“Azəriqaz” İstehsalat Birliyində istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə “qaynar xətt” xidməti təkmilləşdirilərək, müştəri xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
Teleqraf.com-un məlumatına görə, bu, yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Belə ki, abonentlər bundan sonra 104 və 185 nömrəli “qaynar xətt”lərə zəng vuraraq səsli menyunun koməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər. Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılmış və lazımi materiallarla təmin olunmuşdur. Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.
Naibə QURBANOVA