19 May 2014 14:04
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Braziliya Azərbaycanın gömrük sahəsində qabaqcıl yer tutduğunu hər zaman vurğulayıb. Mən ölkənizə səfərimi Braziliya ilə Azərbaycan arasında uzun bir əməkdaşlıq yolunun başlanğıcı kimi görürəm”.

Terlqraf.com-un məlumatına görə, bunu bu gün Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşündə Braziliya Gəlirlər İdarəsinin Gömrük xidmətinin direktoru Ernani Çikuçi bildirib. O, Aydın Əliyevi Braziliyaya səfərə dəvət edib.

Aydın Əliyev isə bildirib ki, Azərbaycan gömrük sahəsində Braziliya əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır: “Ötən ay Azərbaycan dost Mərakeş ölkəsində gömrük mədəni irsinin sərgisini keçirib bu sərgidə özünün mədəniyyətini sərgiləyib. Arzu edərdik ki, Braziliyada da belə bir sərgi keçirilsin. Düşünürəm ki, bu, ölkələrimizin daha da yaxınlaşmasına növbəti bir addım olar”.

Ernani Çikuçinin Azərbaycana səfəri mayın 21-23-də Bakıda Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi ilə birgə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş ilk konfransın keçirilməsi ilə bağlıdır.

Səfər zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda qonaq yerli gömrük orqanları, gömrük hospitalı, Risklərin İdarəolunması Mərkəzi və gömrük orqanlarının strukturuna daxil olan digər departament və idarələrlə tanış olacaq. Artıq konfransda 64 ölkənin 200 qədər nümayəndəsi qeydiyyatdan keçib. Konfrans zamanı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı iştirak edəcək.

Həmçinin gömrük sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış edəcəklər. Konfransın əsas mövzusu Bali sazişindən, yəni ticarətin asanlaşmasından sonra gömrük orqanlarının rolundan ibarətdir.

Naibə


Müəllif: