Elmi-publisistik jurnalın on üçüncü sayı işıq üzü görüb
Nəfis tərtibatlı nəşr Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimini əks etdirən yazı ilə başlayır. "Parisdə "Azərbaycan şəhərciyi"nin açılışı" məqaləsi Azərbaycan mədəniyyətinin Avropada təbliğinə həsr olunub.
Teleqraf.com xəbər verir ki, Akademik Teymur Bünyadovun "Şah əsərimizdi..." məqaləsi ömrünü Azərbaycan etnoqrafiya elminin inkişafına həsr etmiş görkəmli alimin milli xalçaçılıq sənətinin tarixi, onun ayrı-ayrı məktəbləri, nümunələri, həmçinin ötən il istifadəyə verilmiş Xalça Muzeyi haqqında düşüncələrini əsk etdirir.
Jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxuncularının görüşünə gəlmişdir. Professor Vidadi Muradovun "Qırmızı qəsəbə: sinaqoqdan xalçayadək" Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuş məqaləsi Qubanın Qırmızı qəsəbəsinə ekspedisiya materialları əsasında hazırlanıb. Yazıda Qubada yaşayan dağ yəhudilərinin Azərbaycan ərazisində məskunlaşma tarixi, onların dini dünya görüşləri, qəsəbənin sinaqoqları, eyni zamanda, xalçaçıları, boyaqçıları, xalça tacirləri haqqında geniş məlumat təqdim olunub.
Tarix elmləri doktoru Şirin Bünyadovanın "Namazlıq" məqaləsi Azərbaycanda bu xalçaların yaranma tarixindən, onların naxış-kompozisiya sistemindən, texniki göstəricilərindən bəhs edir.
Türkiyəli xalça tədqiqatçısı Şərifə Atlıhanın "Anadolu və Azərbaycan xalçalarında oxşar xüsusiyyətlər" adlı yazısı həm mütəxəssislər, həm də geniş oxucu kütləsinə tarixi, sənətkarlıq aspektindən müqayisələr aparmaq imkanı yaradacaq.
"Azərbaycan xalçaları" jurnalının bu sayının üz qabığını 1926-cı ildə Qarabağda toxunmuş və üzərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı (may-noyabr 1918-ci il) əks olunmuş xalçanın fotoşəkli bəzəyir.
Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi Vidadi Muradovdur.
NİGAR