24 Fevral 08:50
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çar Rusiyası dövründə Osmanlıdan Bakıya dəvətlə gəlib maarif işləri ilə məşğul olan şəxslərdən biri də Müəllim Cövdət idi. O, 1883-cü ildə Boluda doğulub, ibtidai və orta məktəbi orada, liseyi Kastamonuda bitirib. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə daxil olub. Fransızca, ərəbcə öyrənən Cövdət Darüşşəfəqə məktəbində və digər yerlərdə dərs deyib.

1907-ci ildə H.Z. Tağıyevin dəstəyi ilə Bakıya gələn Cövdət qısa zamanda şəhərə alışıb, yeni tədris proqramı hazırlayaraq darülmüəllimində müdirlik edib. Onun Azərbaycandakı fəaliyyəti Türkiyə-Azərbaycan təhsil tarixi baxımından olduqca əhəmiyyətlidir.
Türkiyə Cümhuriyyətinin elanından sonra da müəllimlik fəaliyyəti ilə məşğul olan Cövdət 1926-1930-cu illərdə Robert Kollecində türk dili və tarixdən dərs deyib, İstanbul Kitabxanaları Təsnif Heyətinin rəisi olub. 1935-ci ildə vəfat edən Cövdət bəyin zəngin kitabxanası və arxivi qorunub saxlanılıbdır.

1937-ci ildə Osman Ergin onun xatirəsinə “M. Cövdət. Həyatı, əsərləri və kitabxanaları” adlı kitab həsr edib. Kitabda Cövdəti Azərbaycandan tanıyan Əhməd Ağaoğlunun, Əhməd Cəfəroğlunun və Məhəmmədşərif Əfəndizadənin məqalələri də yer alıb.
Həmin topludan Türkiyədə Bilgehan soyadı ilə tanınan Məhəmmədşərif Əfəndizadənin məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***
1905-ci ilə qədər Azərbaycan türklərinin məscidlərə bağlı mədrəsə və ibtidai məktəblərdən başqa orta və ali dərəcəli məktəb açmağa səlahiyyətləri yox idi. Ruslar yaponlarla aralarında baş verən 1904-cü il müharibəsində məğlub olduqdan sonra Rusiyada bir inqilab olmuş və bu inqilab nəticəsində Azərbaycan türklərinə də Bakıda bir darülmüəllimin açmaq üçün səlahiyyət verilmişdi. Bakılı milyonçu Hacı Zeynəlabidin Tağıyevin hümməti ilə Kladbişşinskaya (məzarlıq yolu) küçəsində Axundovun evində açılan darülmüəllimin üçün Türkiyədən bir müdir cəlbi düşünülmüş və bu müdiri intixab üçün də Bakıda ibtidai məktəblərdə müəllimlik edən axısqalı Hafiz Məhəmməd Şeyxzadə İstanbula göndərilmişdi. Hafiz Məhəmməd dəxi İstanbuldan ayda ona üç yüz rubl (təxminən 35 qızıl lirə) maaş verilmək üzrə Cövdəti intixab edib Bakıya gətirmişdi.

Mən Cövdəti məhz bu tarixlərdə Bakıda tanıdım. Cövdətin bu məktəbdə müavini olan Əbdürrəhman Tofiq əmizadəm olduğundan onu görmək üçün məzkur məktəbə baş çəkdikcə Cövdət ilə də söhbətləşir və o zamana qədər bilmədiyim, fəqət uzaqdan adətə tapındığım Türkiyə və İstanbul haqqında özündən məlumat istəyərdim. Cövdət Bakıda iki il qaldı. Nə gizlədim, ilk vaxtlar ondan xoşum gəlməmiş, bir az qəribə hesab etmişdim. Çünki olduqca ciddi, çox əsəbi olduğu üçün söylənilən hər sözə etiraz edər, hər şeydən çəkinər və qorxardı. O zamanlar Cövdətin təbiətində xudpərəstlik və istibdad imarələri görünürdü. Öz fikrini bəyənər və kimsəyə söz söyləmək istəməzdi. Əbdülhəmid dövründə tələbə olaraq İstanbulda yaşamaqdan mütəvəllid onun bu təbiəti Bakıda qaldıqca get-gedə azalmış və nəhayət, ikinci il onunla xoşlanmaq qabil ola bilmişdi. Məhz bu ikinci ildə onu tanımış, onunla gəzintilərə çıxmış, Bakı civarındakı bəzi yerləri birlikdə dolaşmışdıq.

