29-31 yanvar 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, “Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə humanitar əməliyyatlarda fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlim zamanı Dəstənin şəxsi heyətinin “INSARAG” qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, təlim iştirakçılarına idarəetmə və qarşılıqlı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, həmçinin onların bu sahədə bilik və bacarıqlarının artırılması qarşıya qoyulan əsas məqsədlərdən olub.
Yanvarın 29-da dəstənin idarə heyəti ilə təlimə hazırlıq məqsədilə Mülki müdafiə qoşunlarında toplantı keçirilib. Toplantıda Beynəlxalq axtarış-xilasetmə dəstəsinin vəzifələrinə və fövqəladə hallar zamanı fəaliyyət üzrə sənədlərə diqqət yetirilib, eyni zamanda bundan əvvəl təşkil olunmuş təlimlər, eləcə də Dəstənin şəxsi heyətinin beynəlxalq təlim və kurslarda iştirak etmiş əməkdaşları tərəfindən öyrənilmiş təcrübə təlim iştirakçıları ilə bölüşülüb. Həmçinin, mütəxəssislər tərəfindən tibbi və psixoloji mövzular üzrə mühazirə edilib, yaranmış suallar cavablandırılıb.
Təlimin rəhbəri Nazirliyin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin vəzifələri, humanitar əməliyyatlara hazırlıq, fəlakət baş vermiş əraziyə yürüş və axtarış-xilasetmə əməliyyatlarında iştirak zamanı diqqətdə saxlanılması vacib olan məsələlər barədə təlim iştirakçılarını məlumatlandırıb.
Daha sonra təlimə start verilib. Nazirliyin Mülki müdafiə qoşunlarında reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti baş vermiş zəlzələ ilə əlaqədar yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, müvafiq plan əsasında səfərə hazırlıq işlərinin aparılması, texniki vasitələrin “zərərçəkmiş” zonaya çatdırılması təmin olunub. Təlim prosesində şərti hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı, həmçinin yerli fövqəladə hallar orqanı (LEMA) ilə qarşılıqlı fəaliyyət, gömrük və sərhədkeçmə prosedurlarının yerinə yetirilməsi, media nümayəndələrinə müsahibə verilməsi üzrə qaydaların tədrisi diqqət mərkəzində saxlanılıb. Təlimdə fəaliyyətə dair təhlükəsizlik qaydalarının öyrənilməsinə, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına, beynəlxalq təlimatlarda nəzərdə tutulan fəaliyyətin planlaşdırılması və icrası üzrə plan, məlumat və hesabat xarakterli sənədlərin hazırlanması üzrə bilik və bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.