27 Dekabr 2023 11:12
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Nazirliyin Aparatının və qurumlarının məsul vəzifəli şəxsləri, FHN Akademiyasının rəhbər və professor-müəllim heyəti, kursant və magistrləri iştirak ediblər.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolundan, çoxşaxəli və zəngin dövlətçilik fəaliyyətindən ətraflı bəhs ediblər. Bildirilib ki, Ulu Öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoyub. Azərbaycanın tərəqqisini və çiçəklənməsini əks etdirən böyük bir tarixi dövrün Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edən natiqlər vurğulayıblar ki, Ümummilli Liderin mənalı həyatı və titanik fəaliyyəti xalqımızın milli sərvəti və xəzinəsi olaraq gələcək nəsillər üçün örnəkdir.

Çıxışlarda xüsusi vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilərək beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub. Vətən müharibəsində əldə olunan böyük Zəfər məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Ümummilli Liderin müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək intellekti, parlaq zəkası, mükəmməl sərkərdəlik məharəti ilə həyata keçirildi, tarixi Zəfər qazanıldı. Bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçirilərək suverenliyimiz tam bərpa olundu.

Sonra Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsi FHN-in hərbi orkestrinin konsert proqramı ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər