11 Avqust 18:23
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

1920-ci ildə Rusiyanın Azərbaycanı işğalından sonra Türkiyə, Fransa, Almaniya kimi ölkələr başda olmaqla azərbaycanlı mühacirlər bir sıra Avropa dövlətlərində istiqlal mübarizəsini davam etdiriblər.

Bu mücadiləyə Türkiyə Cümhuriyyətinin Qars şəhərində, eləcə də o vaxtlar onun qəsəbəsi sayılan Iğdırda yaşamış Azərbaycan əsilli şəxslər də qatılıblar. Ötən yazılarımızda Aküzüm və Qaraca ailəsindən bəhs etmişdik. Bu dəfə isə öz şeirləri və çap etdiyi “Türk birliyi” jurnalı ilə Azərbaycanın haqq səsinin yayılmasına xidmət edən ığdırlı şair Kərim Yaycılıdan bəhs edəcəyik.

Ordudan müəllimliyə

Soyadı Alxan olan şair Kərim Yaycılı 1913-cü ildə Iğdırda Hacı Abdullah Əfəndinin ailəsində doğulub. Uşaqlığı Birinci Dünya müharibəsi dönəminə təsadüf edib, rus və ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi qətliamlara şahid olub.

Bu faciəli səhnələrlə böyüyən şair zabit olaraq vətəninə xidmət etmək istəyib, lakin ciyərlərindəki narahatlığa görə 1931-ci ildə ordudan kənarlaşdırılıb. Ona görə də 1934-cü ilə qədər Qarakösə, Qaraqoyunlu və Ərzurum ibtidai məktəblərində müəllimlik edib.

Həmin il Ərzurum liseyinin ədəbiyyat bölməsindən məzun olaraq ehtiyatda olan zabit kimi hərbi xidmətdə yer alıb. 1937-ci ildə tərxis olduqdan sonra Ankaraya gələrək Dil, tarix və coğrafiya fakültəsində “Türk dili və ədəbiyyatı” bölümünə daxil olub. 1940-cı ildə İkinci Dünya müharibəsinin başlaması ilə yenidən hərbi xidmətə çağırılıb, lakin iki il davam edən ağır xidmət dönəmində yenə xəstələnib, tərxisdən sonra fakültədəki dərslərə davam etməsi imkansız olub.

Qurtuluş” səhifələrində. Əhməd Cavada nəzirə

Iğdırlı şairin Azərbaycan siyasi mühacirətinin təmsilçiləri ilə əlaqə qurması 1930-cu illərə təsadüf edir. Məhəmmədəmin Rəsulzadənin 1934-1939-cu illərdə Berlində nəşr etdiyi “Qurtuluş” jurnalında onun şeirləri işıq üzü görüb.

Dərginin 1937-ci ildə çıxan 33-34-cü qoşasayında Yaycılının “Araza” (şeirin tarixi: 04.12.1936) adlı şeiri dərc olunub. Həmin il çıxan 36-cı sayında “Yurd üçün” (şeirin tarixi: 10.04.1937), 1938-ci ildə çıxan 41-ci sayında “Bükülməz biləyimiz”, 43-cü sayında “Gəncliyə”, “Onu mən yaxacağam” (şeirin tarixi: 07.12.1937), 45-46-cı qoşasayında “Gözəlim Gəncə”, 49-cu sayında “Müqəddəs axın”, (1939-cu ildə çıxan 54-cü sayında “Xəzər ağlayır”, 55-ci sayında “Böyük ümidlər”, 56-57-ci qoşasayında isə “Göygöl” şeiri verilib. Bu jurnalda çıxmış iki şeirin mətnini təqdim edirik:

Xəzər ağlayır

Nə dərin bir məlal sarmış hər yeri
Fəğanlar duyulur yaşıl bağlardan
Zəncirə vurulmuş yurdun ərləri
Çobanlar sürülmüş qarlı dağlardan.

Gümüş dərələr çağlamaz olmuş,
Quşlar köç eyləmiş özgə diyara
Analar, gənc qızlar, saçını yolmuş
Qəlblərdə açılmış dərin bir yara.

Üfqində əsiyor matəm havası
Yurdundan qovulmuş Azər ağlayır
Bir qətilgah olmuş indi orası
Qanlara boyanmış Xəzər ağlayır.

***
Göygöl

(Nəzirə)

Duydum ki, çiçəklər boynunu bükmüş,
Yurdumu düşmənlər saralı, Göygöl.
Səni sevənlərin dərdi böyükmüş,
Qoluna zənciri vuralı, Göygöl.

Ətrafın qan izi, hər yanda fəğan
İgidlər həp olmuş yoluna qurban
Nə Qafqaz gülərmiş, nə Azərbaycan
Başlamış taleyin zavalı, Göygöl.

O yaşıl gözlərin dalmış məlala
Türk olan hər ürək ağlar bu hala
Tanrıya ulaşan həzin suala
Almadın bir cavab soralı, Göygöl.

Kimsəsiz ruhunu qaplamış sızı
Silinmiş yolundan son ayaq izi
Vəfalı bülbül də unutmuş bizi
Qalmamış dağların maralı, Göygöl.

Dönmüş o aləmlər bir qara günə
Sürülər dağılmış yollar üstünə
Dağlar həsrət çəkir əski türkünə
Çobanlar qavalı qıralı, Göygöl.

Nəşədən əsər yox, yaslıymış başın
Tarixdən səs alıb inlərmiş daşın
Dedilər: Cavad da olmuş yoldaşın
O damı mənim tək yaralı, Göygöl.

Aşiqin bir şair olsa qolaydı
Suyunda titrəşən günəşlə aydı
Səni sevən şair dostum olaydı
Olursa olsun qoy haralı, Göygöl.

Alnından öpdümü yanan dodağı?
Eşqinə şahiddir yurdun hər dağı
Sinəmiz qoy olsun onun otağı
Könüllər şeirini duyalı, Göygöl.

Ağlayıb döşünə gözyaşı töküm
Səni xilas etmək yeganə ülküm
Unutmam, həşr edək mən ki bir türküm
Nə çıxar qaldıysaq aralı, Göygöl.

Azərbaycan Kültür Dərnəyində

Azərbaycan siyasi mühacirətinin Ankara dövründə Kərim Yaycılı daha aktiv fəaliyyət göstərib. O, M. Rəsulzadənin fəxri sədri olduğu, 1949-cu ildə Ankarada qurulan Azərbaycan Kültür Dərnəyi ilə yaxın münasibətlər qurub, idarə heyətində təmsil olunub. 1950-ci ilin oktyabrında o, dərnəkdə “Azərbaycan ədəbiyyatından nümunələr” mövzusunda mühazirə oxuyub.

K. Yaycılının şeirləri mühacirətdəki gənc azərbaycanlıların da diqqət mərkəzində olub. 11 sentyabr 1962-ci ildə Azərbaycan Gənclik Dərnəyində Lalə Aran “Kərim Yaycılının şəxsiyyəti və əsərləri” mövzusunda mühazirə oxuyub. 1966-cı ildə Azərbaycanı Tanıtma Dərnəyinin Ankarada çıxartdığı “Azərbaycan Balosu” adlı broşurada Yaycılının “Göygöl” şeiri verilib. Yenə bu dərnəyin 1968-ci ildə nəşr etdiyi “Azərbaycan gecəsi” broşurasında şairin “Azərbaycana”, 1970-ci ildə çıxartdığı “Azərbaycan balosu” broşurasında isə “Gözəlim Gəncə” şeirləri dərc edilib.
1962-ci ildə Ankarada “Doğuş” mətbəəsində Kərim Yaycılının “Anadolu, Qafqaz, Azərbaycana ərməğan” adlı kitabı işıq üzü görüb. Kitabın içində belə bir qeyd təqdim olunub: “Bu kitabın yeganə və səmimi məqsədi türkü türkə tanıtmaq və sevdirməkdir. Kitab millətçi Atatürk gəncliyinə, qafqazlı və azərbaycanlı qardaşlarımıza ərməğan edilib”.

Kitabın üz səhifəsində üçrəngli Azərbaycan bayrağının təsviri verilib. Kitaba ön sözü isə mühacir Əbdülvahab Yurdsevər yazıb. Yurdsevər şairin şeirləri haqqında bildirib: “Kərim Yaycılının şeirlərində hüzn sevinclə, şikayət qürurla gözəl bir şəkildə uzlaşmaqdadır. Onun hüznü Əhməd Cavadın şeirlərində gördüyümüz o dərin hüznə çox bənzəyir. Bu hüzn Azərbaycanın iki illik şanlı istiqlal həyatından sonra təkrar əsarət boyunduruğu altına düşməsindən irəli gəlir”.

Mühacir Süleyman Təkinər kitab haqqında “Azadlıq radiosu”nda çıxış edib. Sovet İttifaqını Öyrənmə İnstitutunun “Dergi” jurnalında (29-cu say, 1962) kitab haqqında tanıtım məlumatı verilib. Şəxsi arxivimizdəki bu kitabın orijinal bir nüsxəsi müəllifin imzası və ithafı ilədir: “21.03.1962. Kardaşım Nazıma sayğı və sevgilerle”.

Yaycılının bu əsəri üç bölmədən ibarətdir: Birinci bölmə “Anadolu” adlanır, bu hissədə “Türkün böyük matəmi” (Atatürkün ölüm günü yazılıb), “Ərzincan yollarında” (zəlzələ fəlakəti ilə bağlı), “Acı xatirələr”, “Arazlı qız”, “Durnalar”, “Hədəfimiz”, “Gəl, sevgilim, qaçalım”, “Araza”, “İğdır marşı” (musiqisi Nazım Ülgen), “Şəhid leytenant”, “İğdırın qurtuluşu” şeirləri daxildir. İkinci bölmə “Qafqaz” adlanır, buraya “Məktub”, “Qafqaz barı”, “Hürriyyət yolçuları”, “Böyüyən ümidlər”, “Qürbət şəhidi”, “Azad gəncliyə”, “Onu mən yandıracağam!”, “Qafqaz gülü”, “Qafqaz gecəsi”, “Sahildə”, “Qürbətdə” (mühacir Həmid Atamana ithaf), “Qafqazın üsyanı”, “Şamilin məzarında”, “Ümid günəşi”, “Quşlar”, “Aşıq Kərəmə” şeirləri daxildir. Üçüncü bölmə “Azərbaycan” adlanır, buraya “Azərbaycanın sehr və gözəlliyinə ithaf”, “Azəricə” (Əhməd Qaracaya ithaf), “Dedilər!”, “Azəri gəncinə”, “Qürbətdə”, “Ay balam!”, “Gözəlim Gəncə”, “Gəncliyə”, “Nəyi gözləyirik?”, “Milli vaiz!” (mühacir şair Əli Volkana ithaf), “Aprel axşamında…”, “Müqəddəs axın”, “Bükülməz biləyimiz”, “Yurdum və bayrağım” (mühacir Kərim Odərə ithaf), “Xəzər ağlayır”, “Azərbaycan” (mühacir şair Teymur Atəşliyə ithaf), “Durnalar”, “Xəzərə”, “Qalmasın o matəm gözlərində!” (mühacir Əbdülvahab Yurdsevərə ithaf), “Batan günəş” (Rəsulzadənin ölümü üzərinə), “Alageyik nağılı” (Rəsulzadənin vəfatı ilə bağlı), “Mirzəbala üçün”, “Məhəmməd Əmin bəyin əziz ruhuna”, “Göygöl” (Əhməd Cavada nəzirə) adlı şeirləri, “Hacı Tağı” adlı millətçi bir Qafqaz mühacirinin acınacaqlı həyatı ilə bağlı hekayəsi daxildir.

1966-cı ilin yanvarından etibarən Yaycılı “Azərbaycan” jurnalının ümummüdirliyinə təyin olunub.

1966-cı ilin noyabrında Qars Xalq Evinin “Karseli” adlı dərgisində K. Yaycılının “Acı xatirələr” yazısı və “Iğdırın qurtuluşu” adlı şeiri dərc edilib...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər