Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının universitet üzrə yekun konserti keçirilib. Konsertdə ADU-nun rektoru, Milli Məclisin deputatı Səməd Seyidov, ADU-nun rəhbər şəxsləri, professor-müəllim və tələbə heyəti, o cümlədən münsiflər heyətinin üzvləri- Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri Təranə Muradova, şair Baba Vəziroğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nailə Mirməmmədli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Samir Cəfərov, Akademik Opera və Balet Teatrının baş rejissoru yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev iştirak ediblər.
Teleqraf.com ADU İctimaiyyətlə əlaqələr Departamentinə istinadla xəbər verir ki, konsert Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə müvafiq qərarı əsasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali məktəb tələbələri arasında keçirilən bədii yaradıcılıq festivalı çərçivəsində baş tutub. Bədii yaradıcılıq festivalının keçirilməsində əsas məqsəd tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Mart ayından başlayaraq keçirilən festivalda ölkəmizin bütün dövlət və qeyri-dövlət ali məktəblərinin tələbələri iştirak edirlər.
Azərbaycan Dillər Universiteti üzrə yekun konsertdə öncə Ümummilli lider Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqa məhəbbətini əks etdirən videoçarx nümayiş olunub.
Konsertdə ADU-nun "Dalğa" rəqs qrupu "Cəngi", "Şalaxo", "Şənlik", "Odlar yurdu" rəqslərini ifa ediblər, universitetin tələbələri Elnur Ağayev sözləri və musiqisi Xanım İsmayılqızının "Dahi", Nigar Qasımova sözləri Rəsul Rza, musiqisi Vasif Adıgözəlovun "Bakı haqqında mahnı", Fatimə Şirəliyeva sözləri M.Ə.Rəsulzadə, musiqisi Zeynab Xanlarovanın "Yaşa, Azərbaycan!", Adnan Süleymanov sözləri Nəbi Xəzri, musiqisi Müslüm Maqomayevin "Azərbaycan", Nərgiz Şərifova, Fatimə Şirəliyeva, Elnarə Həsənova və Nirufət Məmmədova "Poppuri", Elnur Ağayev və Nigar Qasımova "Biz iki dövlət, bir millətik" mahnılarını oxudular, Ülkər Qurbanova pianinoda ifaçıları müşayiət edib. Həmçinin, ADU-nun tələbələri Aysu Kərimova Zəlimxan Yaqubun "Mənim Marşalım", Elnurə Cəfərzadə isə "Səndən sonra", Nərgiz Məmmədova Baba Vəziroğlunun "Bahar oğlu", Röya Məmmədova "Sənin yerin görünür" şeirlərini söyləyiblər. Fransanın Paris Sorbon Universitetində keçirilən "Mədəni mübadilə" adlı festivalda "Qafqazın mirvarisi" adı ilə ölkəmizi və Azərbaycan Dillər Universitetini uğurla təmsil edən universitetin tələbələri festivalda çıxış etdikləri proqramı nümayiş etdirdilər. Sonda konsert proqramı tələbələrin Ümummilli lider Heydər Əliyevin sevdiyi Səməd Vurğunun "Azərbaycan" şeirinin söylənilməsi ilə sona çatıb.
Qeyd edək ki, Münsiflər Heyəti ifaçıların yüksək yaradıcılıq məharəti ilə yanaşı, onların səhnə mədəniyyəti, geyimlərini və s. nəzərə alaraq seçim edəcəklər. Festival qaliblərinin yekun konsertinin isə bu il may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qaliblər Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif ediləcəklər.
NİGAR