19 Yanvar 16:41
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatın bəndində qeyd edilir ki, "Total" da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Müqavilə şərtləri və digər beynəlxalq razılaşma qaydaları imkan verirmi ki, "Total"la müqaviləyə son qoyulsun?

- Müqavilə şərtlərinin dəyişdirilməsi hər iki tərəfin razılığı əsasında olur. Şərtlərin birtərəfli qaydada pozulması müqavilədə qeyd edilməlidir. Tərəflərin biri hər hansı məsələ ilə razılaşmasa, məsələ Avropa İqtisad Arbitrajında baxılır. Baxılma müddəti də məhkəmənin gedişatından asılıdır. Yəni mexanizm belədir.

İndiyədək Azərbaycanda heç bir müqavilənin nə nöqtəsində, nə də vergülündə dəyişiklik edilib. Yalnız bir müqavilədən başqa “Azəri”-“Çıraq”-“Günəşli” razılaşması 2017-ci ilin 14 sentyabrında dəyişdirildi. Ancaq bu, Azərbaycan hökuməti və həmin layihənin səhmdarları arasında qarşılıqlı razılaşma əsasında oldu.

- Bəs beynəlxalq hüquqla bu məsələ necə həll olunur?

- Venesuela Amerika şirkətlərini 2000-ci ildən başlayaraq ölkədən qovdu, hamısı ilə də 20-30 illik müqaviləsi vardı. Beynəlxalq məhkəmə bəzilərinin, o cümlədən "Şevron” şirkətinin haqqını tanıdı. Onun pulunu hissə-hissə ödədi.

Qazaxıstanda adətən hökumətlə xarici şirkətlərin fikirləri üst-üstə düşmür, məhkəmələrdə və ya məhkəməsiz çəkişmələrdədirlər.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin qəbul etdiyi sənəd isə tövsiyə xarakterlidir. Parlament bunu da ona görə qəbul edib ki, Fransa senatı Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı qətnamə çıxarıb. Yəni Azərbaycanın addımı adekvatdır. Fransa şirkətlərini, o cümlədən "Total"ı nə sıxışdırırıq, nə də aşağılayırıq. Sadəcə Fransa tərəfindən bizə münasibət necədirsə, o cür adekvat addımlar atırıq. Onların qəbul etdikləri sənəd də tövsiyə xarakterlidir. Biz hadisələrin gedişatını izləyəcəyik.

- Azərbaycan tərəfi "Total"la bağlı qərar qəbul edərsə, ölkəmiz Beynəlxalq Arbitraj məhkəməsinə verilə bilərmi?

- Mümkündür. Müqavilədə fors-major halları var. O paya uyğun bazar qiyməti müəyyənləşdirilib, qovulan şirkətin pulunu ödədikdə çıxıb gedir. Məsələn, Rusiya elə etdi. Dünya dağılmadı ki... Heç bir problem yaranmadı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər