Fuad Zeynallının 90 illiyinə ithaf
Türkiyədə mühacir ailələrin övladları, nəvələri ilə görüşəndə, arxivlərdə, kitabxanalarda çalışanda, məzar daşlarını təmizləyib şəkillərini çəkəndə, hər yeni material əldə edəndə ağlıma daha əvvəl görülmüş işlər gəlir, bizdən sonra da bu çalışmaların davamının olacağını düşünüb ümidlənirəm. Məndən əvvəlki nəslin şansı çox idi, çünki birinci nəsil mühacirlərin övladları sağ idi, böyük arxivlər qorunmuşdu, hər şey sıfırdan yazılacaqdı, həyəcan çox idi. Nəticədə bu gün aramızda olmayan Ramiz Abutalıbov, Aydın Balayev, Əzizə Cəfərzadə, Mövsüm Əliyev, Hafiz Sadıq, Xanlar Bayramov kimi tədqiqatçılar ilk məqalələri yazdılar, Fransadan, Türkiyədən qiymətli mənbələr ölkəmizə gətirildi. Eyni zamanda o illərdə Ziya Bünyadov, Nəsib Nəsibzadə, Ədalət Tahirzadə, Vilayət Quliyev, Nəsiman Yaqublu, Abid Tahirli və sair kimi alimlər Cümhuriyyət və mühacirət irsi ilə bağlı maraqlı əsərlər ərsəyə gətirdilər. Eləcə də “Vətən” cəmiyyəti və onun mətbu orqanları bu yolda mühüm işlər gördülər.
Dövrün tədqiqatçıları arasında unudulmuş bir şəxs də var: “Əski Müsavatçılar Nəsli” Beynəlxalq Cəmiyyətinin sədri Fuad Zeynallı. 1995-ci ildə vəfat edən Fuad bəyin bu il 90 illik yubileyidir. Fədakar insanların əziyyətlərinin unudulmaması, tarixdə qalmaları üçün onlar haqqında məqalələr yazılmalı, irsi toplanılmalı, çap edilməlidir.
Fuad Zeynallının və cəmiyyətinin gördüyü işlər haqqında kitab hazırladığım bir məqamda onun və atasının bioqrafiyasını məqalə şəklində yazmağı münasib bildik. Ümid edirik ki, Fuad bəyi tanıyanlar arasında bu yazını oxuyanlar hazırlayacağımız kitaba bilgiləri, bəlgələri ilə kömək edəcəklər.
***
Fuad Zeynallı 1934-cü ildə Bakının Balaxanı kəndində doğulub. 16 yaşından etibarən əmək fəaliyyətinə başlayıb, 1950-1964-cü illərdə fəhlə, sürücü, çilingər peşələrində işləyib. 1969-cu ildə teatrşünas ixtisası üzrə İncəsənət İnstitutunu bitirib. 1964-1967-ci illərdə Bakıxanov qəsəbəsindəki Mədəniyyət Sarayındakı (MS) dram dərnəyinin rəhbəri, az sonra direktor müavini, 1968-1969-cu illərdə Qaraçüxurdakı MS-in direktoru, 1969-1972-ci illərdə Suraxanıdakı MS-in direktoru işləyib. 1973-1974-cü illərdə 1 saylı Texniki-peşə məktəbində müəllim, 1974-1990-cı illərdə Mərdəkandakı Abşeron səyahətlər bürosunun direktoru olub.
1991-ci ilin sonunda “Əski Müsavatçılar Nəsli” Beynəlxalq Cəmiyyətini yaradıb.
Balasadıq Zeynallı kimdir?
Fuad bəyin atası Balasadıq Zeynallı (1887-1937) ozamankı Müsavat firqəsinin üzvü olub, Solovki konslagerinə göndərilib, 1937-də orada da güllələnib. Atası haqqında yazdığı məqaləsində Fuad bəy onun fəaliyyətini bu cür təsvir edib: “Balasadıq Hürmüz oğlu Zeynalov Müsavat partiyası Balaxanı-Sabunçu rayon təşkilatının sədri, 1918-ci il mart hadisələrində İçərişəhərin müdafiəçilərindən biri, Abşeron neft mədənlərinin mühafizəsi idarəsinin rəisi olmuşdur. 1920-ci il işğalından sonra Müsavatın Bakıda yaratdığı Müqavimət Komitəsi rəhbərliyinin fəal üzvü kimi həbs olunub, Solovkiyə göndərilir. 1932-ci ildə oradan qaçıb Bakıya qayıdır. 1937-ci ildə yenidən həbs edilir. Onu da qeyd edək ki, M.Ə. Rəsulzadədən sonra Bakıda Müsavat Partiyasının lideri Mirzə Bala Məmmədzadənin İrana qaçırılmasını Balasadıq Zeynalov təşkil etmişdi”.
Balasadıq Zeynalov Səfagül Məşədi Xəlifə Əli qızı ilə ailə həyatı qurmuşdu.
Atasını üç yaşında itirən Fuad bəyə 1991-ci ildə atasının da daxil olduğu firqənin, eləcə də Cümhuriyyət xadimlərinin övladlarını, digər qohumlarını öz ətrafında birləşdirən cəmiyyət yaratmaq qismət olub.
Cəmiyyət necə yaradıldı?
1992-ci il fevralın 8-də əski Müsavat firqəsinin üzvlərinin övladlarını və nəvələrini özündə birləşdirən “Beynəlxalq Əski Müsavatçılar Nəsli” cəmiyyətinin təsis konfransı keçirilib. Konfransda cəmiyyətin proqram və nizamnaməsi qəbul edilib, idarə heyəti, təftiş komissiyası və sədri seçilib. Tədbirdə 60-dan çox nümayəndə, 15 nəfər qonaq iştirak edib. Azərbaycan Milli Müsavat Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəsib Nəsibzadə nümayəndələr qarşısında çıxış edib, cəmiyyətin yaradılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətin sədri Fuad Zeynallı seçilib. Sədrin müavini memar Yusif İbrahimli olub.
1992-ci ilin aprel ayında cəmiyyətin sədri Fuad Zeynallı əski müsavatçıların nəslinə müraciət edib: “Əziz həmvətənlər! Bakıda rəsmi fəaliyyət göstərən “Əski Müsavatçılar Nəsli” beynəlxalq cəmiyyəti respublikanın bütün bölgələrində və xarici ölkələrdə özünün yerli şöbələrini təsis etməkdə davam edir. Özünün nizamnamə tələblərinə uyğun olaraq cəmiyyət müsavatçılar nəslinin (övladları, nəvə-nəticələri) maddi, mənəvi və mədəni tələbat qayğılarını ödəmək, müsavatçıların tarixi xidmətlərinin axtarışlarında bulunmaq, onların adlarını əbədiləşdirmək, müsavatçılıq ideyalarını təbliğ etmək, habelə başqa ölkələrdə güclü azərbaycanlı icmaların təşəkkülünə nail olmaq istiqamətlərində fəaliyyət göstərir.
Əziz həmfikirlər! Sizin yaşadığınız rayonda (şəhərdə) cəmiyyətin şöbəsini yaratmaqdan ötrü AXC informasiya mərkəzindən öz ünvanınızı qoymaqla məlumat ala bilərsiniz”.
“Yeni Müsavat” qəzeti 1993-cü ildə cəmiyyətin keçirdiyi tədbir haqqında məlumat verilib:
“19 mart 1993-cü il Dəniz Qaz Layihə İnstitutunun geniş zalında əyləşmiş Fuad Zeynallının, Yusif İbrahimlinin, Arif bəyin və o timsalda olanların sevincini təsəvvür etmək üçün bəlkə də, bir müsavatçı ömrünü yaşayıb, onun ağrısını dadmaq gərəkdir. Bir il əvvəl “Yeni Müsavat” qəzeti səhifələrində əski müsavatçıların övladları özlərini tapıb və bir az sonra Fuad Zeynallının rəhbərliyi altında “Əski Müsavatçılar Nəsli” beynəlxalq cəmiyyətində birləşdilər. Bu bir ilin ərzində cəmiyyət nümayəndələrinin sədası haralardan eşidilmədi? – Fransadan Azər Sinanoğlu, Almaniyadan (Bonn şəhəri) Azərbaycan Demokratik Respublikasının ilk maliyyə nazirinin oğlu Fuad Əmircan, M. Ə. Rəsulzadənin ən yaxın silahdaşı Kərim Odərin bacısı Ruqiyyə Zeynallı, Türkiyədən Ziyad Əbüzziya və başqaları cəmiyyətin sədasına hay verdilər...”
Cəmiyyətin idarə heyətinin 10 dekabr 1994-cü il tarixli qərarı ilə Azərbaycan Kültür Dərnəyinin idarə heyətinin üzvü, jurnalist İsa Yaşar Tezel təşkilatın Türkiyə şöbəsini yaratmaq məqsədilə bu ölkədə səlahiyyətli təmsilçisi seçilib.
Cəmiyyətin sədri Fuad Zeynallının Türkiyədə əlaqədə olduğu və azərbaycanlı mühacirləri tapmaqda kömək istədiyi şəxs jurnalist, siyasətçi, II Dünya müharibəsi dövründə əsir düşərgələrini gəzərək türk əsirlərin xilasına çalışan Ziyad Əbüzziya idi. Ziyad Əbüzziya arxivində Fuad Zeynallının ona göndərdiyi üç məktub yer alıb.
Fuad bəy “Yeni Müsavat”, “Ordu” kimi qəzetlərdə əski müsavatçılar haqqında məqalələr yazıb, mütəmadi olaraq toplantılar keçirib, mətbuata müsahibələr verib. O, ötən yazımızda bəhs etdiyimiz kimi Azərbaycan Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanın Almaniyada yaşayan oğlu Fuad bəyi ölkəmizdə dəvət edib, geniş ictimaiyyətə tanıdıb.
Cəmiyyətin sədri olduğu dövrdə Fuad bəy “Oxşar talelər”, “Bir ömrün iki anı”, “İsmayıl Əkbər haradadır?”, “28 May milli istiqlal günü”, “Solovki həbs düşərgəsinin ilk məhbusları”, “Bərabərlik və istiqlal mübarizləri” kimi yazılar qələmə alıb.
Cəmiyyətin 13 oktyabr 1993-cü il tarixli qərarı ilə M. Rəsulzadənin silahdaşı, Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli qurumun fəxri sədri seçilib. Azərbaycan Milli Mərkəzi də 26 iyul 1994-cü il tarixli məktubu ilə Fuad Zeynallının 60 illik yubileyini təbrik edib.
“Əski Müsavatçılar Nəsli” Beynəlxalq Cəmiyyətinin 12 fevral 1994-cü il tarixli qərarı ilə Cümhuriyyət naziri Xudadad bəy Rəfibəylinin nəvəsi, yazıçı Anar cəmiyyətin fəxri üzvü seçilib. Eləcə də müvafiq qərarlarla Ziya Bünyadov, Şirməmməd Hüseynov, Əhməd Qaraca və digərləri də fəxri üzv kimi qəbul ediliblər.
Fuad bəy bu illərdə səhhətindəki problemlərdən əziyyət çəkib, nəticədə 11 fevral 1995-ci ildə vəfat edib. Ondan sonra cəmiyyətin sədri M. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə seçilib.