18 Dekabr 2023 13:10
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası və Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Jurnalistika şöbəsinin təşkilatçılığı ilə "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının müzakirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin giirşində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolundan danışıb, XX əsr mətbuatının cəmiyyətimizə təsirindən söz açıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov nəşrə jurnalist baxışının zəruriliyini əsaslandırıb. Akademik çıxışında, habelə, kitabdakı ayrı-ayrı materiallara əsasən haqqında bəhs edilən dövrü iki hissəyə bölüb: "Birincisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkədəki çətin durumu aradan qaldırmaq yönümlü fəaliyyəti. İkincisi isə Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması".

Muxtar İmanov bu iki mərhələyə münasibətdə xarici mediadakı jurnalist yanaşmalarının həmin dövrlə bağlı dolğun nəticələr çıxarmağa imkan yaratdığını diqqətə çatdırıb.

"Xalq qəzetinin" baş redaktoru Əflatun Amaşova geosiyasi vəziyyətin gərginliyi dövründə ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqedən danışıb.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı kitabda yer alan kontraktlar, dövlət çevrilişinə cəhdlər və Azərbaycanın siyasi tarixinin ingilisdilli mətbuatda yer alan detallarına toxunub. O, ADU-nun bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.

Əməkdar jurnalist Tofiq Abbasov Heydər Əliyevin mətbuat siyasəti və xarici mətbuata çatdırdığı həqiqətlər barədə danışaraq ADU-nun yeni nəşrinin XX əsrin sonları haqqında informasiya və təbliğat sahəsində çox önəmli mövqeyə malik olduğunu vurğulayıb.

ADU-nun "Azərbaycan obrazı" Elmi-Tədqiqat Laboratoriyasının müdiri Aqil Şahmuradov bildirib ki, kitabın ərsəyə gəlməsində çoxlu mənbələrə müraciət olunub:

"Biz kitabda Azərbaycanın mədəniyyəti, Şərq və Qərbin uzlaşması, Azərbaycan musiqisi və tarixi ilə bağlı məqalələri toplamışıq. "Qurban qalib olanda cəllada dönür" fikrini əsas tutaraq kitabda qeyd olunan məqalələrin balansını qorumağa çalışmışıq. Universitetimizdə yerləşən "Amerikaşünaslıq" Elmi-Tədqiqat Labarotoriyasının səyləri nəticəsində toplanan məqalələri Azərbaycanda tapmaq elə də asan olmadı. Biz bu kitabı ölkədə siyasi qarışıqlıq barədə Fransa və Almaniya kimi dolğun mətbuata sahib ölkələrin həmin dövrə aid məqalələrini əldə edərək ərsəyə gətirmişik".

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d Aynurə Hüseynova kitabda toplanan məqalələr barədə çıxış edərək həqiqətlərimizin dünyaya çatdırılmasında ingilisdilli mətbuatın rolundan danışıb, müxtəlif illərə aid xarici mətbuat orqanlarının Azərbaycan və Birinci Qarabağ Müharibəsinə dair araşdırmalarına toxunub.

Azərbaycanın sabiq baş naziri, Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov kitabın ciddi mənbə kimi siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün olduqca faydalı vəsait olduğunu söyləyib.

ADU-nun Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı xarici mətbuatda Azərbaycan obrazının görünməyən tərəflərinə toxunub, 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr haqda danışıb.

Qeyd edək ki, məqalələr toplusu olan yeni nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları ahatə edir. Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın "Qeydlər" bölməsində şərhlər verilib. Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır.


Müəllif: Oruc Ələsgərov

Oxşar xəbərlər