21 Fevral 13:46
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kimliyindən asılı olmayaraq istənilən Azərbaycan Respublikası vətəndaşının Ermənistanın işğalına, Ermənistan terroruna və Ermənistan vandallığına qarşı bildirdiyi fikirə görə heç bir ölkədə həbs edilə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Kamil Zeynallının həbsi ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O təəssüflə bildirib ki, Rusiya hüquq mühafizə orqanları Ermənistanın beynəlxalq axtarışa verdiyi Kamil Zeynallını Moskvanın Domodedovo hava limanında saxlayıb:

“Ermənistan bu gün Rusiyaya meydan oxuyur. Ermənistan bu gün KTMT-dən çıxmaq və NATO-nu öz ərazisinə gətirmək istəyir. Ermənistan Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Bütün bunların fonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşının heç bir əsas olmadan saxlaması yolverilməzdir.

Hesab edirəm ki, bu artıq bir fərdin saxlanması deyil, bu beynəlxalq məsələyə çevrilir. Bu məsələdən belə nəticə hasil olur ki, Ermənistanın vəhşiliyi, Ermənistan vandallığı barədə fikir bildirən istənilən vətəndaş xaricdə saxlanıla bilər. Bu bir president yarada bilər. Yəni hüquq mühafizə orqanları gələcəkdə digər vətəndaşlarımıza qarşı da belə hərəkətlər edə bilər. Ona görə də baş verənləri qətiyyətlə pisləyirik”.

Çingiz Qənizadə Kamil Zeynallının videomüraciətinə baxdığını deyib:

“O deyir ki, yaxın saatlarda məhkəməyə çıxarılacaq. Ümid edirəm ki, məhkəmə ermənilərin əsassız iddiasını rədd edəcək. O sərbəst qalacaq.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı cinayət törətmiş yüzlərlə erməni barədə Azərbaycanın Baş Prokurorluğu cinayət işinə başlayıb və həmin şəxslər beynəlxalq axtarışa verilib. Çox təəssüf ki, beynəlxalq axtarışda olan ermənilərin heç biri Rusiyada saxlanılıb, Azərbaycana təhvil verilməyib. Bəs, belə vəziyyətdə beynəlxalq hüquq və beynəlxalq öhdəlik harada qalır?!”

Həmsöhbətimiz sonda onu da deyib ki, artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu açıqlama verib:

“Açıqlamalardan aydın olur ki, ölkəmizin rəsmi qurumları Kamil Zeynallının həbsini dövlət səviyyəsində diqqətdə saxlayır”. // Bizim.Media


Müəllif: Teleqraf.com