10 Aprel 2015 20:15
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, belaruslu Anatoli Davidoviçin anadan olmasının 50 illiyi ərəfəsində Gəncədə küçələrdən birinə onun adı verilib.

Bu münasibətlə aprelin 10-da şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani qəhrəmanın ömür yolundan söz açıb. Bildirib ki, 1965-ci ildə Belarusun Minsk vilayətinin Slutsk şəhərində dünyaya göz açan Anatoli heç vaxt ağlına belə gətirməzdi ki, nə vaxtsa Azərbaycanın Milli Qəhrəmanı olacaq. 1989-cu ildə sovet ordusunun Gəncədəki alayında xidmət edərkən erməni silahlı qüvvələrinin Azərbaycanda törətdikləri faciələrə göz yuma bilməyən Anatoli 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə keçib və bir sıra döyüşlərdə iştirak edib. Lakin Ağdam istiqamətində düşmənin hücumlarının qarşısını alarkən Anatoli Davidoviç ağır yaralanaraq, iyinin 13-də vəfat edib. Onun cənazəsi doğulub boya-başa çatdığı Belarusa aparılaraq, Slutsk qəbiristanlığında dəfn edilib.

Sonra mərasim iştirakçılarının alqış sədaları altında Milli Qəhrəmanın adını daşıyacaq küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizdə Milli Qəhrəmanlara, o cümlədən ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Qeyd edib ki, Anatoli Davidoviç əslən belaruslu olsa da, Azərbaycan xalqı onu öz ovladı kimi qəbul edir və bu gün onun adına küçənin verilməsi də məhz bu istəkdən irəli gəlir.

Böyük Vətən müharibəsinin iştirakçısı, Belarusun azad edilməsində fədakarlıq göstərən 95 yaşlı Tofiq Hüseynov, “Novosti Ganca” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Anatolinin vaxtilə Gəncədə xidmət etdiyi hərbi hissənin komandiri, mayor Vüqar Məmmədov Milli Qəhrəmanın göstərdiyi şücaəti beynəlmiləlçiliyə bir nümunə kimi qiymətləndiriblər.

Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Mixayılovna Davidoviç çıxış edərək Anatolinin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Prezidentinə, eləcə də şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasim “Belarus oğlu, Azərbaycan Qəhrəmanı” mahnısının səsləndirilməsi ilə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər