İmişli şəhər tullantı poliqonunun yerləşdiyi ərazidə tullantıların yandırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Teleqraf.com xəbər verir ki, araşdırma nəticəsində İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması, poliqon ərazisinin hasarlanmaması, tullantılarla bağlı istehsalat tələblərinin pozulması faktları aşkar edildiyinə görə İmişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib olunub.
Eyni zamanda, İmişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə “Ekoloji Tələb” verilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təkrar 4 iyul 2024-cü il tarixdə İmişli şəhər tullantı poliqonuna baxış keçirilib, yanma və tüstülənmə hallarına rast gəlinməyib.