Prezident İlham Əliyevin göstəriş və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq martın 10-da təhsil naziri Mikayıl Cabbarov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul edib.
Nazirliyin şöbə rəislərinin, rayonların təhsil şöbələri müdirlərinin və müavinlərin iştirak etdikləri qəbulda cənub bölgəsindən olan 50-dək vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər əsasən işə qəbul, xaricdə təhsil, məktəblərin təmiri, iş yerlərinin dəyişdirilməsi, təhsil haqqı, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsildə yeniliklərin tətbiqi ilə bağlı olub.
Nazir Mikayıl Cabbarov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətinə aid olmayan digər müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.