Azərbaycanda benzin və dizelin qiymətlərində dəyişiklik edilib. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Bu gündən A-92 markalı benzin 1 manat 10 qəpiyə, A-95 markalı benzin isə 1 manat 60 qəpiyə satılır. Metro və avtobuslarda gedişhaqqı isə 50 qəpik təşkil edir. Bundan sonra ictimai nəqliyyatda hansı dəyişikliklər olacaq?
Teleqraf.com-a danışan nəqliyyat eksperti Aslan Əsədov sualı belə cavablandırıb:
“Təbii ki, heç bir cəmiyyətdə qiymət artımı sevinclə qarşılamırlar. Ancaq bəzi qərarların labüdlüyü də nəzərə alınmalıdır. Bir müddət əvvəl ictimai nəqliyyatda qiymətlərin dəyişdirilməsi ilə bağlı bir qrup sahibkar Milli Məclisə və Nazirlər Kabinetinə müraciət etmişdi. Onlar bildirirdilər ki, xərclər çoxdur, mövcud qiymətlər bu xərclərə kifayət etmir. Təklif edirdilər ki, gedişhaqqı qiymətlərinə yenidən baxılsın. Ancaq təklif baxılmamış saxlandı. Daha sonra qiymətlərin dəyişdirilməsi zərurətə çevrildi. Qiymətlərlə bağlı qərar çoxşaxəlidir. Bu, nəqliyyatın digər sahələrinə də aid olduğu üçün bu məsələ ümumiləşdirilib, konkret bir nəticəyə gəlməklə qiymətlərin dəyişdirilməsi aparılıb.
İctimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması, komfortun tənzimlənməsi kimi məsələlər gündəmdədir. Yeni avtobus zolaqların çəkilməsi, maşrut xətlərinin nizamlanması, yeni avtobusların ölkəyə gətirilməsi kimi məsələlər də görüləsi işlərin tərkib hissəsidir”.
Ekspert taksilərlə bağlı bu gün qüvvəyə minən qərara da münasibət bildirib:
“Taksilərdə bu gündən qiymət artımına rast gələ bilərik. Burada süni maneələr də var idi. Taksilərin müəyyən texniki parametrlərə cavab verməsi proses gedirdi. Bu, çoxdan başlamış proses idi. Sonda bugünki qərarlarla yekunlaşdı. 1 iyuldan etibarən taksilərlə bağlı görülən işlərin nəticəsinə baxılır. Hazırkı tələblər taksi fəaliyyətində olan və buraxlış ili 8 ildən az olmayan nəqliyyat vasitələrinin istismarı, rənglərinin fərqli olması, avtomobil daxilində havalandırma sisteminin mükəmmələşdirilməsi, siqaret çəkmək qadağandır nişanın olması, sürücülər haqqında müvafi şərtlərin qoyulmasıdır. Taksi ilə bağlı qərarların icrası bu tələblərlə əsaslandırılır”.