Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş azərbaycanlı jurnalist 11 iyun tarixində Köln/Bonn Hava Limanında saxlanılmış və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilmişdir. Həmin tədbirə dəvət edilmiş azərbaycanlı jurnalist bir neçə saat hava limanında saxlanıldıqdan sonra Almaniyanın müvafiq orqanları tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində bu tələbə dair hər hansı qanuni əsasın olmadığı aydınlaşdırılmış və bundan sonra jurnalistin ölkəyə girişinə icazə verilmişdir.
Azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu, informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.
Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət etmişdir.
Xüsusilə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr edilmiş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir.
Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır.