AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov "Demədi Demə" yutub kanalında yayımlanan "Qara-Qırmızı" proqramının qonağı olub.
Sabiq nazir müsahibədə təhsillə bağlı çox maraqlı məqamlara toxunub.
M.Mərdanovun müsahibəsindən maraqlı ola biləcək fikirləri təqdim edirik.
- Sən bu uşağa nə həcmdə təhsil vermisənsə, o həcmdə də sual verməlisən
- Xarici ölkələrdə ali məktəblərə qəbul zamanı əsasən iki fənn üzrə imtahan götürülür; Ana dili və riyaziyyat
- Beynəlxalq olimpiadalarda qalib olan şagirdlər imtahansız ali məktəbə qəbul edilməlidir.
- Təhsil Nazirliyi imtahan götürəndə hamı - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və onun havadarları üstümüzə düşdü. Hətta cənab Prezident mənə zəng elədi. Sonra imtahanı bizdən alıb verdilər TQDK-ya.
- Mənim direktoru olduğum AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müəllimlər var ki, onlar həm də DİM üçün suallar hazırlayır, bunker müəllimi sayılırlar. Onlardan soruşuram ki, kim sizə məcbur edir ki, testdə bu qədər çətin sual qoyasınız. Aydın olur ki, bunlar öz maraqları üçün bunu edirlər. Sual çətin olsun, şagirdlər bunker müəllimlərin yanına hazırlığa gəlsinlər.
- 200 illik tarixə nəzər salaq. Biz nə vaxt ki, böyük qonşumuz olan Rusiyaya disrək göstərmişiksə, başımız bəlalar çəkib. Torpaq itirmişik, qan tökmüşük və s. Ona görə də, biz də rus dilli məktəblərin olmasına müsbət baxıram. Gəlin bu gün o məsələni ciddi müzakirə obyekti etməyək. Çünki o iş bu gün bizim xalqın xeyrinədir. Əks halda biz məhv olub gedirdik. Ermənilər gəlirdilər də...Qarabağı gedib gördük, ermənilər o rayonların başına nə oyunlar açıb. Təki rus dilli məktəblərdə oxuyan şagirdlərin valideynləri vətənpərvər olsun.
- Bu gün ingilis dili bilməyən kadrlara ikinci sort adam kimi baxırlar.
- 15 il təhsili naziri olanda bütün kəndlərdə olmuşam. Rayonlara gedirdim, görürdüm ki, gözəl olimpiya kompleksləri, polis idarəsinin, prokurorluğun, məhkəmələrin təmtəraqlı binaları, onları rəhbərlərinin bahalı xidməti maşınları var. Amma bütün rayonların təhsil şöbələrinin binaları eyni vəziyyətdəydi. Təhsil şöbəsi müdirinin xidməti maşını yox idi. Məktəbi "2" ilə bitirən polis nəfəri yağışlı havada asanlıqla maşınla təhsil şöbəsinin müdirinin üstünü islada bilərdi. Müəllimə hörmət buradan başlayır. Maliyyə məsələsinə qol çəkən həmin adama etirazımı bildirəndə mənə dedi ki, sən polislə təhsili bir tutursan? Ayağa durub dedim ki, xeyir bir tutmuram, təhsili daha üstün bilirəm. Bildirdim ki, bir daha mən sizin kabinetə girməyəcəm. Həqiqətən də bir daha o kabinetə girmədim. Belə münasibət olanda təhsildən nə gözləmək olar?