13 Avqust 09:41
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsöhbətimiz Çində təhsil alan sosioloq Elnar Buluddur.

Teleqraf.com Elnar Buludla müsahibəni təqdim edir.

- Elnar bəy, hazırda dünyada bir Çin cazibəsi yaranmaqdadır. Bizim ölkəmizin də Çinlə yaxın əməkdaşlığa can atması Qərb siviliziyasının qüdrətinin zəifləməsi fonunda yeni suallar, bəlkə də narahatlıqlar yaradır. Demokratik, ədalətli və firavan (ən azı öz sərhədləri daxilində) Qərblə müqayisədə qədim və sanki qocalmış Çinin hansı üstünlükləri haqda danışmaq mümkündür?

- Çin Maodan sonra başlatdığı bəzi islahatların meyvəsini artıq toplamağa başlayıb. İqtisadi inkişaf, yüksələn sosial rifah, elmi və texnoloji sahələrdə innovasiyalar, meqaproyektlər və sair… Qeyd edilən sahələrdə yüksəliş avtomatik olaraq Çini dünya üçün cazibə mərkəzinə çevirir.

Əslində Çin tarixən də dünyanın ən dinamik, daim diqqət mərkəzində olan nöqtələrindən biri idi. Ancaq sənaye inqilabı ilə Avropa, ardıyca isə Amerika əsas mərkəzə çevrildi. İndi dinamika yenidən Asiyaya tərəf istiqamətlənib.

Qocalmış sözü isə Çindən çox Avropaya yaraşır. Hazırkı Çin dövlətçilik, tarix, mədəniyyət olaraq dünyanın ən qədim svilizasiyalarından biri olsa da, hələ gəncdir, dirçəliş dövrünü yeni yaşayır. Və belə hallarda adətən geridən gəlmək irəlidəkinə nisbətdə geridəkinə bir çox üstünlüklər yaradır. Çin də bu üstünlüklərdən yararlanır… Ədalət məsələsinə gəlincə, düşünmürəm ki, Qərb bizə və ya özlərindən kənar hansısa ölkəyə ədalət prizmasından yanaşır…

Qeyd etdiyim kimi Çinin qlobal güc olması fonunda elmi və texnoloji sahələrə yatırımları çox yüksək səviyyədədir. Çinlə əməkdaşlıq etmək bizə ilk növbədə bu sahələrdə irəliləmək imkanları yarada bilər. Daha ucuz və daha innovativ şərtlərlə yüksək texnologiya və sənaye sahələrinə məhz Çinlə əməkdaşlıq sayəsində nail olmaq olar.

Bu kimi sahələrdə əməkdaşlıq Çin üçün də arzuolunandır. Onu da nəzərə almaq lazımdır ki, Çinlə əməkdaşlıq bizim kimi ölkələr üçün Qərb ölkələri ilə əməkdaşlığa nisbətdə daha çox qazanc vəd edir. Bunun maraqlı nümunələrindən biri Afrika ölkələridir.

Hazırda Afrika ölkələri Qərb ölkələrinə nisbətdə Çini əsas tərəfdaş kimi görməyə başlayıblar. Bir çox ölkələrdə uzun müddətli kolonial güc olan Qərb ölkələri artıq bu coğrafiyadan çıxarılır, yerinə Çin şirkətləri gətirilir. Oona görə ki, çinlilər yerlilərə avropalılardan daha çox qazanc vəd edirlər.

- Yeri gəlmişkən, Qərb sivilzasiyasının kəsərdən düşməsini hansı amillərlə əsaslandırardız? Qərblə bağlı proqnozlarınız necədir?

- Hər svilizasiyanın yükəliş və eniş dövrü olur. Ümumiyyətlə svlizasiyaların yüksəlməsi, çökməsi və yerinə başqasına verməsi təbii prosesdir. Əvvəllər islam dünyası, Çin, Hindistan qlobal mərkəzlər idi. Ardınca Avropa, daha sonra Amerika bu mərkəzə çevrildi. İndi isə Asiya daha da dəqiq desək, Çin bu mərkəzə çevrilməkdədir.

Əslində Qərb sivilizasiyanın nisbətən zəifləməsi məsələsini daha dəqiq anlamaq üçün onların yüksəliş prosesini yaxşı anlamaq lazımdır. Bu, çox mürəkkəb prosesdir, “YouTube”də Paradiqma kanalımızda araşdırmaçı Teymur Əsgərli ilə bu mövzuları ələ aldığımız Modern Dünyanın Doğuşu videoseriyamız var.

Bu seriya ərzində biz nüfuzlu alimlərin yazdığı kitablar, irəli sürdüyü nəzəriyyələr əsasında Qərbin yükəliş səbəblərini analiz etməyə çalışırıq. Çox qısa şəkildə belə deyə bilərik ki, Qərb orta əsrlərdə böyük ölçüdə insan amilinin rol oynamadığı bir sıra şərtlərin bir anda onların xeyrinə dəyişməsi nəticəsində digər svilizasiyaları üstələyə bildi.

Sənaye inqilabı ilə bu üstünlük daha da möhkəmləndi və Qərb dominantlığı başladı. Prosesi daha detalları öyrənmək istəyənlər qeyd etdiyim videoseriyaya baxa bilərlər.

İndi isə texnologiya əsas güc göstəricisinə çevrilib. Çin bu sahədə bəzilərinə görə Amerikanı da qabaqlayıb. Amma Amerikanı ümumi olaraq taxtından salmaq asan məsələ deyil. Məsələn, ən təməlindən Amerikan dollarınınn gücü Amerikanı Amerika edən əsas nüanslardan biridir. Sırf bu məsələ üçün Çin hazırda alternativlər üzərində işləyir, məsələn, bank sisteminə ehtiyac olmadan reallaşdırılan bilən elektron yuan əməliyyatlarını sınaqdan keçirir.

Digər tərəfdən, Qərbə alternativ güc mərkəzi ola biləcək coğrafiyaları siyasi və iqtisadi birlik şəklində bir araya toplamağa çalışır, BRİCS buna gözəl misaldır.

Təbii ki, alternativ olmaq üçün bir çox sahədə inqilabi işlər görülməlidir. Marksistlərin əsas nəzəriyyəsində deyildiyi kimi, qlobal iqtisadi sistem Qərbin işinə yarayacaq şəkildə qurulub. Bu sistemdə görülən hər bir iş Qərbin xeyrinə işləyir. Dolayısıyla belə bir sistemə alternativ qoymaq asan deyil. Amma burada Çin və Qərb imperializminə qarşı olan dövlətlərin birgə hərəkəti ciddi nəticələr doğura bilər.

- Azərbaycanda - düşünürük, bir çox cəmiyyətlərdə - Çinin hazırkı sosial-iqtisadi sistemi haqda təfsilatlı araşdırmalar yox dərəcəsindədir. Adətən, Çini islahatlar aparmış kommunist ölkə kimi xarakterizə edirlər. Gerçək Çin siyasi sistemi barədə sizin bilgiləriniz, təəssüratlarınız hansı həddədir və bu haqda nələri çatdırmaq istərdiniz? Qədim dövlətçilik tarixi olan Çin özünü hansı kriteriyalarla yeniləməyi bacardı və bacarır?

- Çində sosial iqtisadi sistem bir qədər qarışıqdır və bu barədə akademiyada müzakirələr çoxşaxəlidir. Hazırkı Çinin siyasi sistemini nə kommunist kimi kommunist, nə də iqtisadi sistemini kapitalist kimi tam kapitalist adlandırmaq mümkündür...

İqtisadi olaraq burada müəyyən dəyişiklər edilmiş kapitalist bazar iqtisadiyyatı hakimdir. Siyasi olaraq isə Çindəki sistemi bəziləri meritokratiya adlandırırlar. Meritokratiya — bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarəetmə üsuludur.

Bu idarə üsulunda hakimiyyət müəyyən edilmiş şəxsi özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, həmin şəxslər arasında ayrı-seçkilik olmur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir.

Çində partiya daxilində meritokratik sistem mövcuddur. Məsələlər meritlər, yəni partiya idarəetməsindəki şəxslər tərəfindən müzakirə edilir və qərara bağlanır. Burada prezidentin seçilməsi də eyni şəkildə həmin şəxslər tərəfindən həyata keçirilir. Meritokratiya tarixində Çinin önəmli yeri var. Konfutsi təlimlərində də ciddi vurğu edilən meritokratiya Çin tarixində hər zaman mövcud olub. İndiki hakimiyyət də buna geniş şəkildə vurğu edir.

Digər tərəfdən başqa bir qrup alim Çini leqalizmin bir qədər fərqli forması adlandırır. Leqalizm özü də Çində tarixən mövcud olmuş siyasi fəlsəfi ideyadır. Leqalizmə görə, siyasi institutlar insan davranışının reallıqlarına uyğun olaraq modelləşdirilməlidir və insanlar mahiyyətcə eqoist və dar görüşlüdürlər. Bu səbəbdən də ictimai harmoniya ancaq güclü dövlət nəzarəti və hakimiyyətə mütləq itaət yolu ilə təmin edilə bilər.

Leqalizmin prinsiplərinə əsasən, bütünlükdə insan fəaliyyəti dövlətin qüdrətinin artırılması məqsədinə istiqamətlənməlidir, müasir Çində də bu ideya hakimdir.

Çində xalq hökumətin siyasətinə təsir etmək gücündə deyil, demokratik və ya bənzəri hakimiyyəti məhdudlaşdıracaq siyasi institutlar yoxdur. Ölkə təkpartiyalı sistemlə idarə olunur. Burada maraqlı nöqtə odur ki, Çinin təkpartiylı kommunist ideraetmə üsulu bizim bildiyimiz SSRİ kimi deyil, yuxarıda da qeyd etdiyim kimi, müasir Çin özünün qədim fəlsəfi ideyaları ilə kommunizmi birləşdirməyi və kommunizmin özlərinə xas Çin versiyasını yaratmağı bacarıb. Tarixi fəlsəfi ideyaları yenilənmiş şəkildə tətbiq etmək hakimiyyət tərəfindən həm indiki Çinin imperial Çinin varisi olduğunu, həm də mədəniyyətindən, tarixindən qopmadığını göstərmək üçün istifadə edilir.

Diqqət edirsinizsə, burada Çin tarixinə ciddi istinadlar mövcuddur. Digər tərəfdən, Çinin əhalisi qərblilərin demokratiya kimi ideyalarının təsirinə düşməyiblər. Bütün bunları nəzərə aldığımda və müşahidələrimə əsasən, mənim anladığım odur ki, normal rifah altında bu cür yaşamaq onlar üçün ən yaxşı seçimdir.

- Çin bəşəriyyətə hansı sahələrdə mütərəqqi dəyərlər aşılaya bilər və biləcəkmi? Tutalım, Qərb (Avropa və Amerika) dünyaya demokratiya və insan haqları kimi cazibəli dəyərlər təklif edirdi. Bəs Çin? Söz düşmüşkən, siz mərkəzində Çin olan yeni, müasir sivilizasiyanın qurulacağına inanırsızmı?

- Çinin yüksəlişi haqda gedən müzakirələrin əsas qızğın nöqtələrindən biri budur. Fakt budur ki, Çin Qərb kimi qlobal mədəniyyət iddiasında deyil. Məsələn, Qərblilər üçün demokratiya əsas dəyər hesab edilir və getdikləri hər yerə bunu zorla da olsa aparmağa çalışırlarsa, Çinlilər üçün belə bir ideya yoxdur.

Çinin tərəfdaşlarına təklif etdiyi şey sadəcə iqtisadi yüksəlişdir. Mənim oxuduqlarıma əsasən çinlilərin hər kəsin kommunist olması deyə bir dərdi yoxdur. Onlar sadəcə biznes məntiqi ilə əməkdaşlıq edirlər. Biznesləri işləsin, mənfəətlərini götürsünlər, başqalarına avropalılar kimi öz mədəniyyətlərini aşılamaq iddiasına düşməyəcəklər.

Çinin qlobal dünyaya dominantlıq etməsinə gəlincə isə, bu, mümkündür. Çində bunu etmək üçün hər cür potensial və şərait mövcuddur.

- Müasir dünyanı qorxudan məsələlərdən biri də Asiya despotizmi və Asiya "kobudluğu"dur. Bu narahatlıqlar barədə…

- Asiya despotizmində qəsd Çin despotizmidirsə, bu barədə daha geniş düşünmək lazımdır. Çinin bu vaxta qədərki siyasətindən və siyasəti formalaşdıranların ideyalarından anlaşılan odur ki, onlar öz ideologiyalarını əməkdaşlıq etdiyi ölkələrə yeritmək ehtiyacı hiss etmirlər. Başqa sözlə, görünən odur ki, onların qərblilərin demokratiya üçün etdiyi şeyi etmək fikirləri yoxdur.

Çin tarixinə bələd olanlar təsdiqləyər ki, bu, tarixən sülalələr dövründə də belə olub. Çinlilər sadəcə olaraq maddi mənfəətlərini düşünür və başqa ölkələrlə biznes məntiqi ilə əməkdaşlıq edirlər. Üstəlik, bu əməkdaşlıq zamanı onların təklifləri yerlilər üçün qərblilərinkindən daha sərfəli olduğuna görə hazırda Afrika başda olmaqla bir çox bölgədə Çin Qərb ölkələri ilə əvəzlənir.

Despotizmə yenidən qayıtsaq, hər bir xalqın özünün bu problemi həll etməsi lazımdır. Az əvvəl də qeyd etdiyim kimi, bu problemi həll edən xalq üçün Çinlə əməkdaşlıq heç bir halda despotizmi gecləndirməz deyə düşünürəm. Hətta hansısa xalqda despotizm güclənsə belə, bunun birbaşa səbəbi Çinlə münasibətlər yox, həmin xalqın özünün zəifliyi olacaq.

Hər bir xalq hakimiyyətin onun xeyrinə işləməsini, əhalinin rihaf səviyyəsinin yüksəlməsi üçün çalışmasını təmin edəcək siyasi institutlar qurmalıdır. Bunun mütləq şəkildə demokratik institutlar olması zəruri deyil, məsələn, meritokratik institutlar da ola bilər. Çinlilər bunu özlərinə xas şəkildə ediblər, ona görə də avtoritar idarətetmə olsa da, Çində əhalinin rifah səviyyəsi yüksəlməkdədir. Çünki hakimiyyət xalq qarşısında vəzifələri olduğunu nəzərə alaraq işi görür, bunun üçün çalışır..

- Müasir Çin mədəniyyəti özünün qədim irsiylə varisliyi qoruya bilirmi?

- Çin dünyanın ən qədim svilizasiyalarından biridir. Ölkənin bir çox yerində min illərlə tarixi olan abidələr mövcüddür. Müasir Çinə gəldikdə, hazırkı Çin qədim irsini qorumağa çalışır, məncə, bunu Çində olmuş hər kəs təsdiqləyər.

Mədəni inqilab zamanı bir çox dəyişikliklər aparılsa da, 1970-ci illərdən sonrakı hökumət tarixi köklərə istiqamətlənməyə və mədəni irsinə daha çox vurğu etməyə başladı. İstər sülalələr dövrünün tarixi-siyasi, istərsə də mədəni hadisələri, abidələri çox həssaslıqla qorunur, gənc nəsillərə öyrədilir.

Məsələn, mən Çinin bir çox şəhərində, bir çox önəmli tarixi abidələrin ziyarətində olmuşam və hər zaman həmin abidələrin dolu olduğunu görmüşəm. Xüsusən, məktəbli uşaqlar kollektiv şəkildə abidələri görməyə gedir, burada tarixləri ilə yerindəcə tanış olurlar. Bu kimi proqramlar təhsil sisteminin bir parçası olaraq həyata keçirilir və öyrəndiyim qədərilə şagirdlər tarixi abidələrə pulsuz baş çəkirlər.

Bunun digər maraqlı nümunəsi Çində təhsil alan xarici tələbələrin dərs krikulimuna Çin mədəniyyəti ilə bağlı dərslərin salınmasıdır. Məsələn, biz bu dərslərdə Çinin mədəniyyətini öyrənir, bir neçə dəfə tarixi abidələrə ekskursiya etmişik. Dərs ərzində keçilənlərdən anlaşılan odur ki, müasir Çin üçün onun mədəniyyəti çox önəmlidir.

Mədəniyyətin vacib ünsürü olaraq dil məsələsinə gəlsək… Çində əksəriyyətin dili olaraq mandarin çincəsi rəsmi dil hesab olunur. Burada əsas önəmli nüans odur ki, çinlilərin istifadə etdikləri heroqliflər hər nə qədər çətin və sayları 10 minə yaxın olsa da, onlar bundan imtina etməyiblər. Müəyyən sadələşdirmələr etməklə, məsələn, bəzi heroqliflərdə xətlərin sayını azaltmaqla ümumi olaraq heroqrliflərini, dillərini qoruyub saxlayıblar.

Siyasi olaraq isə yuxarıda da qeyd etdiyim kimi, Çin, tarixən burada mövcud olmuş siyasi fəlsəfələrə istinadlar edir, onları bəzi dəyişikliklərlə də olsa, tətbiq edir və beləliklə, siyasi müstvidə də varislik iddiasını diri saxlayır.

- Bəs, Çin siyasi sistemində ideologiyaların yeri necədir? Cəmiyyət plüarilizmə, fikir müxtəlifliyinə dözümlə yanaşırmı?

- Siyasi sistemin özü ilə bağlı yuxarıda geniş şəkildə danışdım. Əlavə olaraq onu deyə bilərəm ki, sadə xalq arasında fikir müxtəlifliyi normal qarşılanır. Burada fikir müxtəlifliyindən qəsd fərqli inanclarda, irq və ya milliyyətlərdə olmaqdır. Bu kimi fərqliliklər əhali üçün problem yaratmır.

Əhali əsasən marksist ideyalara sahibdir, amma bu marksizm Çin fəlsəfəsi ilə birlikdə əhalidə özünü büruzə verir. İnsanların həyatında Çin fəlsəfəsinin harmoniya, müdriklik, fəzilət, əxlaq kimi ideyaları önəmli rol oynayır.

Digər tərəfdən, çinlilər üçün həssas olacaq mövzularda, məsələn, Mao haqda kəskin fikirlərə dözümlü yanaşmırlar, eyni şey bənzəri siyasi mövzulara da aiddir.

- Çindəki söz azadlığının hazırkı durumu və perspektivlərini necə şərh edərdiz?

- Çində ümumən əhali siyasətdə aktiv iştirak etmədiyindən apolitikdir, gündəlik siyasi qərarlar və hadisələrə qarışmırlar, hər kəs öz işinə fokuslanır. Bu, bir tərəfdən rifah səviyyəsinin yüksəlməsi fonunda siyasətə qarışmağa ehtiyac hiss etməmələrindən qaynaqlanırsa, digər tərəfdən, söz azadlığını şərtləndirən tərəflərin olmaması səbəbilədir.

Məsələn, Çində media tamamilə hökumətin nəzarətindədir, hər şey senzuradan keçir. Mediada tənqidi fikirlər yer almır. Çinlilərin sosial şəbəkələrini izlədiyim qədərilə gördüyüm odur ki, ümumi proseslər burada da müəyyən kütlə tərəfindən müzakirə və tənqid edilir, akademiyada professorlar hər hansısa qərarla bağlı tənqidi məqalələr yazırlar. Məsələn, hökumətin doğum nisbətini artırmaqla bağlı siyasətini tənqid edir və alternativlər irəli sürürlər və sair.

Hökumət ümumi olaraq geniş əhali kütləsinin ciddi əks reaksiyasına səbəb ola biləcək halları müşahidə etdikdə onların fikirlərini həyata keçirir. Məsələn, pandemiya dövründə məhz artan narazılıqlardan sonra karantin müddəti dayandırılmışdı. Onu da qeyd etmək lazımdır ki, Çində feysbuk, instaqram, yutub kimi qlobal sosial şəbəkələr qadağandır.

İnsanlar ancaq yerli “wechat”, “xiaohongshu”, “douyin” (tik-tokun Çin üçün versiyası),”weibo”, “bilibili” kimi sosial şəbəkələri işlədirlər. Qlobal sosial şəbəkələrin bağlanması səbəbi əhalini xarici ideoloji manipulyasiyalardan qorumaqla izahlanır. Çinlilərlə müzakirə zamanı onların bu qərardan ümumən sıxıntı çəkmədiklərini görmək mümkündür. Özlərinin sosial şəbəkələri qlobal şəbəkələrinkindən daha yüksək inkişaf etmiş səviyyədədir.

Digər tərəfdən, kimsə açıq-aşkar hökumətə qarşı gələcək, problem yaradacaq, əhali arasında hər hansısa etiraz, seperatizm və ya çaxnaşmaya səbəb olacaq, ideoloji olaraq hökumətə zidd sayılacaq fikirlər səsləndirsə, yaymağa çalışsa, o, anındaca həbs edilir, bəzi hallarda hətta ölüm hökmü ilə cəzalandırılır. Hökumətin rəsmi mövqeyi belə halların qarşısının ən sərt şəkildə alınması yönündədir.

Hər bir halda, düşünürəm ki, söz azadlığı məfhumunun özü də ayrıca müzakirə edilməli və fərqli ölkələrdəki situasiyaya baxmaq lazımdır. Mütləq mənada söz azadlığı dünyada heç bir ölkədə yoxdur. Məsələn, Fransada erməni soyqırımı məsələsini şübhəyə almaq cinayət hesab olunur. Eyni şey homoseksuallar və ya İsrail lobbisi haqqında da keçərlidir, bu mövzularda tənqidi fikir bildirsəniz, homofobluq və antisemitizmlə ittiham olunub həbs ediləcəksiniz.

Amma müsəlmanların müqəddəs kitabı Quranı yandırsanız, bunu ifadə azadlığı adlandıracaqlar. Bu, sadəcə Fransa üçün deyil, Qərb ölkələrinin demək olar ki, hamısında belədir. İronik səslənsə də, bu və bu kimi nümunələr göstərir ki, həqiqi mənada ifadə azadlığı yoxdur.

Əgər kimsə, bu nümunələrin həssas mövzular olduğunu desə və ən azından hökuməti tənqid mövzusunda ifadə azadlığının olduğunu iddia etsə, bunun əksini göstərmək üçün son illərdə baş verən hadisələrə baxmaq kifayət edər. Məsələn, Amerika universitetlərində Fələstində mülki vətəndaşların, uşaqların, qadınların öldürülməsi səbəbindən hökumətin İsrailə limitsiz dəstək göstərməsi tənqid edildi, universitetlərdə tələbələr və müəllimlər etiraz aksiyaları keçirdilər. Etiraz edən tələbələrin bir çoxu universitetdən qovuldu, professorlar işdən çıxarıldı, bəziləri həbs edildi. Məncə, bu, bütün dövlətlərin ancaq öz mənafelərinə zidd olmadığı müddətcə ifadə azadlığına icazə verməsini göstərir…

Çinə qayıdaq, Çində də vəziyyət eynidir. Burada da hökumət eynilə ABŞ, Fransa kimi ölkələrdə olduğu kimi sadəcə mənafelərinə zidd olmadığı müddətcə insanlara söz azadlığı verir. Sadəcə, Çinin mənafeləri Qərb ölkələrinkindən fərqlidir.

- Müasir Çin təhsilinin üstünlükləri və çatışmazlıqları barədə fikirlərinizi eşitmək istərdik.

- Çin təhsil sistemi, xüsusilə dəqiq və texniki elmlərdə, elm və texnologiya sahələrində yüksək akademik standartlara malikdir. Şagirdlərdən ciddi nəticələr gözlənilir və bu da beynəlxalq testlərdə yüksək göstəricilər əldə etmələrinə səbəb olur.

Təhsil sistemi əsasən kollektiv işlər üzərində qurulub. Şagirdlər arasında əməkdaşlıq və komanda işi yüksək səviyyədə tədris olunur, bu da onların gələcək iş həyatında kollektiv şüurunu artırır.

Digər tərəfdən, Çində hökumət təhsil sistemini daima yeniləməyə, müasir standartlarla ayaqlaşmağa çalışır. Bu mənada müasir yüksək texnologiyaların inteqrasiyası Çin təhsil sistemində çox yüksək səviyyədədir. Bu, şagird və tələbələrə geniş məlumat mənbələri ilə işləmək imkanı yaradır. Xüsusilə də universitetlərdə yüksək səviyyəli laboratoriyalar mövcuddur.

Çində universitetlər çoxdur, amma onlardan ən yaxşıları C9 (China 9) adlandırılan universitet liqasına daxildir. Peking University (PKU), Tsinghua University (THU), Fudan University (FDU), Shanghai JiaoTong University (SJTU), Zhejiang University (ZJU), Nanjing University (NJU), University of Science and Technologyof China (USTC), Xi'an Jiaotong University (XJTU) and Harbin Instituteof Technology (HIT) kimi top universitetlərdən təkil edilən bu liqa Amerikadakı Ivy liqası ilə müqayisə olunur.

Sözügedən universitetlərə xüsusi büdcə ayrılır, yüksək səviyyəli kampuslarla, laboratoriyalarla təchiz edilir, işçi heyyəti yüksək nüfuzlu yerli və beynəlxalq akademiklərdən təşkil olunur. Məsələn, siyasıdakı Peking Universiteti dünya reytinqində 12-ci, Tsinghua 20-ci, Fudan 39-cu, Shanghai JiaoTong 45-ci, Zhejiang University 47-cidir. Mənim təhsil aldığım Nanjing university isə 73-cüdür.

Çatışmazlıqlara gəldikdə, bildiklərimi deyə bilərəm. Sistemin əsas çatışmazlıqlarından biri təhsildəki sosial bərabərsizlikdir. Şəhər və kənd əhalisi arasında yüksək səviyyəli təhsilə əlçatanlıq baxımından bərabərsizlik mövcuddur.

Digər tərəfdən, rəqabət çox böyük olduğundan tələbə və şagirdlərin üzərində çox böyük təzyiq var. Onlar maksimum şəkildə çalışmalıdırlar ki, yüksək müvəffəqiyyət qazansınlar. Qeyd etdiyim kimi, rəqabətin yüksək olması səbəbindən şagirdlər dərsdən əlavə hazırlıqlara gedirlər, həddən artıq çalışırlar. Bu da onların şəxsi inkişafında müəyyən probelemlər yarada bilir.

- Çin mətbəxiylə qidalanmaq sizdə çətinlik yaratmır ki? Hansı yeməkləri sevir, hansılardan çəkinirsiz?

- Çin dediyimiz ölkə ərazisinə görə dünyanın ən böyük ikinci, eyni zamanda çoxmillətli dövlətdir. Bu səbəbdən Çində fərqli mətbəxlərə sahib xalqlar yaşayır. Doğrudur ki, bir azərbaycanlı olaraq bizim ağız dadımızla onlarınkı eyni deyil. Çinlilər ədviyyatlardan, xüsusən də istiotdan çox istifadə etsələr də, test üçün yeməklərinin adına baxmaq lazımdır.

Ümumən buradakı bəzi xalqların qidaları bizimkinə yaxındır. Məsələn, demək olar ki, Çinin hər yerində uyğur türklərinin restoranları var, oradakı yeməklər həm bizim ağız dadımıza yaxındır, həm də halallıq baxımından problemsizdir.

Halal-haram həssasiyyəti olan biri üçün Çində halal qida tapmaqla bağlı sıxıntılar olsa da, qeyd etdiyim kimi, uyğurların və ya digər böyük müsəlman xalq olan hui müsəlmanlarının restoranları bu baxımdan çox əlverişlidir. Bütün şəhərlərdə müsəlmanlar yaşayır və onların restoranları, ət kəsdikləri yerləri və sair mövcuddur.

Bundan əlavə, universitetlərin yeməkxanalarında da halal qidalanma üçün ayrıca bölmələr, restoranlar olur. Məsələn, bizim universitetdə uyğurların, huilərin işlədiyi yeməkxanalar var. Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin tələbələri adətən orda yemək yeyirlər…

Çinlilər də bizim kimi geniş çay mədəniyyətinə malikdirlər. Bu baxımdan çay həvəskarları Çində heç əziyyət çəkməzlər. Digər tərəfdən, çinlilər də bizim kimi çox şirniyyat yeyirlər. Çoxsaylı və dadlı şirniyyat növləri var.

- Necə düşünürsüz, koronavirus niyə məhz Çindən yayılmışdı?

- Bu haqda dəqiq məlumatım yoxdur. Potensial olaraq belə viruslar hər yerdən çıxa bilər. Amma COVID-19 virusunun yarasadan qaynaqlandığını və bu ərazilərdəki insanların qida rasionunu düşünsək, əslində bu kimi virusların Asiya ölkələrindən yayılması təbiidir. Çünki bu ərazilərdə bizim yeməyi ağlımıza belə gətirməyəcəyimiz heyvanlar, həşəratlar geniş şəkildə yeyilir.

Virus daşıyıcısı olan heyvanların yeyilməsi nəticəsində virusun insanlara keçməsi və yayılması qaçılmazdır.

Konsprioloji fikirlərin təsiri altında qalmadan onu da vurğulamaq lazımdır ki, hazırkı texnoloji inkişaf virusların süni şəkildə yaradılmasına imkan verir. Amma koronavirusun sırf labaratoriyada, məqsədli şəkildə yaradılması iddiasını sübut etmək mümkün deyil. Bu haqda fakt yoxdur.

Üstəlik, nəzərə almaq lazımdır ki, koronavirus başda elə Çin olmaqla bütün ölkələrə iqtisadi olaraq milyardlarla dollar ziyan vurdu. Bu səbəbdən onun süni şəkildə laboratoriyada hazırlanıb qəsdən yayılması iddiası ciddi iddia sayıla bilməz.

- Özünüz haqda məlumat verməyinizi xahiş edirik: Azərbaycanda harda doğulmusuz, Çində hansı təhsil müəssisəsində oxuyursuz, niyə məhz Çini seçdiniz? Çin cəmiyyətində şəxsən sizi nələr qane etmir?

- Mən 2000-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşam. Orta məktəbə ilk olaraq kənd məktəbində getmişəm, daha sonra Ağdaşda Texniki Təbiət və Humanitar təmayüllü gimnaziyada təhsilimə davam etdim və oradan məzun oldum. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində almışam, hazırda dünya reytinqində 73-cü yerdə olan Nanjinq universitetində sosiologiya üzrə magistr təhsili alıram. Ana dilimizdən əlavə, türk, ingilis, ərəb və rus dillərini bilirəm, eyni zamanda hazırda çincə (mandarin) öyrənirəm.

Bir neçə məqalənin müəllifiyəm, inşallah, yaxın aylarda nüfuzlu beynəlxalq jurnallarda məqalələrim dərc oluncaq. Mütəmadi olaraq feysbuk hesabımnda aktiv olaraq postlar paylaşır, bəzən bloq yazılar yazıram.

Bundan əlavə, Yutubda dostlarla bərabər qurduğumuz Paradiqma kanalımızda tarixi, sosioloji, fəlsəfi mövzularda müzakirə və analiz xarakterli videolar paylaşırıq.

Çini seçməyimdə əsas səbəblərdən biri Çində gördüyüm perspektivlər və Çinin mənə verəcəyi bilik və təcrübələr idi. Bir sosioloq üçün Çin cəmiyyəti anlamaq və analiz etmək baxımından əvəzedilməz cəmiyyətdir. Üstəlik, müasir dünyanın gedişatını Çini bilmədən, öyrənmədən anlamaq mümkünsüzdür, mütləq şəkildə Çini anlamaq, araşdırmaq lazımdır.

Hələ ki nəyinsə məni qane etməməsindən ziyadə bu cəmiyytəti tam olaraq anlamağa çalışıram. Müəyyən etdiyim bəzi çatışmazlıqlar təbii ki, var, amma bunları daha ciddi analiz etdikdən sonra fikir bildirə bilərəm.

- Biz çinlilərdən nələri öyrənə bilərik?

- Çinlilərdə diqqətimi çəkən bir nüansı vurğulamaq istəyirəm. Tezis mövzumda da bu haqda geniş araşdırma aparmışdım. Çinlilər yüksək iş etikasına sahibdirlər. Çox işləyirlər, öz işlərinə fokuslanır, öz sahələrində ən yaxşı olmağa çalışırlar.

Bizim kimi yarımçıq palançılıq etmirlər, zaman idarəetməsinə ciddi fikir verirlər. Bunu bəzi akademiklər “konfutsianist iş etikası” adlandırırlar. Bu haqda geniş araşdırmalar mövcuddur və araşdırmalar da göstərir ki, sözügedən iş etikası Çinin bugünkü yüksəlişində ciddi pay sahibidir.

Bu özəlliklər bizim kimi cəmiyyətlər üçün çox qəribə səslənir, çünki bizdə belə xüsusiyyətlər yoxdur. Biz çinlilərdən bu kimi xüsusiyyətləri öyrənə və həyatımıza tətbiq edə bilərik. Cəmiyyət olaraq bunu edə bilsək, ciddi nəticələr əldə etmiş olarıq.


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər