Bu gün (aprelin 1-i) Avropa Müstəqil Akkreditasiya Agentliyinin (ASIIN) ekspertləri (ADNA) Tempus beynəlxalq proqramının akkreditasiyasını keçirmək üçün Azərbaycan Dövlət Neft Akademiyasında olublar.
ADNA mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, artıq 3 ildir ki, Avropa Birliyinin qrantı əsasında ADNA-da “elektrotexnika mühəndisliyi”, “avtomatlaşdırma mühəndisliyi” və “enerji-menecment magistraturası ixtisasları üzrə tədris aparılır.
ADNA-nın Avropa təhsil məkanına inteqrasiyasında tempus layihəsinin rolu böyükdür. 2013-cü ildən başlayaraq ADNA-da, eləcə də Azərbaycan Texniki Universitetində və Sumqayıt Dövlət Universitetində yaradılan pilot xarakterli bu qurum ölkəmizdə texniki təhsilin Bolonya prosesinə uyğunlaşması yollarını göstərməyi nəzərdə tutur. Ali məktəbimizin professor-müəllim heyətinin TEMPUS proqramı üzrə layihələrdə iştirakı onların elmi-pedaqoji potensialının artmasına, böyük təcrübə əldə etmələrinə zəmin yaradır. Belə layihələrin həyata keçirilməsi Azərbaycan ali məktəblərinin Avropa təhsil məkanına inteqrasiyasında və Bolonya prosesinə qoşulmasında böyük təcrübə əldə etməyə imkan verir.
Bu proqramının yerinə yetirilməsi Azərbaycan təhsilinin dünyaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsini və əməkdaşlığın inkişafını əsas tutur. Burada Azərbaycanın təhsil sistemindəki islahatlar Proqramına əsasən Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi öz əksini tapır.
Sevil HİLALQIZI