15-18 aprel 2024-cü il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Vorvik Universiteti ilə birgə bərpa olunan enerji sahəsində magistratura səviyyəsində həyata keçirilən İkili Diplom Proqramının Rəhbər Komitəsinin görüşləri keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşlərdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetdən 5 nəfərdən ibarət nümayəndə heyəti, eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova iştirak ediblər. İşguzar görüşdə hər iki ali təhsil müəssisəsinin nümayəndə heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərinin məruzələri dinlənilib.
Səfər çərcivəsində Rəhbər Komitənin iclasından sonra Azərbaycan nümayəndə heyəti Vorvik Universitetində “Təchizat zəncirinin idarə olunması”, “Menecment”, “Kimya mühəndisliyi”, “Kibertəhlükəsizlik” kimi müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. Azərbaycandakı müxtəlif universitetləri bitirib Vorvik Universitetində magistratura təhsillərinə davam edən tələbələr arasında ADNSU-nun məzunları da olub.
Görüşün əvvəlində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq ADNSU və Vorvik Universiteti arasında baş tutan İkili Diplom Proqramları barədə tələbələrə məlumat verib. Proqram çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin cari ilin iyul ayında Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) departamentində təşkil olunacaq “Yay məktəbi”nə qatılacaqları qeyd olunub. Burada təhsil alan azərbaycanlı tələbələrin Böyük Britaniyaya səfər edəcək tələbə həmkarları ilə görüşmə imkanlarının olacağı onların diqqətinə çatdırılıb. Tələbələr də öz növbəsində bu xəbəri sevinclə qarşılayıb, İkili Diplom Proqramı üzrə təhsil alan tələbələrə bacardıqları dəstəyi göstərəcəklərini bildiriblər. Görüşdə iştirak edən hər bir tələbə Vorvik Universitetindəki təhsil təcrübələri barədə şəxsi fikirlərini bölüşüblər.
Qeyd edək ki, görüşdə iştirak edən tələbələrin əksəriyyəti Dövlət Proqramı çərçivəsində Vorvik Universitetində təhsil alan gənclər olub. Tələbələr gələcəkdə ölkələrinə mütəxəssis kimi qayıdaraq fayda verməkdə maraqlı olduqlarını və buna görə onlara yaradılan şərait üçün səmimi təşəkkürlərini ifadə ediblər.
Görüş zamanı tələbələrin Vorvik Universitetində təhsilləri ilə bağlı məsələlər yaxından öyrənilib, sual və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.