4 Aprel 2015 00:20
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu diplom 80-dən çox ölkədə tanınır”

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında xüsusi diqqət ayrılan məsələlərdən biri də beynəlxalq təcrübə və mütərəqqi xarici modellərin ölkəmizdə tətbiqidir.

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) sənədin bu müddəasını əsas tutaraq iqtisadiyyat yönümlü ali məktəblər arasında dünyanın qabaqcıl univeristeti olan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Əldə olunan razılığa əsasən, azərbaycanlı tələbələr Avropanın ən nüfuzlu iqtisadiyyat məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək hüququ qazanacaq.

Aprelin 3-də ADİU-da iki təhsil müəssisəsi arasında razılaşma memorandumunun imzalanma mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, dövlət qurumları və ali təhsil qurumlarının nümayəndələri, eləcə də LSE-nin təmsilçiləri iştirak edib.

Əməkdaşlığın yaratdığı imkanlar

Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.

Oeyd olunan əməkdaşlıq tədris və təlim xidmətləri dünyanın nüfuzlu “Pearson” şirkətinin Oxbridge Educational Services (OES) təşkilatı tərəfindən dəstəklənir ki, tədbirdə bu təşkilatın rəhbəri Keyt Şarp da iştirak edib.

Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri keçiriləcək.

LCCİ proqramı əsasında təhsil alan tələbələr London İqtisadiyyat Məktəbinin bütün imkanlarından yararlana biləcəklər.

Məzunlar 80-dən çox ölkədə işləmək imkanı qazanacaq

ADİU rektoru Ədalət Muradov tədbirdə bildirib ki, ikitərəfli layihə tələbələrimizin dünya əmək bazarında rəqabət qabiliyyətli kadr kimi yetişməsində mühüm əhəmiyyət kəsb edəcək. Əməkdaşlıq dünya çapında kadrların hazırlanmasına imkan yaradacaq: “Azərbaycanı tərk etmədən tələbələrimiz London İqtisadiyyat Məktəbinin diplomunu ala biləcək. Bu da o deməkdir ki, İqtisadiyyat Universitetinin tələbələri London kurrikulium tədrisi alacaq və həmin ali məktəbin professorlarından da yararlanmaq imkanı əldə edəcək.

Bununla yanaşı, biz hazırlıq proqramına da qoşuluruq. Bütün bunlar isə məzunlarımıza 80-dən çox ölkədə iş əldə etmək imkanı verəcək. Universitetin I kursunu başa vuran, orta balı 80-dən yuxarı olan tələbələr London Universitetinin hazırlıq proqramını keçmədən ali məktəbə daxil olacaq. Universitetimizin müəllimləri London İqtisadiyyat Məktəbində dərs demək imkanı əldə edəcək.

Qürurla deyə bilərik ki, bizim ali məktəbin müəllimlərinin bu imkanları var. Təkcə bir il ərzində Avropa və Kanadanın məşhur ali məktəblərini bitirmiş 60-dan çox gənci ali məktəbimizə dərs keçməyə dəvət etmişik. Onlardan ikisi London İqtisad Universitetinin məzunudur”.

Nazir müavini: “Saziş universitetin nüfuzunda önəmli rol oynayacaq”

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında bildirib ki, Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartlara adaptasiyası istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən layihələr Təhsil Nazirliyi tərəfindən hər zaman dəstəklənir: “Azərbaycan Dövlət İqtisad Universitetində imzalanan saziş bu ali məktəbin nüfuzuna önəmli tövhə verəcək. Bu proqrama təkcə xarici kadrların deyil, yerli mütəxəssislərin də cəlb edilməsi onun önəmini bir daha göstərmiş olur”.

Ceyhun Bayramov bildirib ki, bu il “Xaricdə Təhsil” Dövlət Proqramı üçün nəzərdə tutulmuş vaxt başa çatır. Proqram çərçivəsində bu vaxta qədər 3185 nəfər xaricdə təhsil alıb: “Sazişi imzalanan bu proqram da yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcək”.

“Bizdə dini, irqi, milli ayrı-seçkilik yoxdur...”

OES təşkilatının rəhbəri Keyt Şarp məruzə ilə çıxış edib. O, London İqtisadiyyat Məktəbindəki tədris prosesi, razılaşmanın detalları və gələcək perspektivlər barədə danışıb. Bildirib ki, LSE Londonda qurulmuş 3-cü universitetdir və yeganə ali məktəbdir ki, qəbul zamanı heç bir dini, irqi, milli ayrı-seçkiliyə önəm vermir: “Bizim ən böyük LCCİ proqramımız üzrə 23 min tələbə oxuyur. Tələbələrin 80 faizi dünyanın müxtəlif ölkələrində təhsil alır. Hazırda bu proqram üzrə təhsil alan xaricilər arasında birinci yeri Sinqapur tutur. Gələcəkdə Azərbaycanın da ilk sıralarda olmasını arzulayıram. LCCİ proqramı üzrə dünyanın bir sıra Nobel mükafatçıları, həm də prezidentlər bitirib. Bu proqram həm də tələbələrə bir neçə fakültə üzrə təhsil imkanı yaradılır”.

Memorandum sənədini ADİU-nun rektoru və OES-in rəhbəri imzalayıb.

Memoranduma əsasən London İqtisadiyyat Məktəbinin 3 illik proqramına qoşulacaq tələbələr Azərbaycanda LSE-nin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək hüququ qazanacaq. LSE-nin mövcud kurrikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris olunacaq.

5 milyon nəşri olan elektron kitabxana tələbələrin ixtiyarında

Proqram üzrə dərslər bütövlükdə ingilis dilində aparılacaq, LSE-nin dərsliklərindən və tədris vəsaitlərindən istifadə olunacaq. Tələbələr 5 milyonluq nəşr kolleksiyası ilə iqtisadiyyat sahəsində dünyanın ən böyük kitabxanası olan LSE-nin elektron kitabxanasından tamhüquqlu istifadə imkanı əldə edəcək.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər.

Əlavə olaraq, razılaşma çərçivəsində ADİU-da Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI (London Chamber of Commerce & Industry) təlimləri də təşkil olunacaq. Biznesin müxtəlif sahələri (mühasibat uçotu, biznesin idarəedilməsi və biznes ingilis dili) üzrə sertifikat təlim proqramları təqdim edən LCCI, dünyanın qabaqcıl unversitetləri və şirkətləri tərəfindən tanınır, işə qəbul zamanı mühüm göstərici kimi nəzərə alınır.

Sevil HİLALQIZI


Müəllif: