Bakı Slavyan Universitetinin nəzdində Respublikada ilk dəfə olaraq 2007-ci ildən Yaradıcılq fakültəsi fəaliyyətə başlayıb.
Fakültənin yaradılması tanınmış yazıçı Kamal Abdullanın adı ilə bağlıdır.
Dekan şair Salam Sarvandır.
Fakültədə Azərbaycanın tanınmış şair və yazıçıları poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid üzrə sənətkarlıq dərsləri aparılır.
Teleqraf.com tələbələrin Yaradıcılıq fakültəsi haqqında fikirlərini təqdim edir.
Mübariz Örən:
“Yaradıcılıq fakültəsi, hər şeydən əvvəl, ocaqdır: işığı, istisi var. Bomonddur: dəyərli müəllimlərin, istedadlı dinləyicilərin yığıldığı elitar klubdur. Gündəlik monotonluqdan, bozluqdan, həm də, qaçaqaç-qovhaqovdan qaçıb rahatlıq, hormoniya tapdığımız küncdür. Hər bir dinləyicinin təfəkküründə, dünyagörüşündə köklü dəyişiklərə - inkişafa səbəb olan elm məbədidir.
Seyran İsmayıl:
“Məncə, bütün məsələlər, nəsnələr və detallar haqqında sərhədsiz düşünə bilmək imkanı Yaradıcılıq fakültəsinin, dinləyicilərə verdiyi ən önəmi cəhətdir”
Cinarə Ömray:
“Yaradıcılıq fakültəsi mənə çox şey öyrədir. Məncə, bu özünü yazılarımda da göstərir. Məsələn, mövzu seçimində, standart olmayan mövzuları bədii mətnə gətirməkdə və s. Mən Əlişirin Şükürlüdən hansısa bir riyazi düstur əsasında bədii mətin qurmaq, Azad müəllimdən nəinki redaktə, Rəhim müəllimdən ilk öncə özümüzün öz yazımıza necə tənqidi yanaşmaq lazım olduğunu, Sayman müəllimdən Şərq ədəbiyyatı öyrənmişəm. Niyazi Mehdinin bir dərsini dinləyib böyük bir hekayə yazmışam. Kamal Abdullanın bir dərsindən 10 romanlıq material götürmək olar. Dekan necə sadə olur, bunu ilk dəfə Salam Sarvanda görmüşəm.
Bu fakültə mənim üçün hər zaman əl çatmaz olan insanları canlı dinləyə bilmək, biliklərindən faydalanmaq şansı verdi. Burada olduğum üçün özümü şanslı sayıram.
Sevil İşıq:
“Yaradıcılıq fakültəsinə gələn vaxtlarımla indiki vəziyyətimi tanıya bilmirəm. Bura gəlməmişdən əvvəl özümü hardasa şairə hiss edirdim və bir kitab müəllifi kimi qürurlanırdım. Amma vaxt keçdikcə şeirlərimə və kitabıma görə xəcalət çəkdim. Şeirlərim çox cılızlaşmışdı. İndi yazdığım şeirlərim isə müəllimlərim və tanınmış şairlər tərəfindən oxunmağa başladı. Bu çox sevindirici haldır.
Dərslərimiz çox maraqlı olur. Bəzən çətinlik çəkdiyimiz dərs də olub, amma qavramağa vaxt lazımdır. Ən sevdiyim dərslərim də var. Çox həvəsliyəm. Gələcəkdə iki fənn üzərində ciddi duracağımı belə düşünürəm. Fakültəmiz bizə dünyagörüşü yeni dostlar, fərqli düşüncələr verdi. Çox şadam ki, Kamal Abdulla, Salam Sarvan, Azad Qaradərəli, Niyazi Mehdi, Rəhim Əliyev, Sayman Aruz kimi müəllimlərimiz var”.
Şəhla Aslan:
“Fakültənin yaradılması və hazırda da fəaliyyət göstərməsini mütərəqqi hadisə hesab edirəm. Zaman keçdikcə şahidi oluruq ki, fakültə öz məzunları ilə ədəbiyyata ciddi imzalar bəxş edir. Fakültənin ədəbiyyata dair digər fakültələrdən fərqi ondadır ki, burada sırf sözünü axtaran, sözə dəyər verən yaradıcı gənclər təhsil alır və dinləyicilərə bu yöndə olduqca vacib hesab olunan fənnlər tədris olunur. Burada peşəkar müəllimlər yazı texnikasını ən xırda detallarını izah edirlər. Fakültədə tez-tez yazıçılarla görüşlər keçirilir, maraqlı polemikalar aparılır. Təbii ki, bütün bunlar dinləyicilərin yaradıcılığında dönüş yarada bilir. Sadəcə, yaradıcılıq prosesi gec hasilə gələn prosesdir. Bu baxımdan nəzərimcə illər ötdükcə fakültənin məzunları arasından Azərbaycan ədəbiyyatı üçün uğurlu yazıçılar çıxa biləcək. Dinləyicilərimiz hazlıqlı, mütaliəli, yüksək erudisiyaya malik gənclərdir. Mütaliəsi güclü olan təbəqənin yaradacağı ədəbiyyata güvənməliyik”.
Xanım Aydın:
“Yaradıcılıq fakültəsi başda Kamal Abdulla olmaqla, bu gün yaradıcı insanların püxtələşməsi üçün böyük bir məktəbdir. Fakültədə yetişməkdə olan yeni nəsil düzgün istiqamətə yönəldilir. Onlar mütaliəli və savadlı olaraq ədəbiyyat sferasına qatılırlar. Məzunları müasir dövr ədəbiyyatımızın gənc nümayəndələridirlər. Yaradıcılıq fakültəsi və orada dərs deyən müəllimlər qiymətsiz bir sərvətdir. İlk dərslərdə müəllimlərimizin "hələ ki, yazmayın, ancaq oxuyun" deməsinin səbəbi əvvəl qəribə gəlsə də, birinci semestr bitdikdən sonra gün kimi aydın oldu. Tərcümə, hekayə və şeirlərimdə gedən yaxşı mənada dəyişikliyi peşəkar müəllimlərim də qeyd edirlər. Bu, mənim üçün böyük uğurdur. Onların tövsiyyəsi, məsləhətləri məni istiqamətləndirir, yazıçılıq istedadımın formalaşmasına yardımçı olur. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dinləyicisi olmağımla fəxr edirəm. Ən yaxşı xanım yazar olmaq iddiası ilə təhsilimi davam etdirir, öz üzərimdə çalışıram”.
Seymur Əhmədzadə:
“Yaradıcılıq fakültəsi mənə öz fikirlərimdə əminlik və şövq verir. Dərslərimiz çox yaxşı keçir. Şəxsən mənim yaradıcılığım deyə bir şey yoxdur. Bu, qismət olsa, gələcəyin işidir. Dərslərimiz yaxşıdır, amma şübhəsiz ki, əsl yaradıcılıq insanın daxilində olmalıdır”.
Ülkər Piriyeva:
“Yaradıcılıq fakültəsi mənə cavabsız suallarıma olduqca dolğun cavablar tapmağıma və eləcə də əmin olmadığım cavablarımı dəqiqləşdirməyimə səbəb oldu. Hətta deyərdim ki, kitablardan belə illərlə oxusaq da əldə edə bilməyəcəyimiz çox şeylərə nail olduq. Dərslər olduqca maraqlıdır. Çünki, Respublikamızın ən savadlı mütəxəssisləri o dərsləri tədris edir. Yaradıcılıq fakültəsinin təməl daşını qoyan, Kamal Abdulla, BSU-nun rektoru Asif Hacılı, dekanımız Salam Sarvan, kulturoloq Niyazi Mehdi, tənqidçi Tehran Əlişanoğlu, Sayman Aruz, Əlişirin Şükürlü, Azad Qaradərəli, Südabə Ağamalıyeva və başqa tanınmış və savadlı simalar bizlərə bu saydığım və saymadığım fənn bilgilərini tədris edirlər. Dərslərdən razı qalmamaq mümkün deyil. Fakültənin yaradıcılığımda rolu böyükdür və gələcəkdə daha yaxşı olacağına inanıram. Bütün müəllimlərimə təşəkkür edirəm”.
Kəramət Böyükçöl