Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində baş tutan taktiki-xüsusi təlimdə əsas məqsəd həyəcan siqnalı üzrə fəaliyyət, “fəlakət bölgəsi”nə yürüş, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı fəaliyyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) təlimatlarına əsasən planlanması və icrası sahəsində şəxsi heyətin bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.
Təlim zamanı beynəlxalq idarəetmə sistemlərinin, müasir axtarış-xilasetmə üsul və vasitələrinin tətbiqinə xüsusi diqqət yetirilib. Həmçinin, şərti olaraq təyin olunmuş xarici dövlətin hava limanında beynəlxalq təlimatlara uyğun sərhədkeçmə və gömrük prosedurlarının yerinə yetirilməsi, yardım üçün gələn komandaların qəbul edilməsində zərərçəkən ölkənin yerli fövqəladə hallar orqanına dəstək məqsədilə “Qəbuletmə-Yolasalma Məntəqəsi (RDC)”nin fəaliyyətinin təşkili təmin edilib.
Taktiki-xüsusi təlim zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, Dəstənin yerləşməsi və fəaliyyətinin təşkili üçün əməliyyat bazasının qurulması, gecə və gündüz saatlarında dağıntılar altından və hündürlükdən xilasetmə, logistika əməliyyatları, ilkin tibbi yardım və tibbi təxliyə prosedurları uğurla icra edilib, əməliyyatlar zamanı növbəli iş rejiminin təşkilinə, həyat və sağlamlığın qorunmasına, təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət təmin edilib.
Bundan əlavə, əməliyatlara cəlb olunan qüvvə və vasitələrin effektiv koordinasiyasının təmin olunması məqsədilə “Şəhər Axtarış-xilasetmə Koordinasiya Mərkəzinin (UCC)” fəaliyyəti təşkil edilib, idarəetmə heyətinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.