Məşrutiyyətdən əvvəl Türkiyədən Qafqaza gedənlər çox az olurdu. Ramazanda cer (Osmanlı zamanında mədrəsə tələbələrinin bir illik dolanışığını qarşılamaq üçün yığılan yardım pulları - D.Ə) üçün gələn bir neçə xoca ilə bəzən Avropaya fərar edib oralardan keçən bir neçə zatdan başqa Qafqaza Türkiyədən kimsə getməzdi. Bundan dolayı xalq türkiyəli bir türk görməz, tanımazdı. Hətta o zamanlar Bakıda türk şəhbəndəri (kosnul) belə yoxdu.

Cövdət fəsli şəkildə küçəyə çıxdıqca (o zamanlar fəs dəxi Türkiyənin simvolu ədd edildiyi üçün) bir çox kimsə bir türkiyəli türk görə bilmək arzusu ilə onu seyrə çıxar, onu səmimi məhəbbətlə təqib edərdilər. Cövdət darülmüəllimin tələbəsinin fəs geyinmələrini arzu edincə bir ay zərfində bütün tələbə Türkiyədən və Batumdan fəs tədarük etmiş və bu surətlə Bakıda bir çox fəsli insanlar görülmüşdü.

Cövdətdən sonra Bakıya gedib müəllimlik və qəzetəçilik etmiş şair Əhməd Kamal (indi Beykoz bələdiyyəsinin baş katibidir) və yaxud əslində azərbaycanlı ikən İstanbulda təhsil alıb, sonra oralara getmiş Əli Hüseynzadə qədər Cövdətin Azərbaycan maarifinə xidməti olmamışdır. Fəqət o yerlərin əhalisi ilk əvvəl Cövdət ilə Türkiyəni tanımış və sevmişdilər.

Cövdət etiqadlı olduğu üçün içki içməz, barlara və meyxanələrə getməz, hər cür sərgüzəştlərdən uzaq durar, xülasə əksəriyyətlə xalqın ideal bildikləri bir tip olaraq yaşardı. Avam və mütəəssib xalq bütün türkiyəli türklərin Cövdət kimi olduqlarını zənn edib Cövdəti də, Türkiyəni də sevmişdilər. Cövdətin o yerlərdə etdiyi ən böyük xidməti məhz bu olmuşdur. Onun bir xidməti də istər tələbəsinə, istərsə də söhbətləşdiyi kimsələrə əski əsərlər haqqında hörmət və qiymət təlqin etməsi, sevdirməsi olmuşdur. Bakıda olduğu müddətdə özü də mütəmədiyyən əski və qiymətli kitablar topladığı kimi tələbəsinə də bu hissi verə bilmişdi. Onun Bakıdan və darülmüəllimin müdirliyindən ayrılmağı da fəzilətkəranə olmuşdu.

1905-ci il məğlubiyyəti üzərinə milli bir darülmüəllimin açmaq üçün türklərə verdikləri imtiyazı ruslar get-gedə təzyiq göstərib, nəhayət, türkiyəli bir kimsənin məktəb müdiri ola bilməyəcəyini bildirmiş, proqramlarında da bir çox rusca dərslər əlavə etmək istəmişdilər. Mövcud vəziyyəti qurtarmaq üçün yerlilərdən birini müdir göstərib Cövdətin yenə həqiqi müdir qala biləcəyi söylənmişdirsə də, artıq içində rusca dərs oxudan rus müəllimlərinin olduğu bir məktəbdə də qala bilməyəcəyini bildirmiş və çox sevdiyi Bakını və məktəbini tərk etmişdi. Bununla yanaşı Cövdətdə Bakı və Azərbaycan məhəbbəti çox qüvvətli idi. Mənə rast gəldikcə ilk soruşduğu sual Azərbaycana dair olurdu və verdiyim cavabları da çox maraqla dinləyərdi.
Cövdət ölümü ilə Azərbaycan dəxi həqiqi bir dostunu qeyb etmişdir.

P.S. Xatirələrin müəllifi Məhəmmədşərif Əfəndizadə 1887-ci ildə Şamaxıda doğulub, buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib.Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib.O, İsveçrədə Cenevrə universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb.Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər