Sabahdan Ümumrespublika Təmizlik Marafonu start verilir. "Təmiz ölkəm" devizi altında hər həftəsonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsi genişləndirilir.
Bu barədə Teleqraf.com -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildiribki, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyət ənənəsini formalaşdırıb.
"Artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir. Hesab edirik ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır. Xoşagəlməz və utandırıcı mənzərələrlə qarşılaşmamaq üçün gəlin bir olaq, tullantıları hara gəldi atmayaq və ətraf mühitin təmizliyinə birgə müvəffəq olaq”.