10 Aprel 2015 16:28
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli QHT Forumunun təşkilati dəstəyi ilə tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın müəllifi olduğu ingilis dilində “Turk refugees (1914-1918th years)” (“Türk qaçqınları (1914-1918-ci illər)”) adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni kitabın müəllifi Nüşabə Məmmədovaya tarixçi kimi bu işləri araşdırmasına və belə bir kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən kitabın müəllifi tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verib. O, bildirib ki, Kitab 2012-ci ildə Estoniyanın Tallinn şəhərində, Azərbaycan-Estoniya Elmi Araşdırmalar Mərkəzinin dəstəyi ilə ingilis dilində nəşr olunub: “Elmi əsərdə I Dünya müharibəsinin başlanması ilə əlaqədar Şimali Azərbaycan ərazisində həyata keçirilən ilkin tədbirlər, hərbi xəstəxanaların təşkili, Azərbaycan ziyalılarının Qars vilayətində türk qaçqınları barədə məlumatların toplanması üçün əraziyə göndərilməsi və ilkin yardımlar, türk qaçqınlarına “Qardaş köməyi” layihəsinin təşkili, Azərbaycan ərazisində türk qaçqınlarına yardım məqsədilə yerli komitələrin təşkili, türk əsir zabitlərinin Nargin adasında qaçırılması və digər məsələlər araşdırılıb”.

Tədbirdə çıxış edən MQF-nin İdarə Heyətinin sədr müavinləri Qorxmaz İbrahimli, İradə Rizazadə və digərləri öz çıxışlarında türk qaçqınları və eləcə də ermənilərin törətdiyi soyqırımlarla bağlı tarixi faktların araşdırılmasını tədqirəlayiq hesab etdiklərini bildiriblər. Bu kimi elmi araşdırmaların, tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu vurğulayıblar. Tədbir iştirakçıları həmçinin, tarixi faktları özündə əks etdirən bu cür nəşrlərin türk dünyasına və eləcə də Azərbaycan həqiqətlərinin araşdırılmasına yönələn işlərə böyük qatqı verəcəyini qeyd ediblər.

Sonda, kitabın, çoxaldılaraq xaricdə fəaliyyət göstərən universitetlərin kitabxanalarına, diaspor təşkilatlarına verilməsi, tarixi faktların araşdırılmasına yönələn saytlara elektron kitab kimi daxil edilməsi təklif edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər