İkinci yazı
Kərim Yaycılı azərbaycanlı siyasi lider və şairlərə şeirlər ithaf edib. “Qurtuluş” jurnalının 1938-ci ildə çıxan 40-cı sayında onun şair Əli Ustaya yazdığı “Milli vaiz” adlı şeiri dərc olunub. “Aras” dərgisinin 1 mart 1952-ci ildə çıxan 3-cü nömrəsində Yaycılının mühacir şair Almas İldırımın vəfatı münasibətilə şeiri işıq üzü görüb. “Azərbaycan” dərgisində isə onun onlarla şeiri, məktubları, hekayə və xatirələri verilib.
Bu jurnalın Məhəmmədəmin Rəsulzadənin vəfatı münasibətilə çıxan özəl sayında (36-cı say, mart 1955) Yaycılının “Böyük mücahid” adlı məqaləsi çıxıb. O, Rəsulzadəni bu şəkildə xarakterizə edib: “Hər kim ki Məhəmmədəminin istiqlal və iman məfkurəsinin pişdarı isə heç şübhə etməsin ki, o yaşayır və əbədiyyən yaşayacaqdır!... İnsanları sərsəfil edən sürgünlər, həbslər Namiq Kamal və Məhəmmədəmin kimi türk vətənpərvərlərinin əzm və imanını artırmaqdan başqa bir nəticə verməmişdir. Belə vətənpərvər insanlar üçün “sürgün” yerinə “səyahətçi müəllim” demək daha yerində olar. Məhəmmədəmin hər dolaşdığı diyarda məktəbi və tələbələri olan bir müəllimdi. O, hamımızla yaşıd və hər kəsin anlaşa biləcəyi mütəvazi, sadə bir insandı... O, həyatında müəyyən və tək bir qayənin qulu və köləsi oldu: Vətən və istiqlalın!”.
Yaycılı Rəsulzadənin vəfatı münasibətilə ona iki şeir də ithaf edib: “Alageyik nağılı”, “Batan günəş”.
Yeri gəlmişkən M. Rəsulzadə çıxışlarında bir çox şair kimi Yaycılının də şeirlərinə böyük önəm verib. O, “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında Yaycılı haqqında yazıb: “Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik… Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaq ikən yaşadığı faciələrlə duyduğu iztirab bu içli şairi həsrət və iztirab hisləri ilə canlandırıb. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şeirindən görürük”.
Kərim bəy, Rəsulzadənin vəfatının ildönümü münasibətilə də bir şeir qələmə alıb.
K. Yaycılı azərbaycanlı mühacirlərin birlik çərçivəsində fəaliyyət göstərmələri üçün xüsusi cəhd göstərən insanlardan olub. İstər “Azərbaycan” dərgisində, istərsə də rəhbəri olduğu “Türk birliyi” jurnalındakı yazılarında bu mövzuya dəfələrlə toxunub. “Azərbaycan”da qələmə aldığı “Öz özümüzü tanıyaq” adlı məqaləsində yazıb: “... Azərbaycanın məsud və qara günərində dəxi bir-birimizdən ayrı və uzaq qalmaqdayıq...”.
Bir müddət mühacir Əbdülvahab Yurdsevərlə münaqişə edən Kərim bəy onun vəfatı münasibətilə “Qalmasın o matəm gözlərində” adlı şeir və məqalə yazıb. Yaycılı ömrü sürgün və mühacirətdə keçmiş Əbdülvahab bəyə bu şəkildə qiymət verib: “Mərhum ölümünün tarixini əvvəlcədən bilsəydi, dərginin gələcək bir çox sayının baş yazılarını hazırlayar və çapa buraxardı”.
Yaycılı Cümhuriyyət tələbəsi, Azərbaycan Kültür Dərnəyinin ilk sədri Həmid Atamanın vəfatı münasibətilə də “Qürbətdə” adlı şeir qələmə alıb.
“Kuzey Kafkasya” dərgisinin 1974-cü ildə çıxan 23-cü sayında “Şamilin məzarında” şeiri dərc olunub. Eləcə də “Türk dünyası” dərgisində Yaycılının “Şamilin məzarında”, “Onu mən yaxacağam”, “Ay balam”, “Qürbətdə” kimi şeirləri çıxıb.
Yaycılının “Türk birliyi”
1966-cı ildə Kərim Yaycılı “Türk birliyi” adlı jurnal təsis edib. “Anadolu, Qafqaz, Azərbaycan türklüyünün səsi” şüarı ilə Ankarada aylıq çıxan jurnalın ilk sayı 1966-cı ilin aprelində işıq üzü görüb. Jurnalın məsul müdiri Feridun O. Kuraner olub. Dərginin sonuncu sayı 1972-ci ildə çıxan 72-73-cü qoşasay olub. Jurnalda şairin onlarla şeiri, məqalələri və xatirələri dərc olunub. Dərginin ilk sayında onun 1937-ci ildə qələmə aldığı “Bir qatar yolçuluğu” adlı qısa essesi çıxıb. Eləcə də dərgidə Yaycılının dörd hissəli “İstanbuldan Ağrı ətəklərinə” adlı xatirələri verilib. Xatirələr şairin xəstəliyi səbəbindən 1931-ci ildə Maltepe hərbi liseyindən ayrıldığı gündən başlayır. İki həftə davam edən qatar səyahətindən sonra o, öz kəndinə gedir, 8 ildir görmədiyi qardaşı ilə görüşür. 1932-ci ilin fevralında o, Qarakösə təhsil müdirliyindən aldığı teleqramdan sonra oraya doğru yola düşür, bir müddət müəllimlik edir. Daha sonra Ərzuruma doğru yola düşür...
Təəssüf ki, 1936-cı ildə İstanbulda qələmə alınan bu xatirələr geniş deyildir.
Yaycılının “Türk birliyi”ndə “Bir mühacirət hekayəsi” başlığı ilə “Hacı Tağı” adlı hekayəsi də dərc olunub. Dərginin ikinci sayında qələmə aldığı “Acı bir gerçək” adlı məqalədən bəlli olur ki, o, Müsavat Firqəsinin də üzvü olub.
K.Yaycılı 13 iyul 1979-cu ildə infarkt nəticəsində vəfat edib. 16 iyulda teatrda sənətçilərin, dostlarının iştirakı ilə vida mərasimi keçirilib. Nəşi Iğdıra aparılaraq orada dəfn edilib.
“Azərbaycan” dərgisinin 1979-cu ildə çap olunan 231-ci sayında onun xatirəsinə yazılar həsr edilib. Feyzi Aküzüm onun haqqında qələmə aldığı yazısında şairin xəstəliyi ilə bağlı bu bilgiləri verib:
“O, 66 illik həyatının 36 ilini xəstə, yerimə qabiliyyətindən məhrum keçirməsinə rəğmən heç kimsəyə nəsib olmayan böyük bir əzm və iradə ilə həyat gücünü itirməmiş, həyatı sevmiş və ona bağlanmasını bilmişdir... Mən Kərim Yaycılı haqqında 1936-cı ildə orta məktəb şagirdi ikən eşitmiş, M. Rəsulzadənin milli Azərbaycan mübarizəsinin nəşri olaraq Almaniyada çıxardığı “Qurtuluş” jurnalında dərc etdiyi vətəni və milli şeirləri ilə tanımışdım. İlk görüşümüz isə 1941-ci ildə 29 oktyabr Cümhuriyyət Bayramına qatılmaq üçün Qars liseyindən izçi olaraq Ankaraya gəlişimizdə oldu. Kərim Yaycılını havaçı uniformasıyla üst teymən rütbəsində gördüm. Ehtiyatda olan zabit kimi ikinci əsgərliyini edirdi. Onunla bu səyahətimiz əsnasında xeyli danışmaq, dərdləşmək imkanımız oldu. Təəssüf ki, ikinci görüşümüzdə Kərim Yaycılını yataqda gördüm. O, amansız bir xəstəliyin qədrinə qurban olmuş, yerimə və dolaşma qabiliyyətini itirmişdi. Həkimlərin diqqəti, Amerika və Avropada müxtəlif vaxtlarda aldığı müalicələr nəticə verməyincə o da qədərinə boyun əyərək həyatına davam etməyə qeyrət göstərmək məcburiyyətində olmuşdu”.
Aküzüm Kərim bəyin dövlət opera və teatrında çalışdığını, vəfatına qədər Azərbaycan Kültür Dərnəyinin məclis üzvü olduğunu yazıb.
K. Yaycılının M. Rəsulzadənin də sevdiyi Araz çayına xitab şeirini təqdim edirik:
Araza
Suyundan son ayrılıq damlasını içərkən,
Tutuşmuş bir od kimi bağrımı yaxdın, Aras!
Birər qan damlasıydı gözlərimdə birikən,
Çox acı xatirəylə könlümə axdın, Aras!
Nədən bulandı suyun, neçin qurudun böylə?
Ey, ruhuma aşina gözəl Arazım söylə?
Söylə, büllur suların nədən böylə bulandı:
Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz!
Mor çiçəkli dağların artıq başları qarmı?
Araz, yenə suların köyümüzdən axarmı?
Ağlayan sevgilidən, dostdan xəbərin varmı?
Səndə mi könlümüzü susuz buraxdın, Araz?!...
Ayrılarkən yolumuz cənnətdən cəhənnəmə,
Bari son salamımı aparsaydın annəmə,
Ağladım yad ellərin qürbət axşamlarında,
Ruhuma çox yaxınkən gözdən iraqdın, Araz!