16 Sentyabr 10:47
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, qarşıdan Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunduğu 20 sentyabr gəlir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunması Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması qədər, bəlkə də, daha artıq siyasi və tarixi əhəmiyyətə malikdir. Zaman keçdikcə bir xalq olaraq nə qədər böyük uğura imza atdığımızın daha çox fərqində olacağıq. Ona görə Milli Məclisdə təklif vermişdim ki, 20 Sentyabr Azərbaycanda bayram günü kimi qeyd olunsun. 20 Sentyabr həm də ona görə bayram günü kimi qeyd olunmalıdır ki, həmin gün mərhum prezident Heydər Əliyev 8 ölkənin 13 məşhur neft şirkəti ilə 7.7 milyard dollar dəyərində, xalqımızın həyatında böyük dəyişikliklərə, uğurlara yol açacaq “Əsrin müqaviləsi”ni imzaladı.

- Bakının işğaldan azad olunması da baram günü kimi qeyd olunmalıdırmı?

- Əlbəttə. AXC hakimiyyətə gələn kimi Dağüstü parkda Rəsulzadənin (harda ki, vaxtilə Kirovun heykəli ucaldılmışdı), Bakının azad olunmasında iştirak etmiş türk əsgərlərinin xatirəsinə qoyulmuş abidənin yanında isə Nuru Paşannın heykəlinin ucaldılması barədə sərəncamlar imzalanmalı,15 sentyabr bayram günü elan olunmalı idi. Çünki bunlar həmin şəxslərdən daha çox özümüzə, həm də tariximizə verdiyimiz qiymət olardı. Təəssüf ki, Şah İsmayıla heykəl qoysaq da onlar yaddan çıxdı. Vaxtın çatmaması barədə deyilənlər isə cəfəngiyyatdan başqa bir şey deyil. Həmin sərəncamların hazırlanmasına bir saat vaxt bəs edərdi. Təəssüf ki, zamanında bütün bunlar Elçibəy komandasının hazırlıqsızlığı ucbatından baş vermədi. Amma gec də olsa indi bu addımlar atılmalıdır.

- AXCP sədrinin həbs olunacağı barədə deyilənlərə də münasibətiniz maraqlı olardı...

- Bilirsiniz, Qərbdəki müəyyən dairələr ondan hökumətə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Onlar istəyirdilər ki, o seçkilərə qatılıb nöqsanlar tapsın. O da bunu etmədiyi üçün onun Qərbdəki “dost”ları sığınacaq verib bəslədikləri bəzi bloqerləri onun üstünə saldılar. Hökumət görəndə ki, o “nüfuz”unu tam itirir, bu məsələ çıxdı ortaya. Hakimiyyət onun sistemdən kənar “ana” müxalifət statusunu təmin etmək üçün çox “əziyyət” çəkib. Bu iqtidar durduqca o da indiki statusunu qoruyub saxlayacaq və bununla öyünməkdə davam edə bilər (gülür).

- Qüdrət bəy, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın Rusiyadan tam asılı vəziyyətə düşməsi barədə aparılan kampaniya barədə barədə nə deyə bilərsiniz?

-İlham Əliyev xarici siyasətdə Azərbaycanın maraqları nəyi tələb edirsə onu da edir. Hazırda Rusiya bizdən daha çox asılıdır. Biz heç vaxt beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxmamışıq. Dostlarımızı isə onlar haqlı olanda müdafiə etmişik. İlham Rəhimovdan fərqli olaraq əminliklə deyirəm ki, torpaqlarımızın işğaldan azad olunmasında Rusiyanın neytrallığı onun sıralamasına görə 5-ci yox, birinci yerdə dayanır ki, buna da İlham Əliyev uğurlu xarici siyasəti ilə nail ola bildi. Bu qətiyyən digər faktorların, Ali Baş komandanın və Ordumuzun xidmətlərini kiçiltmir, Türkiyənin, Pakistanın verdiyi dəstəyin əhəmiyyətini azaltmır.
Azərbaycanın həyati mənafeləri tələb edir ki, qonşuları ilə yaxın münasibətdə olsun. Düzdür, İrana dost olmaq üçün uzatdığımız əlimizi onlar bəzən dişləyir. Bu gün, İran bizə münasibətdə dost olmayan siyasət yürütsə də inanıram ki, zamanla Rusiya ilə olduğu kimi İranla da münasibətlərimiz düzələcək və onlarla da Türkiyə və Rusiya ilə olduğu kimi müttəfiqlik münasibətlərinə dair saziş imzalayacaq, daha sıx inteqrasiya olunacağıq. 22-24 oktyabrda Kazanda BRİCS-in sammiti keçiriləcək. Orada İlham Əliyevin imkanı olacaq ki, İran prezidenti Pezeşkianla görüşsün və bir çox məsələləri həll etsin. Pezeşkian Azərbaycan türklərinin öz ana dilində təhsil almaq hüququnun təmin olunması istiqamətində çalışır. Biz onlar üçün müəllimlər hazırlaya və dərsliklər çap edə bilərik. Zaman-zaman mən və həmkarlarım Milli Məclisdə məsələ qaldırıb ki, hər il İrandan 1000 (min) nəfər gəncin ölkəmizin ali məktəblərində pulsuz təhsil almasını təmin edək. Çox istərdim ki, bu məsələ də öz həllini tapsın.

- Sonuncu sualımız. Qərbin Türkiyəyə təsirinin artması ilə Türkiyənin Azərbaycana münasibəti dəyişə bilərmi?

- Birinci Qarabağ savaşından sonra gözümüz qorxub. Amma dövr dəyişib, Türkiyə güclənib. İndi onu Azərbaycana xəyanət etməyə heç kim məcbur edə bilməz. Biz Türkiyə ilə təbii müttəfiqik. Bununla yanaşı, Ərdoğanla Əliyevi dostluq münasibətləri bağlayır. Azərbaycan və Türkiyə daha sıx inteqrasiya olunmaq istiqamətində qətiyyətli addımlar atmalıdırlar. Bu istiqamətdə ilk əhəmiyyətli addım ümumi bazarın yaradılması ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər