi ölkələrdə alqologiya artıq bir elmdir, bəzi ölkələrdə bir branş, bəzi ölkələrdə isə universitetlərdə tədris edilən ixtisasdır.
- İnsanların ağrıya dözümü muxtəlifdir. Hətta ən güclü ağrıya dözən adam el arasında qəhrəman hesab edilir. Ağrıya dözüb-dözməmək müalicəyə təsir göstərirmi?
- İnsanların ağrıya dözümünün fərqliliyi gerçəklikdir. Xroniki ağrıların müxtəlif şiddət dərəcələri, vizual analoq şkalası deyilən diaqnostika var. Xəstə bizə müraciət edəndə ağrının hansı dərəcədə olduğunu soruşuruq. Məsələn, 0 ilə 10 arasında ağrının şiddətini göstərən rəqəm söyləməsini xahiş edirik. 0 - ağrı yoxdur, 1-2 minimal, 3-4 mötədildir. 5-6, yəni orta intensivlikdə olan ağrı artıq xəstənin həyat keyfiyyətinə mənfi təsir göstərir.
Bəziləri bu ağrını gözardı edir, bəziləri isə etmir. Bəzi insanlar 5-6 dərəcəli ağrı ilə yaşayır və işləyir, bəzi xəstələr isə nə yaşamaq, nə də işləmək də istəyir. Biri üçün 5-6 normal, başqa biri üçün yüksək sayıla bilir.
7-8 şiddətli ağrı, 9-10 şiddətli və dözülməz ağrı kimi diaqnostika edilir. İnsanın ağrıya dözüb-dözməməsindən asılı olmayaraq, bu ağrılar mütləq müalicə olunmalıdır. Bu tip insanlarda ağrıyla bərabər iş keyfiyyətinin aşağı düşməsi, sosial çevrənin daralması, həyat keyfiyyətlərinin azalması ilə müşayiət olunur. Onlar özlərini evə məhkum edir, az hərəkətlənir, heç kimlə, hətta ailə üzvlərilə belə münasibət qurmaq istəmirlər.
Bu cür xəstələr ağrılarla fəaliyyətdə olduqda belə onlarla söhbət aparanda mütləq iş keyfiyyətinin aşağı düşməsi, həyatdan zövq alınmaması kimi simptomlar qarşımıza çıxır.
- Zaman-zaman demək olar ki, hər birimizin orqanizmində ağrı olur və bəzən keçib gedir. Hansı hallarda mütəxəssisə müraciət etmək lazımdır?
- Xroniki ağrılarla əslində tibbin hər bir sahəsində qarşılaşa bilərik. Hər kəskin ağrı ilə qıbula gələn xəstələr alqoloqa yönləndirilməməlidir. Xəstə ilk öncə terapevtə, ya nevroloqa, yaxud damar cərrahlarına üz tutur. Xəstənin anamnezi araşdırılmalı, bu ağrıya səbəb ola biləcək problemlər üzə çıxarılmalıdır. Araşdırılmalıdır ki, bu iltihablı bir prosesdirmi, yoxsa sinirin özünün nevropotik xarakterli ağrısıdır.
Ehtiyac olduqda MRT və ya EMQ deyilən elektromioqrafiya üsulu ilə müayinə edilməlidir. Əgər bunlar da yetərli olmursa, burda bir fikir qarışıqlığı meydana çıxırsa, o zaman bu xəstəni alqoloqa yönləndirmək daha məqsədəuyğundur.
Alqoloq necə yanaşır bu məsələyə? İstifadə olunan müayinə üsulları, ona uyğun yazılan müalicələr, müalicənin təsiri - bunlar hamısı araşdırılır.
Alqoloq da dərmanlardan istifadə edə bilər, amma bu fayda vermirsə, müxtəlif invoziv prosedurlara - iynələrlə həyata keçirilən metodlara əl atılır. Biz bunu kor-koranə etmirik. Bu xüsusi cihazlarla steril şəraitdə əməliyyat otağında, yaxud müdaxilə otağında həyata keçirilir. İynələr dərman tərkibli də ola bilər və yaxud "radiofrekans" dediyimiz dalğa tezlikli müalicə vasitələrindən də istifadə edə bilərik.
- Bu vasitələr ağrıya ömürlük son qoyur, yoxsa bir müddət sonra ağrı yenidən oyanır?
- Tam diaqnoz bəlli olmayanda əvvəlcə diaqnostik prosedurlar tətbiq edilir. Məsələn, qarın-qabırğa ağrısı kimi qarışıq ağrı qarşımıza çıxa bilər. Biz bir yeri bloklamaqla ağrının ötüb keçdiyini müşahidə ediriksə, şübhələndiyimiz bölgənin ağrıya səbəb olduğunu düşünürük. Ondan sonra daha qalıcı şəkildə prosedurlar tətbiq edə bilərik.
Müalicənin təsir müddəti 5-6 aydan 1 ilə qədər ola bilər. Amma nəticə xəstədən xəstəyə dəyişir. Ona görə əgər xəstə alqoloqa müraciət edibsə və müalicə alıbsa, heç olmasa bir aydan sonra həkim müayinəsinə gəlməlidir. Müalicənin effektivliyi dəyərləndirilməlidir. Daha sonra iki ayda, altı ayda bir dəfə alqoloqu ziyarət edə bilər. Çünki xroniki ağrılar xroniki xəstəliklərin göstəriciləridir.
Düzdür, biz ağrıları müalicə edirik, amma xəstəliklər orqanizmdə davam edir. Məsələn, revmotoloji xəstəliklər və onurğa problemlərini nümunə göstərmək olar. Müalicənin təsir müddəti xəstəliyin dönəmindən, yaxud xəstənin yaşadığı həyat şəraitindən asılı olaraq dəyişir.
"Xərçəng xəstələri başqa üsulları da sınamalıdır..."
- Ağrı qədər adı da qorxulu olan xəstəlik var: xərçəng. Bu xəstəliyin doğurduğu fəsadlardan biri də ağrıdır. Bu ağrılara alqologiyada hansı yanaşma var?
- Alqologiyada onkoloji mənşəli ağrılara yanaşma xəstəliyin stadiyasından asılıdır. Bəzən onkoloji proses ağrıyla özünü göstərir. Xəstə özünü müayinə etdirir və xəstəlik üzə çıxır. Bu dönəmdə ağrıya yanaşma bir az fərqlidir.
Xəstəliyin başlanğıcında müalicənin effektivliyi baxımından onkoloqla bərabər alqoloqun da müdaxiləsi xəstəliyin strategiyasını dəyişə bilər. Xəstə ağrıyla müraciət edir, diaqnoz qoyulur, müalicə alır və ağrısı azalır. O, illərlə remissiya dövründə qala bilir və heç bir şikayəti olmur. Yüngül ağrılarını isə ağrıkəsicilərlə həll edə bilir.
Əgər ağrılar inkişaf etmiş bir onkoloji prosesdən qaynaqlanırsa, artıq bizim müalicələrimiz daha ciddi, daha radikal, daha kompleksli ola bilər. Dərman müalicələri ağrıların olub-olmamasından asılı olmayaraq mütəmadi hal alır. Bəzən üç-dörd dərmanı eyni gündə yaza bilərik. Bu, bədəndə mövcud ağrı hissiyyatlarının azalmasına yönəlmiş müalicədir.
Əgər bütün ağrıkəsicilərə baxmayaraq, ağrı hələ də xəstədə narahatlıq doğuran şəkildə qalırsa, o zaman müəyyən blokadalar, onurğaya yönləndirilmiş kateterlər tətbiq edilə bilər. Əlbəttə, bu blokadaların müəyyən riskləri var, bunlar da xəstəyə izah edilir. Əgər xəstə qəbul edirsə, tətbiq olunur. Yox, xəstə heç bir müdaxilə istəmirsə, dərman müalicəsi ilə davam edirik.
Tibbdə heç də hər zaman iki plyus iki dörd eləmir. Bəzən çox ağır yolları, fərqli müalicə vasitələrini sınaqdan keçirmək lazım gəlir. Xəstə də ruhdan düşməməli, həkimə güvənməlidir. Əgər bir üsul təsir etmirsə, başqa bir üsula baş vurub onu aradan qaldırmaq olar.
- Son iyirmi ildə onkoloji xəstələrin ağrılarının azaldılması üçün hansı yeni prosedurlar meydana çıxıb?
- Dünyanın bəzi ölkələrində son 20, bəzi ölkələrdə son 10 ildə tətbiq edilən, Azərbaycana isə yeni gəlib çıxan bir cihaz var. Türkiyədə adına "ağrı pili" deyilir. Müqaviməti güclü olan ağrılarda bütün vasitələr sınaqdan keçiriləndən sonra çarə ancaq bu cihaza qalır.
Bu cihaz onurğa beyninə taxılır, ağrı siqnallarının hədəf bölgədə beyinə ötürülməsinin qarşısı alınır və ağrı dayandırılır.
On beş il əvvəlki cihazlarla indiki cihazlar eyni deyil. Onkoloji xəstələrə olduğu kimi, qeyri-onkoloji xəstələrə də tətbiq edilir. Böyük ölkələrdə bu cihazlara baş vurma ehtimalı daha yüksəkdir. Bu barədə məlumatı az olan əhali arasında bu cihazın tətbiqi daha çətindir.
Xəstələr 10 ilə qədər rahatlıqla bu cihazdan istifadə edib ağrılardan xilas ola bilər. Əlbəttə, bədəndə hər hansı cihaz olanda, bunun fəsad yaratması da mümkündür. Məsələn, cihaz işləməyə, bükülə, kiçik narahatlıq ehtimalları ola bilər. Ona görə cihazın ayarlanması üçün xüsusilə ilk iki-üç ay dönəmində həkim nəzarətində olmaq lazımdır. Ta ki xəstə rahatlanana qədər.
Qeyd edim ki, hər xəstəyə "ağrı pili" taxılmaz, bu, psixoloji cəhətdən cihaza tab gətirə biləcək insanlara tətbiq edilə bilər.
- Azərbaycanda belə praktika varmı?
- Türkiyə praktikasında var, Azərbaycanda buna təzə başlanılıb. Bildiyim qədər, hansısa xəstəxanada iki qaziyə taxılıb və effekt əldə edilib. Xərcləri YAŞAT fondu qarşılayıb. Çünki bunlar bahalı cihazlardır və taxılarkən maddi dəstəyə ehtiyac var. Hazırda belədir.
Bəlkə 10 ildən sonra Azərbaycanda bu prosedurların tətbiqini rahatlıqla həyata keçirə biləcəyik. Ağrı mütəxəssisləri çoxaldıqca, bu sistem öz çözümünü tapacaq.
Türkəçarə üsulu təhlükəli ola bilər
- Tutaq ki, xəstənin həkimə, alqoloqa üz tutmaq imkanı yoxdur. Ev şəraitində ağrıkəsicilərdən istifadə etmək zərərli ola bilərmi?
- Kəskin ağrılarda istər-istəməz xəstə ağrıkəsicilərə üz tutur. Diaqnoz bəllidirsə, xəstənin yaşı və böyrək funksiyaları nəzərə alınmaqla, dozanı aşmamaq şərtilə istifadə edilə bilər. Ağrıkəsici qəbulu zamanı çoxlu mayedən istifadə etməyi məsləhət görürəm. Əks halda bədənə mənfi təsir göstərə bilər.
Elə xəstə var ki, gündə iki-üç ağrıkəsici qəbul edir, yetərincə maye içmir. Bir neçə gündən sonra müayinəyə gələndə artıq böyrək, qaraciyər funksiyalarının pozulduğunu görürük. Yetərincə maye olmayan bədənə dərman qəbulu təhlükə yarada bilir. Və dozalar diqqətə alınmalıdır. Ovuc-ovuc yox, gün ərzində bir, maksimum iki ağrıkəsicinin qəbulu məsləhətdir.
Əgər ağrı bir neçə gün ərzində keçmirsə, mütləq həkimə müraciət edilməlidir. Xüsusilə qarın boşluğu ağrılarına diqqət etmək lazımdır. Əgər problem apendisitdirsə, dərman onun ağrısını azalda bilər, amma bununla yanaşı, başqa problem yaranar: apendisit irinləyər, böyüyər, iltihablanar. Öd kisəsi də eynilə.
Səbəbi bəlli olmayan xəstəliklərdə ağrıkəsicilərdən kontrolsuz istifadə ciddi fəsadlara gətirib çıxara bilər.
- El arasında türkəçarə deyilən üsullar var. Çoxumuz bu üsulları görə- görə böyümüşük. Ağrılardan qurtulmaq üçün türkəçarə nə dərəcədə effektiv sayılır?
- Xalq təbabətində ağrını azaltmaq üçün müalicə üsullarından biri banka qoyulmasıdır. Məsələn, bir xəstə boynundan qoluna vuran dəhşətli sinir ağrısıyla mənə müraciət etmişdi. Adam xəstələnib, boyun bölgəsinə banka qoydurub. Sinir oyanıb, iltihablanıb. Qolunu hərəkət etdirə bilmir, nəticə etibarilə siniri yandırıb.
Bunlar ev şəraitində tətbiq olunub və xəstəyə ciddi zərər verib. Adı qripdən xəstə həkimlərə düşüb. Bəlkə də heç nə etməsəydi, qrip iki-üç günə keçərdi.
"Qan çıxartma" deyilən türkəçarə üsulu var. Bir bölgəni kəsib qan çıxarırlar. Qandurulaşdırıcı istifadə edənlərdə bu çox təhlükəlidir. Qan laxtalanması problemi olanlara da bunu tətbiq etmək qətiyyən olmaz.
Ya da adamın beli ağrıyır, belini dartdırır. Onurğanı dartırlar, qırırlar. Diaqnozu qoyulmayan xəstəliklərə belə müdaxilələr tətbiq etmək təhlükəlidir.
- Bəzən bizim insanlarımız ev şəraitində doğru olan və olmayan bütün vasitələrdən istifadə etməyə razıdırlar, təki həkimə getməsinlər. Həkimlərə niyə güvənmir insanlarımız?
- Həkimə və dərmana güvənsizlik var, bu, doğru hal deyil, xəstə həkimə güvənməlidir. Məsələn, mənim təhsil aldığım Türkiyədə həkimə güvənsizlik demək olar ki, yoxdur. Həkim nə yazırsa, ona əməl edirlər, çünki onlar bu tibbin içində böyüyüblər, gözlərini açandan bu tibbin tətbiq olunduğunu görüblər və ona inanıblar. Ən azından böyük şəhərlərdə belə problem yoxdur. Təhsil səviyyəsi aşağı olan insan belə həkimin tövsiyələrinə əməl edir.
Əlbəttə, türkəçarə üsulları onlarda da var, amma həkim və dərmanlara qarşı inamsızlıq bizdə olduğu qədər deyil.
- Bəzi hallarda həkimlərimizin insan həyatına laqeydliyi, yanlış müalicə, buna dair neçə-neçə nümunələr insanlarımızı həkimdən uzaq salır...
- Biz keçid dövrünə düşdük, problemlərimiz oldu. Əslində sovet dövründə də həkimə inamsızlıq vardı. Məncə, bundan sonra hər şey daha yaxşı olacaq.
İcbarı sığortanın ortaya çıxması, xəstələrin həkimlərə daha çox üz tutması, sistematik hal alması həkim xəstə-münasibətlərindəki problemləri ortadan qaldırır.
"Miqren xəstələri bunu əsla etməməlidir..."
- Gülüstan xanım, ağrı dedikdə miqren ağrıları da yada düşür, çünki miqrenin müalicə edilməyən xəstəlik olduğu deyilir. Bu ağrıları qismən də olsa, ortadan qaldırmaq mümkündürmü?
- Miqren şiddətli başağrısıdır. Ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə özünü göstərir.
Miqren genetik xəstəlik sayıla bilər. Ailəsində miqren olan insanların uşaqlarında və nəvələrində miqren ehtimalı yüksəkdir.
Xəstə miqren tutması başlamadan öncə bunu hiss edir, özünü qorumağa çalışır, səssiz, qaranlıq bir məkana çəkilir, ağrıkəsici içməyə başlayır.
Bəzən xəstə şiddətli ağrıdan qurtulmaq üçün üst-üstə beş-on dərman içir. Bu, həm bədənə mənfi təsir göstərir, həm də xəstəliyi daha da ağırlaşdırır. Miqrendə ağrıkəsici istifadəsi məhdud olmalıdır. Çünki ağrıkəsicidən sui-istifadə yeni şiddətli başağrıları meydana gətirir. Əgər xəstədə miqren tutmalarının xaricində başağrısı yox idisə, artıq sızlayıcı, gərginlik tipli başağrısı da əlavə olunur.
Miqren xəstəliyinin əlamətləri ilə qarşılaşan xəstə mütləq profilaktik müalicə üçün həkimə müraciət etməlidir. Əgər ağrıkəsici istifadəsi digər baş ağrılarına da səbəb olubsa, həmin ağrıların da müalicəsinə başlanmalıdır.
Alqoloqlar miqren ağrısının şiddətini azaltmaq üçün fərqli blokadalar tətbiq edə bilər. Miqren müalicəsində məqsədimiz tutmaların sayını azaltmaqdır. Məsələn, əgər xəstədə əvvəl bu tutmaların sayı 8-10 idisə, heç olmasa ayda maksimum 1 və ya 2-yə düşürməyə, şiddətini və ağrının davam etdiyi müddəti azaltmağa çalışırıq. Bu üçünə müalicə ilə nail olduqda, demək, xəstə artıq miqrenin öhdəsindən gələ bilər.
Onu da qeyd edim ki, miqren sadəcə dərman və müalicə ilə aradan qalxmır. Miqrenin səbəb olduğu amillər də araşdırılmalıdır. Əgər xəstə ağır iş rejimində çalışırsa - işini, ətrafdakılar gərginliyə səbəb olursa - çevrəsini, ümumilikdə hadisələrə, həyata baxışını dəyişməlidir.
- Fiziki ağrılardan heç də az rast gəlinməyən mənəvi ağrılar da var. Mənəvi ağrılar - fikir, düşüncə ağrı yarada bilirmi?
- Həyatdan qeyri məmnunsuzluq, yaşam tərzindən zövq almamaq, insanın öz arzularına yetə bilməməsi zamanla müxtəlif ağrılara səbəb ola bilir. Yaxud fərqli bir fibromialgiya simptomu ortaya çıxır. Bu hallar əzələ revmatizması deyilən xəstəliklə də qarşımıza çıxır.
Həyat şəraitinin dəyişilməsi, diqqətin dağıdılması ağrı sindromundan insanı uzaqlaşdıra bilər. Xəstə işini, maraqlı məşğuliyyətini birinci plana, ağrını ikinci plana atmalıdır. Bəzi sindromlar var ki, müalicələr yetərsiz qalanda müxtəlif psixoterapiya, diqqət dağıtma, musiqi dinləmə, rəsm çəkmə, fərqli psixoterapevtik göstərişlər fayda verir.
Hətta tibbdə "fikir boşaltma" deyilən bir metod var: beş dəqiqə oturub heç nə haqqında düşünməmək. Bunun özü belə depressiv fikirlərdən, ağrının hökmündən insanı uzaqlaşdırır.
Foto: Elnur Muxtar